Dekabrın 18-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Gənc Alimlər Şurasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliğində təhsil faktoru mövzusunda” elmi seminar keçirilib.
Azərbaycan Respublikası Təhsil Şurasının sədri, professor Əjdər Ağayev müstəqilliyimizin əldə olunmasından sonra həyata keçirilən təhsil siyasəti milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaratdığını bildirib. Qeyd edib ki, xalqımızın əldə etdiyi bu böyük nailiyyət milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin edir. Azərbaycan xalqı azad və suveren dövlət quraraq təhsil islahatları aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır və demokratik ölkələrin təcrübələrindən istifadə edir.
UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova bu mövzunun sosiallaşmamızdakı rolundan danışıb. Ermənilərin hiyləgər və məkrli siyasətinə söykənən yalançı təbliğatına qarşı dövlətçilik ənənəsinin dəyərlərinin aşılanmasının vacibliyini bildirmişdir. Çünki bugünkü tələbələr sabahın idarəediciləri, dövlətimizin gələcəyi, millətimizin milli-mənəvi dəyərlərinin daşıyıcısıdır. Bu cür mükəmməl nəsillərin yetişdirilməsi vəzifəsi isə məhz təhsilin üzərinə düşür. Bu baxımdan müəllimlərin üzərinə böyük məsuliyyət və eyni zamanda şərəfli vəzifə düşür.
Tədbirin sonunda Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarixçi-filoloq, professor Əjdər Ağayev öz kitablarını ədəbiyyatsevərlərə hədiyyə edib.