Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva “Oxu mədəniyyəti” tədbirlər planında yer alan “Gəlin birgə oxuyaq” layihəsi barədə məlumat verib. İlk dəfə keçirilən tədbirin milli nəsrin parlaq simalarından olan Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr edildiyini diqqətə çatdırıb.
Tədbirdə iştirak edən ADPU-nun Azərbaycan dilçilik kafedrasının professoru Həcər Hüseynova Mir Cəlal Paşayevin elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən söz açıb. Ədibin yaradıcılığını tədqiq edən professor onun aforizmlərini səsləndirib, eyni zamanda Mir Cəlal Paşayevə həsr etdiyi “Mir Cəlalın hikmətli kəlamları”, “Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri”(I,II), “Mir Cəlalın aforizmləri” kitablarını UNEC Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə edib.
Dosent Aynur Paşayeva milli nəsrin zənginləşməsində xüsusi rolu olan Mir Cəlal Paşayevin nüfuzlu alim, yorulmaz pedaqoq, unudulmaz müəllim, humanist insan kimi həyat cizgilərindən maraqlı məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra UNEC Yaradıcılıq Mərkəzinin Bədii Qiraət dərnəyinin üzvləri, UNEC-in II kurs tələbələri Əlizamin Əhmədov, Nihat İskəndərli, Rəvan Əliyevin ifasında ədibin “Dənizin cinayəti” şeiri, “Ramazan həsrəti” felyetonu və “İclas qurusu” hekayəsi səsləndirilib.
Ədibin əsərlərinin qiraəti tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
*
https://news.unec.edu.az/xeber/100-elm/10078-unec-de-mir-celal-pashayevin-115-illik-yubileyine-hesr-olunan-gelin-birge-oxuyag-adli-tedbir-kechirilib