Sentyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Oriyentasiya Günü” keçirilib.
Dünya universitetlərində ənənəvi təşkil olunan “Oriyentasiya Günü”nün məqsədi I kurs tələbələrini universitet həyatı ilə tanış etmək və əyləncəli, pozitiv gün yaşatmaqdır.
Universitetin bütün tədris binalarında keçirilən “Oriyentasiya Günü”ndə I kurs tələbələrinə UNEC-in tarixi barədə məlumat verilib. Tədris prosesi, Elektron Universitet Modeli, ikili diplom proqramları və təqaüd imkanlarından söz açılıb, məlumat vərəqələri paylanıb. UNEC könüllülərindən ibarət məlumat və bələdçi xidməti tələbələri maraqlandıran suallara cavab verib, onlar üçün universitet ərazisində infoturlar təşkil ediblər. Tələbələr Elektron Universitet Modeli, Maliyyə laboratoriyası və İnnovativ Biznes İnkubatoru (İBİ) maraqla qarşılayıblar. Tələbələrə bildirilib ki, onlar İnnovativ Biznes-İnkubatora müraciət etməklə, öz “start up” layihələrini reallaşdıra bilərlər.
Karyera Mərkəzinin əməkdaşları tələbələrə seçdikləri ixtisasın əhəmiyyəti, gələcək perspektivi, təcrübə və təqaüd proqramları haqda məlumat çatdırıb, onların peşəkar kadrlar kimi yetişmələri üçün tövsiyələr veriblər.
I kurslara asudə vaxtlarının təşkili ilə bağlı bildirilib ki, xüsusi istedadı ilə seçilən tələbələr Yaradıcılıq Mərkəzinin vokal, instrumental ifa, rəsm, rəqs və bədii qiraət dərnəklərinə üzv ola bilərlər. Eləcə də Radio UNEC-də universitet haqda məlumatları, xəbərləri dinləməklə bərabər, buraya öz layihələrini də təqdim edə bilərlər.
Tələbələr gün ərzində idman zalları, yeməkxana və poliklinika ilə də tanış olublar. “Oriyentasiya Günü”ndə UNEC tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirilib. Yaradıcılıq Mərkəzinin üzvləri musiqi nömrələri və rəqslərlə çıxış ediblər. I kurs tələbələri üçün universitetdə ilk gün stolüstü tennis və “ip çəkmə” oyunları ilə davam edib.
Qeyd edək ki, 2016/17-ci tədris ilində UNEC-ə yüksək bal toplayaraq qəbul olan tələbələrin sayı artıb. Belə ki, bu il 291 tələbə 600-dən yüksək bal toplayıb. II qrup üzrə ən yaxşı nəticə göstərərək 700 bal toplayan iki abituriyentdən biri, Şahbaba Məmmədov UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbini seçib.