Yeni qaydalara əsasən, UNEC-də 2017/18-ci tədris ilindən başlayaraq bakalavr səviyyəsinin əyani təhsil formasında “Maliyyə”, “Statistika”, “Dünya iqtisadiyyatı”, “Mühasibat uçotu və audit”, “Sənayenin təşkili və idarə olunması” “Marketinq”, “Kommersiya”, “İqtisadiyyat”, “Menecment” və “Biznesin idarə edilməsi” ixtisaslarında “İxtisasın peşə hazırlığı” (qeyri-iqtisad yönümlü fənlər istisna olmaqla) və “Peşə hazırlığı üzrə seçmə fənlər” bölümünə aid olan fənlər üzrə tələbələr yazılı imtahan verəcək. UNEC-də imtahanların yazılı keçirilməsinin məqsədi tədrisin təşkili, onun keyfiyyətinin yüksəldilməsi, tələbələrdə məntiqi təfəkkürün inkişaf etdirilməsi və onların peşəkar mütəxəssis kimi hazırlanmasına nail olmaqdır.
Yeni qaydalar İqtisadiyyat, Maliyyə və mühasibat, Biznes və menecment fakültələrinin və Rus İqtisad Məktəbinin I kurslarında tətbiq olunacaq.
Yazılı imtahanların (kollokviumların) təşkili və keçirilməsi təsdiq olunan illik “Akademik təqvim” əsasında həyata keçiriləcək. İxtisas üzrə mütəxəssis hazırlığı ilə birbaşa bağlı olan və nəzəri biliklərlə yanaşı praktiki bacarıqların da vacib olduğu fənlər üzrə imtahan suallarının 60%-i, hər biletdə isə 5 sualdan 3-ü praktiki suallardan ibarət tərtib olunacaq. Kollokviumun nəticəsi onun keçirildiyi gündən 5 gün ərzində, imtahan nəticəsi isə 7 gün ərzində elan ediləcək. Tələbə nəticələr elan edildiyi gündən sonrakı 3 gün ərzində “Şəxsi kabinet”indən elektron formada apelyasiya müraciəti edə bilər.