Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsində Ümumdünya Turizm Gününə həsr olunan elmi seminar keçirilib. Seminar “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrası və fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə baş tutub.
Seminarda çıxış edən fakültənın dekan əvəzi Asiman Quliyev iştirakçıları Ümumdünya Turizm Günü münasibətilə təbrik edərək, Azərbaycan iqtisadiyyatının, onun prioritet sahəsi olan qeyri-neft sektorunun sürətli inkişafında turizmin rolu, turizm potensialının yüksəldilməsində UNEC alimlərinin üzərinə düşən mühüm vəzifələr barədə danışıb.
“Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müəllimi Yalçın Köçərlinin təqdimatında ölkənin turizm sferasında islahatlar, Dövlət Proqramları, Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn vəzifələrin icra mexanizmləri haqqında məlumatlar dinlənilib.
“Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müdiri, professor Əli Əlirzayev “Azərbaycanda turizmin inkişafı, problemlər və perspektivlər” barədə məruzə ilə çıxış edib. Fakültənin dekan müavini Müşirəvan Əliyev turizmlə bağlı tədrisinin müasir problemləri ilə bağlı fikirlərini seminar iştikrakçıları ilə bölüşüb.
Sonda “Turizm və otelçilik” ixtisası üzrə yay istehsalat təcrübəsində fərqlənən tələbələrə sertifikatlar təqdim olunub.
Seminarda fakültə rəhbərliyi, fakültənin Tələbə Həmkarlar Təşkilatı, professor-müəllim heyəti, “Turizm və otelçilik” ixtisası üzrə bakalavr və magistr təhsili alan tələbələr iştirak edib.