Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni fənnlər və tədris kursları yaradılır. Məqsəd mövcud ixtisaslar üzrə kadr hazırlığı səviyyəsini yüksəltməkdir.
Həmin fənlərdən biri “Beynəlxalq İnvestisiyalar”dır. Fənnin tədris proqramı universitetin rektoru, professor Ədalət Muradovun rəhbərliyi və elmi redaktorluğu hazırlanıb. “Beynəlxalq İqtisadiyyat” kafedrasının professor və müəllimləri tərəfindən işlənilib hazırlanan fənn kafedranın tədris planına daxil edilib.
Yeni fənnin nəşrə hazırlanması məqsədilə UNEC-in aparıcı mütəxəssislərinin iştirakı ilə kafedrada ilkin müzakir aparılıb. Müzakirələrdə “Beynəlxalq İnvestisiyalar” fənninin Azərbaycan iqtisadiyyatı üçün önəmindən danışılıb,beynəlxalq iqtisadiyyatın müxtəlif sahələri üzrə milli kadr hazırlığında onun vacibliyi vurğulanıb.
Fənn proqramının hazırlanmasında çoxsaylı xarici və yerli iqtisadçı alimlərinin əsərlərindən istifadə edilib. Proqram Avropanın nüfuzlu universitetlərinin investisiyalarla bağlı dərslik və dərs vəsaitlərinə, proqramlarının mövzularına uyğunlaşdırılıb. Proqramda son mövzular Azərbaycan iqtisadiyyatı ilə əlaqələndirilib. Əlaqələndirmədə ölkənin neft sektoru ilə yanaşı, qeyri-neft sektoruna diqqət ayrılır. Bu, xarici investisiyaların yatırılmasının perspektivləri baxımından tədris proqramının daha əhəmiyyətli olmasını bir daha şərtləndirir.