UNEC rektoru, professor Ədalət Muradov sərgiyə qatılan təhsil naziri Mikayıl Cabbarova universiteti dünya səviyyəli ali məktəb olmaq sahəsində həyata keçirilən layihələr, xüsusən “Elektron Universitet Modeli”, müəllimlərin reytinq sistemi, tələbələrin onlayn qəbulu, “Virtual müəssisə”, tələbələrin praktik biliklərinin formalaşması məqsədilə yaradılan “İnnovativ Biznes İnkubatoru” haqda məlumat verib. Bildirib ki, UNEC ölkədə yaradılan sənaye məhəllələrində inkubator yaratmaq niyyətindədir və oktyabr ayında ilk belə inkubatorun işə düşməsi nəzərdə tutulub. Ə.Muradov onu da əlavə edib ki, həyata keçirilən islahatların nəticəsi olaraq QS reytinq agentliyinin qiymətləndirməsinə görə UNEC Şərqi Avropa və Mərkəzi Asiya regionunun ən yaxşı 4 iqtisadyönümlü universiteti olub.
UNEC-in təqdim etdiyi stenddə sərgi iştirakçılarına tələbə mərkəzli universitet olması istiqamətində tətbiq edilən yeniliklər, ikili diplom proqramları, təhsil xidmətlərinin ixracı, mübadilə proqramları, beynəlxalq təşkilatlarla əməkdaşlıq, təhsil xidmətlərinin brendləşməsi məqsədilə həyata keçirilən islahatlar haqda geniş informasiya çatdırılıb.
11-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi oktyabr ayının 8-ə kimi davam edəcək.