UNEC-ə təhsilin bütün pillələri üzrə qəbulda yüksək nəticələr əldə olunub

20 NOYABR 2020 | VIEWS:
105

UNEC-də Elmi Şuranın növbəti iclası keçirilib. İclasda UNEC-ə 2020/2021-ci tədris ilində qəbul barədə hesabatlar dinlənilib.

Universitet katibi Murad Ələkbərov 2020/2021-ci tədris ilində UNEC-ə bakalavr pilləsi üzrə qəbul barədə hesabatla çıxış edib. Bildirib ki, cari ildə UNEC-ə bakalavr pilləsi üzrə qəbul planı 95,4 % yerinə yetirilib. II ixtisas qrupu üzrə 25 nəfər Prezident təqaüdçüsündən 20 nəfərinin məhz UNEC-i seçdiyini deyən M.Ələkbərov, Prezident təqaüdçülərinin sayına görə Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlər arasında UNEC-in bu il də lider olduğu diqqətə çatdırıb.

Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) direktoru, dosent Fariz Əhmədov İqtisadiyyat və idarəetmə ixtisasları üzrə (26-cı proqram) BMDM-ə qəbul barədə məlumat verib. Bildirib ki, ötən illə müqayisədə bu il BMDM-ə qəbulda 8,2% faiz artım olub. 522 plan yerinə 514 magistrant qəbul olub və qəbul planı 98% faiz yerinə yetirilib.  Qeyd olunub ki, ölkə üzrə 26-cı proqrama sənəd verən bakalavrların 56%-ı məhz UNEC-in payına düşüb. Həmin proqram üzrə ən yüksək bal toplayan tələbələrin UNEC-i seçdiyi və iqtisadiyyat və idarəetmə ixtisasları üzrə magistraturaya qəbul balına görə UNEC-in digər universitetlərlə müqayisədə lider olduğu vurğulanıb.

Magistratura mərkəzinin direktoru, professor Qabil Manafov texniki və texnoloji ixtisaslar üzrə magistraturaya qəbulun nəticələrini açıqlayıb. 2020/2021-ci tədris ili üçün 8 proqram əsasında 9 ixtisas, o cümlədən 23 ixtisaslaşma üzrə magistrantların qəbulunun həyata keçirildiyini və qəbul planının 98 faiz yerinə yetirildiyini bildirib. Son 5 ildə Magistratura mərkəzinə qəbul olanların sayının 2 dəfə artdığını diqqətə çatdırıb.

MBA proqramı üzrə qəbul barədə məlumat verən UNEC Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyev qəbul planının 100 faiz yerinə yetirildiyini açıqlayıb. UNEC Biznes Məktəbinə yerli tələbələrlə yanaşı, əcnəbi tələbələrin də qəbul olduğunu bildirib.

Şurada UNEC-in rektoru, professor Ədalət Muradov 2020/2021-ci tədris ilində UNEC-ə qəbulda yüksək nəticələr əldə olunduğundan məmnunluğunu ifadə edərək, universitetdə tədrisin keyfiyyətinin artırılması istiqamətində işlərin davam etdirildiyini bildirib.

Sonra Strateji inkişaf üzrə prorektor, professor Mirdaməd Sadıqov “UNEC-100 İnkişaf Strategiyasın”ın icrası ilə bağlı hesabatla çıxış edib. Bildirib ki, İnkişaf Strategiyasının icrasını daha çevik və səmərəli həyata keçirmək məqsədilə İşçi qrupu yaradılıb. M.Sadıqov işçi qrupunun üzvləri tərəfindən fəaliyyət planları əsasında təkliflərin təqdim edildiyini diqqətə çatdıraraq, həmin təklifləri səsləndirib.

Sonra “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, professor Rövnəq Rzayev yeni yaradılan texniki və texnoloji ixtisaslarla bağlı görülən işlər, qarşıda duran vəzifələr barədə danışıb, təkliflər səsləndirib. I qrupa daxil olan 10 ixtisas üzrə nəzərdə tutulan qəbul planın tam dolduğunu, həmin ixtisaslar üzrə Tədris planlarının təsdiq olunduğunu diqqətə çatdırıb. Bildirib ki, yeni təsdiq olunmuş Tədris planlarına əsasən, kafedrada 300-dən artıq müxtəlif adda fənlərin tədrisi nəzərdə tutulur. R.Rzayev yeni yaradılan virtual laboratoriyalar barədə də məlumat verib. Hazırda virtual olaraq 2 Fizika və 1 Kimya  laboratoriyasının fəaliyyət göstərdiyini, digər laboratoriyaların yaradılması istiqamətində isə işlərin davam etdirildiyini deyib.

Sonra cari məsələlər müzakirə olunub. Yeni yaradılan bir sıra struktur bölmələrin əsasnamələri səsə qoyularaq təsdiqlənib.

*

https://news.unec.edu.az/xeber/125-universitet/6925-bold-red-unec-e-tehsilin-butun-pilleleri-uzre-gebulda-yuksek-neticeler-elde-olunub-bold-red

106 1