UNEC eksperti Aziz Sancardan yazdı

03 APREL 2017 | VIEWS:
2400

diskurs.az – Aziz Sancar: bir türkün nobelə gedən yolu və verdiyi mesajlar

Elşən BağırzadəUNEC-in dosenti, iqtisad üzrə fəlsəfə doktoru

Sonuncu dəfə bu ilin yanvar ayında elmi araştırmalarımla bağlı Türkiyədə olarkən satın aldığım kitablardan biri də elm və texnika sahəsində yazıları ilə məşhur olan Orhan Bursalının qələmə aldığı “Aziz Sancar və Nobelin Hekayəsi” kitabı oldu. Aziz Sancarın həyatını və onun Nobel mükafatına gedən yolunu kifayət qədər maraqlı bir üslubda oxuculara çatdıran bu kitabı demək olar ki, bir nəfəsə oxudum. Kitabı oxuyana qədər Aziz Sancar haqqında müəyyən biliklərə sahib idim və onun 2015-ci ildə Kimya üzrə Nobel mükafatını qazanması o vaxt bir türk kimi məni də çox sevindirmişdi. Lakin kitabı oxuduqdan və bəzi əlavə araşdırmalar apardıqdan sonra Aziz Sancar şəxsiyyətinin bizim üçün elm sahəsində Nobel mükafatı alan ilk türk olmaqdan daha geniş məna kəsb etməli olduğu qənaətinə gəldim və onun həyat və fəaliyyətinin hər bir həmkarım, xüsusilə də gənc elm adamları üçün zəngin mesajlarla dolu olduğunu gördüm. Elə buna görə də ölkəmin gəncləri üçün örnək simalardan olmasını arzu etdiyim bu möhtəşəm elm fədaisi haqqında bir yazı qələmə almaq qərarına gəldim. Heç şübhəsiz ki, ixtisas sahəm olmadığı üçün Aziz Sancarın kimya elminə verdiyi töhfələrin detallı şərhini kimyaçılarımıza saxladım və yazımda daha çox onun həyat və yaradıcılığının bütün elm adamları üçün əhəmiyyətli ola biləcəyini düşündüyüm cizgiləri üzərində dayandım. Bu yazımı türk millətinin adını dünya elminin zirvəsinə daşıdığına görə böyük millətpərvər bir insana bir vəfa borcu kimi də, bütün həyatını həqiqi mənada elmi araşdırmalar uğruna fəda etmiş və dünya elminə möhtəşəm xidmətlər göstərmiş böyük bir alimin əməyi qarşısında bir sayqı ifadəsi kimi də qəbul edə bilərsiniz.

Aziz Sancar kimdir?

Aziz Sancar, 8 sentyabr 1946-cı ildə Türkiyə Cumhuriyyətinin ucqar bölgələrindən olan Mardin Vilayətinin Savur mahalında doğulur. Oxuyub-yaza bilməyən, ancaq təhsilin əhəmiyyətinə inanan ata və ananın səkkiz övladından yeddincisidir. Çox çətin şərtlər altında ibtidai və orta məkətbi Savurda, liseyi isə Mardin şəhərində bitirdikdən sonra 1963-cü ildə İstanbul Universitetinin Tibb Fakültəsinə daxil olur. Altı il bu Fakültədə təhsil alır və oranı birinciliklə başa vurur. Təhsilinin ikinci ilində biokimya dərsinə böyük maraq göstərir və gələcəkdə bu sahədə araşdırmalar aparmaq qərarına gəlir. Fakültəni bitirdikdən sonra müəllimlərinin tövsiyəsi ilə Savura qayıdaraq iki il orada həkimlik edir. Sonra NATO-TÜBİTAK stipendiyası ilə elmi araşdırma məqsədilə Johns Hopkins Universitetinə gedir. Dallasdakı Texas Universitetində Molekulyar Biologiya sahəsində doktorluq dərəcəsini, Yale Universitetində dosentlik elmi adını alır. Özü də, xanımı da hazırda Şimali Karolina Universiteti Biokimya və Biofizika Bölməsinin professorudur. Aziz Sancar hələ doktoranturada oxuyarkən çox əhəmiyyətli kəşf olan “Maxicell” metodunu icad edir və ABŞ-da gen mühəndisliyi sahəsini inkişaf etdirən azsaylı alimlər sırasına qoşulur. DNA təmiri və bioloji saatın tənzimlənməsi sahələrində araşdırmalar aparan Sancar, elmdə altı mühüm kəşfin müəllifi olur. 2015-ci ildə DNA təmiri sahəsində araşdırmalarına görə Kimya üzrə Nobel mükafatına layiq görülür. Nüfuzlu ABŞ Milli Elmlər Akademiyasının üzvü olan üç türkdən biri və elm sahəsi üzrə Nobel mükafatı alan ilk türk olur.

Atatürkün açdığı yol Nobelə aparır  

Aziz Sancarın təhsil almağa başladığı ilk illərdə üzərində ən böyük təsiri olan şəxslər Atatürk, anası, atası və böyük qardaşı olur. Xüsusilə də Atatürkü idealı hesab edən anasının uşaqların təhsilə yönəlməsindəki rolu həlledici xarakter daşıyır. “Atatürk və Respublika rejimi olmasaydı, Mardin Savurlu Aziz heç vaxt Nobel ala bilməzdi, buna görə də Nobel mükafatını Atatürkün movzeleyinə hədiyyə edirəm” deyən Aziz Sancar, Nobel mükafatı üçün yazdığı bioqrafiyasında Atatürkün həyatında oynadığı rolu belə izah edir: “Mustafa Kamal Atatürk, işğalçı Avropa dövlətlərinə qarşı modern Türkiyə Cumhuriyyətinə yol açan Qurtuluş Savaşını idarə etdi və qazandı. Yeni cumhuriyyət bütövlükdə türk xalqına uyğun gələ biləcək bir sistem qurmağa böyük əhəmiyyət verdi. Qısa müddət ərzində ölkə miqyasında yeni məktəblər açıldı və bu məktəblərdə Atatürkün təhsilli vətəndaşlıq vizyonuna bağlı, ölkələri haqqında idealist olan və ölkənin gələcəyi haqqında ümidli olan müəllimlərə vəzifələr verildi. Nəticədə, valideyinlərim və babalarımdan fərqli olaraq Türkiyənin geriqalmış, ucqar bölgəsində olmağıma baxmayaraq ölkəmin tarixilə bağlı mənə qürur verən və möhtəşəm başarıları haqqında mənə güvən verən çox mükəmməl təhsil almaq şansı əldə etdim.[1]. İbtidai və orta məktəbi birinciliklə bitirən Sancarın ən çox sevdiyi dərslər Riyaziyyat, Türkçə, Fransızca və Kimya olur. Onuncu sinifdə oxuyarkən müəkəmməl bir kimya müəllimi olur və bu müəllim onu kimya sahəsinə yönəldir. Orta məktəb dövründə aktiv futbol oynayan Sancar, həmyaşıdlarının yaddaşında həm də mükəmməl qapçı kimi də qalır. İstanbul Universitetinin həm Kimya, həm də Tibb Bölməsinə qəbul olsa da dostlarının təkidilə Tibb bölməsini seçir və bununla da  ali təhsil həyatına qədəm qoyur.

Elm sevgisi və mədəniyyəti aşılayan universitetin və müəllimin önəmi

Türkiyə Cumhuriyyəti qurulduğu ilk illərdən elmə və təhsilə çox böyük önəm verir, bütövlükdə təhsil sistemi inkişaf etmiş Qərbin təhsil sistemi modelində yenidən qurulmağa başlanır. Ali təhsil sistemində yeni universitetlər, müasir fakültələr qurulur. Bütün bu quruculuq işlərində isə heç şübhəsiz ki, dahi Atatürkün ölkəyə dəvət etdiyi və onlara ali təhsil qurumlarında vəzifələr verdiyi Hitler zülmündən qaçan yahudi əsilli alimlərin böyük rolu olur. O dövrdə bu alimlərin təcrübəsilə Türkiyədə “müasir mədəniyyət səviyyəsinin üstünə çıxmaq” yönündə yaranmış milli arzu və istək birləşərək qısa müddət ərzində yüksək səviyyəli ali təhsil qurumlarını ortaya çıxarır. Bu qurumlardan ilki də məhz İstanbul Universiteti olur. Aziz Sancar da elə bu universitetdə tibb təhsili alır. O dövrdə İstanbul Universitetində Mutahhar Yenson, Ekrem Kadri Unat, Muzaffer Aksoy kimi böyük alimlərdən tibb təhsili alan, “məmləkətim mənə yüksək səviyyədə tibb təhsili verdi və ABŞ-dakı uğurumun mənbəyi oldu” deyən Aziz Sancar Nobel mükafatı üçün yazdığı bioqrafiyasında yahudi əsilli alimlərin Türkiyə ali təhsil sisteminin qurulmasındakı rolunu da unutmur: “Mənim bir çoxu yahudi olan professorlarım, II dünya müharibəsindən əvvəl və sonra Almaniyadan və yaxın ölkələrdən qaçıb gəlmişdi. Əksəriyyəti öz sahələrində çox yaxşı pedaqoq olmalarına baxmayaraq, Avropadan qovulduqları üçün Türkiyəyə gəlib buradakı təhsil sistemini Avropa standartlarına yüksəltməyi hədəfləyirdi. Türk milləti bu insanlara elm, təhsil, hətta filologiya sahəsində göstərmiş olduqları xidmətlərdən ötürü böyük minnətdarlıq borcludur.[2]

Təhsil aldığı dövrdə də, indi də İstanbul Universitetində dünyanın ən uğurlu tibb təhsilinin verildiyini qeyd edən Sancar, eyni zamanda burda təhsil almanın çətinliyinə də diqqəti çəkir. İstanbul Tibb Fakültəsində təhsil aldığı illərdə gecə-gündüz oxuduğunu, sosial və şəxsi həyatını demək olar ki, unutduğunu, xüsusilə də İstanbul kimi dünyanın möhtəşəm şəhərindən bixəbər yaşadığını tez-tez dilə gətirir. Harvard, Yale, Cambridge məzunları arasında qürurla “mən də İstanbul Tibb Fakültəsi məzunuyam” deyən Sancar, aldığı Nobel mükafatının üç replika medalından birini də məhz İstanbul Universitetinə hədiyyə edir. O universitetə ki, ona mükəmməl tibb təhsili verməklə yanaşı, eyni zamanda da onu gələcəyin elm adamı olma yolunda təşviq edir. İstanbul Universitetindəki müəllimlərinin onun elm yolunu seçməsindəki böyük rolunu hər zaman dilə gətirən Sancar, bu baxımdan müəllimi Muzaffer Aksoyu xüsusilə vurğulayır: “Müəllimim Muzaffer Aksoyun mənə elm sevgisi aşılamadakı payı böyükdür… Xaricdə təhsil alma və oraların elm mədəniyyətini mənimsəmə yolunda məni çox təşviq etdi.[3]. Nə qədər də gözəl ifadə edir: “elm sevgisi aşılama” və “elm mədəniyyətini mənimsəmə”! Elə geriqalmış dünyanın əsas problemi də bu sevgidən və mədəniyyətdən məhrum qalmaqdır. Buna görə də bu gün “üçüncü dünya” ölkələrində universitetlərin təkcə elm öyrədən, araşdırma aparan qurumlar deyil, ilk növbədə elm sevgisi və mədəniyyəti aşılayan qurumlar olmaları zəruriliyi öz aktuallığını qoruyur.

“Pul istəmirəm, yeganə istəyim tədqiqat aparmaqdır”

Aziz Sancar İstanbul Universitetini bitirdikdən sonra doğulduğu Savurda çətin şərtlər altında iki il həkimlik etdikdən sonra Türkiyə Elmi və Texnoloji Araşdırma Qurumundan (TÜBİTAK) NATO stipendiyası alaraq, müəllimi Muzaffer Aksoyun da tövsiyə etdiyi kimi 1971-ci ildə ABŞ-a, Johns Hopkins Universitetinə doktoranturaya gəlir. İngiliscə bilmir, bir az Fransızca bilir. Qısa müddətdə ingiliscə öyrənir, dərslər alır, təməl biokimya üsulları ilə tanış olur və Roger Herriotun elmi rəhbərliyi altında çalışır. Ancaq heç cür rahat ola bilmir, mədəni şoklar yaşayır, elmi rəhbəri ilə dil tapa bilmir. Sancar sonradan elmi rəhbəri ilə arasındakı anlaşmazlığı belə izah edir: “Hər gün onun yanına yeni bir fikirlə gedirdim. Bir gün mənə Aziz müəllim kimdir, tələbə kim? Mən sənə nə etməli olduğunu deyəcəyim halda, sən mənə nə etməli olduğumu söyləyirsən.[4]. Elmi rəhbərilə arasındakı anlaşmazlıqlarla yanaşı, çox gərgin işləməsi və ABŞ mədəniyyətinə uyğunlaşa bilməməsi Sancarın psixologiyasında ciddi problemlər yaradır. O, həmin günləri haqqında belə danışır: “Həftənin yeddi günü və gündə 18 saat işləyirdim, heç bir dostum-tanışım yox idi. Buna əlavə olaraq özümə çox güvənirdim və yuxarıdan aşağı baxırdım, özümdən razı idim. Amerikalılar ölkələrinə gələn əcnəbilərə çox vərdiş etməmişdilər və özlərini daha üstün görməyə alışmışdılar. Bütün bunlar məni oradakı sosial həyatdan ayırdı və ciddi bir depresiyaya girdim. Tam şəkildə təcrid edilmişlik hissi mənliyimi əsir etmişdi.[5]. Belə bir vəziyyətdə ABŞ-dakı həkimləri ona bir müddətlik Türkiyəyə qayıtmağı tövsiyə edirlər və 1972-ci ildə Aziz Sancar müalicə və bərpa olmaq məqsədilə Türkiyəyə gəlir. Hacettepe Universitetində müalicə olunduqdan və bir müddət də doğulduğu bölgədə yaşadıqdan sonra yenidən ABŞ-da yarım qalan doktorantura təhsilini davam etdirməyə qərar verir. Lakin bu dəfə TÜBİTAK ABŞ-da yaşadığı problemləri əsas gətirərək, onu İngiltərəyə, Lancaster Universitetinə göndərir. Ancaq Sancar İngiltərədə çox vaxt itirməyi düşünmür, beynində ABŞ-a qayıtmaq var. ABŞ-a qayıtmasına təsir edən əsas amillərdən biri də bir gün Johns Hopkins Universitetində seminarını dinlədiyi Texas Universitetindən Claud Stan Rupertin fotoliyaz fermenti ilə bağlı tədqiqatlarına göstəridyi maraq olur.

Aziz Sancar 1973-cü ildə cibində 60 dollar pul ilə İngiltərədə təyyarəyə minir və yenidən ABŞ-a, Johns Hopkins Universitetinə gəlir. Müəllimi Herriota Texas Universitetində Stan Rupertlə birlikdə fotoliyaz fermenti üzərində tədqiqatlar aparmaq istədiyini və bu tədqiqatların böyük perspektivi olduğuna inandığını bildirir. Herriotun razılığını aldıqdan sonra bu məqsədlə Rupertə məktub yazır və cavab məktubu gələnə qədər keçən müddət ərzində cibində bir qəpik pulu olmayan Sancar bir çox müxtəlif işlərdə işləyərək çörəkpulu qazanır. O dövrü xatırladıqda ABŞ-da yaşayan türklərdən də çox dəstək aldığını qeyd edir: “Bu dövrdə türk qardaşlarım da mənə çox yardımçı oldular. Professorundan yanacaqdoldurma stansiyası işlədəninə qədər bir çox türk qardaşımdan kömək gördüm.[6]

Bir gün, Rupertdən cavab məktubu gəlir və məktubda ona stipendiya verə bilməyəcəkləri, başqa sözlə maliyyə ayıra bilməyəcəkləri qeyd edilir. Sancar buna baxmayaraq, Texasa uçur və Rupertin labaratoriyasına gedərək “mən gəlmişəm, pul istəmirəm, yeganə istəyim fotoliyaz fermenti üzərində tədqiqat aparmaqdır” deyir. Rupert ona yox deyə bilmir və Sancar onun labaratoriyasında çalışmağa başlayır. Gedəcək yeri yox, yatacaq yeri yox, hamı iş saatı bitdikdən sonra evinə getdiyi halda, o, gecələr də labaratoriyada işləyir və orada da yatır. Bir neçə ay sonra universitet labaratoriyada yatmağı ona qəti qadağan edir və o da məcbur qalıb, bir müddət Paksitanlı tanışların evində yaşayır. Ancaq belə səfil həyatı çox çəkmir, Rupert ondakı perspektivi görür və ona normal həyat şəraiti yaradacaq maliyyə mənbəyi tapır.

Tələbəsinə yol göstərən və tədqiqat sərbəstliyi verən elmi rəhbərin önəmi

Aziz Sancar yeni elmi rəhbəri Rupert haqqında həmişə çox böyük minnətdarlıq hissilə danışır. Onu özünün peşə həyatında ən təsirli insan hesab edərək, elmi rəhbərlik xüsusiyyətlərini belə ifadə edir: “Mənim üstün olduğum tərəflərimi və yetərsizliklərimi anlamışdı. Məni ürəkləndirdi, tövsiyələr verdi və mənə doğru yol göstərdi. Ancaq hamısından önəmlisi öz fikirlərimi formalaşdırmamda və bunları test etməmdə mənə sərbəstlik verdi. Bir elm adamı və alicanab olaraq mənim peşə həyatımda ən təsirli insandır.[7]Ancaq Aziz Sancar da belə bir insanın əməyini yerdə qoymur, onun tərəfindən kəşf edilən fotoliyaz fermenti üzərində tədqiqatlarını 40 il davam etdirir, bu sahədəki tədqiqatlara yekun vurur və Nobel mükafatı alır. Sancar bu sahədə araşdırmalarını o qədər dərinləşdirir ki, artıq elmi ədəbiyyatlarda fotoliyaz fermenti “Sancar fermenti” kimi ifadə edilməyə başlanır. O, “Fotoliyaz geninin klonlanması haqqında” mövzusunda doktorluq işini tamamladıqdan sonra ABŞ universitetlərindəki qaydalara uyğun olaraq başqa bir universitetdə fəaliyyətini davam etdirmək məqsədilə Texas Universitetindən ayrılarkən elmi rəhbəri Rupert onun gələcəyini dəqiqliklə görürmüşcəsinə öz xanımına üzünü tututaraq “Azizin getməsi ilə mənim Nobel almaq şansım da əldən gedir!” deyir. Aziz Sancar da heç vaxt müəllimini unutmur və Nobel mükafatını aldıqdan sonra ilk telefon edib sevincini bölüşdüyü şəxslərdən biri də məhz 97 yaşlı Rupert olur.

Elmdə yaxşı alim olmaqla yanaşı, geniş şəxsi əlaqələr də önəmlidir

Sancar post-doktorantura tədqiqatlarını başqa labaratoriyalarda davam etdirməli idi. Bu məqsədlə Stanford Universiteti başda olmaqla, bir necə universitet labaratoriyalarına müraciət edir, ancaq hamısından “yox” cavabı alır. Universitetlərin onun kimi yüksək hazırlıqlı post-doktorantura namizədini qəbul etməmələri bir müddət yenə də onda psixoloji sarsıntılar yaradır və nəhayət bir dostunun tövsiyəsi ilə Yale Universitetində Dean Ruppa müraciət edir və onun labaratoriyasında işləmək istədiyini bildirir. Rupp buna razılıq verir, ancaq labaratoriyasında yalnız texnik ştatının olduğunu və texnik maaşı alacağını qeyd edir. Sancar buna razılıq verir və elmə çox böyük xidmətlər göstərən araşdırmalarının mühüm hissəsini məhz Yale Universitetində həyata keçirir. Burada çalışdığı labaratoriyanın rəhbəri Rupp onun haqqında heyrətlə danışır: “Çox parlaq, çox orjinal, çox hədəfinə fokslanmış tədqiqatçıdır. Tamamilə özünü işinə həsr etmişliyin çox yaxşı bir nümunəsidir.[8] Bu arada Sancarın 1978-ci ildə evləndiyi, Texas Universitetində doktorant yoldaşı, Gwen Bolen Sancar da iki il Nyu-York Universitetində post-doktorantura araşdırmaları apardıqdan sonra Ruppın labratoriyasında işə düzəlir və Aziz Sancarla birlikdə tədqiqat aparmağa başlayır.

Sancarlar Yale Universitetində də tədqiqatlarını tamamlayırlar və artıq universitetlərin birində daimi ştatda, öz labaratoriyalarında və müstəqil professor kimi fəaliyyət göstərmək qərarına gəlirlər. 1981-ci ildə Aziz Sancar bu məqsədlə ABŞ-ın 50 universitetinə rəsmi müraciət edir, ancaq heç birindən müsbət cavab ala bilmir. Çox maraqlı bir vəziyyətdir: Kəşfləri ABŞ universitetlərində geniş istifadə olunduğu halda, bu universitetlərdə özünə iş tapa bilmir. Sonradan Sancar bu vəziyyəti daha çox konfranslarda, toplantılarda az iştirak etməsi və elm ictimaiyyəti arasında şəxsi münasibətlərinin zəif olması ilə əlaqələndirir.

Nəhayət, bir gün North Carolina Universitetindən iş dəvəti alır və xanımının da işə götürülməsi razılığını aldıqdan sonra indi də xanımı ilə ayrı-ayrı bölmələrində çalışdıqları bu universitetə gəlir. O universitetdə ki, uzun müddət uğurlu tədqiqatları ilə onun şanına şan qatır və ona ilk Nobel Mükafatını qazandırır.

“Bunu bir Allah, bir də mən bilirəm” hissinin verdiyi sonsuz motivasiya

Sancar eyni zamanda da inanclı insandır. Elmi axtarışlarında ən böyük motivasiya mənbəyi yalnız Allahın bildiyi bir həqiqəti yenə də yalnız Allahın verdiyi zəkanın imkanları ilə aşkarlamağın onda yaratdığı mənəvi rahatlıqdır. Elə məhz buna görə də Sancar onu Nobel mükafatına aparan mühüm kəşfini – “DNA-nın ikili kəsim təmir mexanizmi”ni – tamamlayan kimi tələsik xanımının yanına gəlir və deyir: “İndiyə qədər yalnız Allahın bildiyi mühüm bir həqiqəti hazırda bütün dünyada yalnız mən bilirəm.[9]. Doğurdan da çox möhtəşəm hissdir və şübhəsiz ki, heç bir başqa güc inanclı insanı bu qədər motivasiya edə bilməz.

Aziz Sancar 2000-ci ildə New York universitetindən tədqiqatçı dostu Johannes Schelvislə elmi kəşflərin mənəvi və maddi dəyərləri haqqında söhbət edərkən dostunun maraqlı bir sualı ilə üzləşir: “Bu kəşfinə maddi dəyər verə bilərsənmi, məsələn sənə on milyon dollar versələr bu kəşfi başqa birinə verərsənmi?” Sancarın cavabı həmişəki kimi özünəməxsus və möhtəşəm olur: “Heç fikirləşmədən “xeyr” deyərəm. Çünki bu kəşf hər cür maddi mükafatdan fərqli olaraq məndə çox nadir hallarda tapa biləcəyim bir daxili sükunət yaratmışdır. Həmçinin də gələcək nəsil türk tədqiqatçıları biokimya və molekulyar biologiya dərslərində bunu görərək, “bu kəşfi bizdən biri etdi” deyə biləcəklər. Onlarda bu güvəni yaratmaqla, məmləkətimə xidmət etdiyimi hiss edirəm.[10].

Həqiqətən də insanın uzunmuddətli elmi axtarışlarının uğurlu nəticələri olan elmi kəşflərin onda yaradacağı mənəvi rahatlıq və güvən hissinin hər hansı maddi ölçüsünün tapılması çətindir, bəlkə də heç mümkün deyildir. Aziz Sancarda isə bu hissə millət və məmləkət sevgisi də əlavə olunur ki, bu da qeyd olunan məsələni tamamilə mümkünsüz edir. İllər keçdikdən sonra Orhan Bursalı haqqında kitab yazarkən Schelvisin verdiyi sualı Aziz Sancara bir daha yönəldir. Sancar bu dəfə cavabında elmi həqiqətə, doğruluğu qəti şəkildə təsdiqlənmiş biliyə, bir sözlə elmə olan sonsuz inancını bu ifadələrlə dilə gətirir: “Nobel üçün bioqrafiyamı yazarkən, bu kəşfin dəyəri haqqında təkrar fikirləşdim və nəinki on milyon, on Nobel versələr də dəyişmərəm deyərək içimdən keçirdim. Çünki Nobel mükafatı verilməsi belə başqalarının (Nobel Komitəsinin) təqdirindən asılıdır. Ancaq “Bunu bir Allah, bir də mən bilirəm” deməyə imkan verəcək səviyyədə olan kəşf qəti bilikdir, fenomendir. Bu, bu gün də elədir, bundan 100 il sonra da elə olacaqdır. Bu, bir az fəlsəfi və duyğu yüklü düşüncə tərzi kimi görünə bilər, ancaq bu, biz türklərin təbiətidir. Bir amerikalı və ya bir ingilis bu kəşfi etsəydi, hesab edirəm ki, mənim qədər sevinərdi, ancaq mənim etdiyim kimi müqayisələr etməyi düşünməzdi. Onların şəxsiyyəti və düşüncə tərzi fərqlidir.”[11]

Elmdə uğurun təməl şərti alın təridir

Başqa sahələrdə olduğu kimi elmdə də uğurun təməl şərti olaraq bəziləri zəka səviyyəsini, bəziləri şansı, bəziləri isə çox çalışmağı qəbul edir. Sancar daha çox sonuncular sırasındadır və əldə etdiyi nailiyyətlərdə alın tərinin önəmli olduğuna inanır: “Elmdə uğurlu olmq üçün həm çox çalışmaq, həm də çox oxumaq lazımdır. Uğurumun sirri budur. Bütün elmi nailiyyətlərimi alın tərilə qazandım. Heç birində şansın ən kiçik bir payı yoxdur. Amma bunu da qəbul etmək lazımdır ki, şans da elmi nailiyyətlərdə rol oynayır. Təbii ki, Pasteurun dediyi kimi şans da hazırlıqlı zehinləri seçir.”[12] Bir də şübhəsiz ki, bu yolda insanın çalışmaq, alın təri tökmək həvəsini daim canlı tutan elmi maraq olmalıdır. Bu maraq hər insanda olmur. Hər insan ətrafında baş verən hadisə və proseslərə, onların təbiətinə, səbəblərinə maraq göstərmir. Bu maraqdan yoxsul insanların elm adamı kimi formalaşması çətindir. Sancar digər elm adamlarında olduğu kimi onun da formalaşmasında bu marağın rolunu xüsusi vurğulayır: “Mən özümü idealist hesab etmirəm, məmləkətimə, ailəmə böyük sevgi duyuram, o ayrı. Amma bu işin təməlində maraq lazımdır. Təbiətin sirlərini açmağa maraq, istək lazımdır. Məni də, digər elm adamları kimi elmə gətirən bu oldu.[13]

Aziz Sancar insanın elmə olan marağının və bu yolda çalışmasının hər hansı bir mükafat naminə olmasını da düzgün hesab etmir. Bir gün şöbəsində onunla birlikdə çalışan bir xanım “Çox çalışacam, Nobeli alacağıq” dediyi zaman Sancar ona belə cavab verir: “Biz tədqiqatı Nobel üçün aparmırıq. Mən sadəcə maraqlıyam və bəzi şeyləri kəşf etmək istəyirəm. Mən ölkəmi çox sevirəm və ölkəm üçün bir iş görmək istəyirəm. Nobel almaq üçün tədqiqat aparacağam deməyin, insanlıq üçün, cəmiyyət üçün nəsə edəcəyəm deyin…Çox mühüm bir tədqiqatçı ola bilərsiniz, ancaq İsveçdəki seçici qrup sizin tədqiqatlarınıza maraq göstərmirsə, Nobel ala bilməzsiniz. Çox fövqəladə elm adamı ola bilərsiniz, amma Nobeli almaya bilərsiniz.”[14]

Aziz Sancar zəhmətə, çalışmağa o qədər əhəmiyyət verir ki, Nobeli aldıqdan sonra ona ünvanlanan təbriklər arasında ən çox sevdiyi təbrik də məhz onun zəhmətsevərliyinə işarə edən İsveçdəki Türk-İsveç Həmkarlar Təşkilatından gələn təbrik olur. Ofisinin divarına da asdığı bu təbrikdə deyilir: “Gözəl çalışdın, gözəl nəticələr aldın, Nobeli aldın, təbrik edirik.[15]

Bütün bunlardan sonra Sancar, gənclərin şan-şöhrətin yalnız çalışmanın nəticəsi olduğunu dərk etmələrini və Nobel almasına baxmayaraq, onu yalnız belə tanımalarını arzu edir: “Həyatı boyu çox, hədsiz çox çalışmış və kəşflərilə insanlığa xidmət etmiş bir vətənsevərdir.[16]

Həqiqətən də Sancarın elmi karyerasına nəzər yetirdikdə, qarşımıza böyük zəhmət və səbr hesabına yüksək performans nümayiş etdirən bir elm adamının karyerası çıxır. 420-dən çox elmi məqaləyə, 33 mindən çox elmi istinada malik olan, Hirş indeksi isə 99-a çıxan Aziz Sancar, fotoliyaz təmir mexanizmini kəşf etmək üçün 40 il, DNA ikili kəsim mexanizmini kəşf etmək üçün 35 il, kriptokrom ve period proteinlərinin funksional mexanizmini kəşf etmək üçün isə 16 il zaman sərf etmişdir. Hazırda bioloji saat üzərində tədqiqatlar aparan Sancar bu sahəyə də 20 ildir ki, zaman sərf edir. Bütün bu dövr ərzində Sancarın sərf etdiyi əməyin intensivliyinə baxdıqda isə özünün də qeyd etdiyi kimi çox vaxt həftədə orta hesabla 70 saat çalışdığı ortaya çıxır.

Elmə pul qazanmaq üçün gəlməzlər

Elmi fəaliyyətin nəticəsi inasana pul qazandıra bilər, hətta bəzən xəyal belə etmədiyi qədər çox pul qazandıra bilər. Ancaq bir insanın elmə pul üçün gəlməsi anlamsızdır. Elm pul qazanmaq üçün deyil, yeni biliklər yaratmaq, bəşəriyyətə xidmət etmək üçündür. Bu sahə böyük səbr və zəhmət tələb edir. Eyni zamanda da dövlət və cəmiyyət tərəfindən zəruri diqqət və dəstək tələb edir. Dünyada pul qazanmanın elmdən qat-qat asan olduğu çoxlu sahələr qala-qala, bir insanın pul qazanmaq üçün elmə gəlməsi məntiqə də sığmır. Elmdə pul qazanmanın çətin olduğu və buna görə də gənclər üçün cəlbediciliyin yüksək olmadığı deyildiyi zaman Aziz Sancar bu barədə fikirlərini belə ifadə edir: “İşin doğrusu, məsələn mən elm əvəzinə başqa bir işlə məşğul olsaydım, indi milyarder olardım. Elm könül işidir, fədakarlıq işidir, maraq işidir, məmləkətinə-insanına xidmət işidir, yəni elmə pul qazanmaq üçün gəlməzlər. Bunu belə qəbul etmək lazımdır.[17] Ancaq buna baxmayaraq, Sancar elmdə, xüsusilə fundamental elmdə yüksək məbləğlərdə pulun da qazanıla biləcəyini qeyd edir: “İndi CRISPR deyilən bir şey var, bu əslində DNA genomunu dəyişdirmək üçün istifadə edilən bir metoddur. Bu fundamental elm sahəsinə aiddir, bakteriyalarla məşğul olan bir neçə elm adamı tərəfindən icad edildi. O elm adamlarına 5 il öncə sual veriləndə ki, “bunun nə faydası olacaq, nə qədər pul qazanacaqsınız?” Onlar “biz bundan pul qazanmarıq, biz sadəcə bu işin sirrini açmaq istəyirik”deyə cavab verirdilər. Ancaq bu iş hazırda 10 milyard dollarlıq bir iş oldu. Buna görə də fundamental elm işinə girdiyiniz təqdirdə bunları həm nəzərdə tutmanız, həm də düşünməməniz lazımdır.”[18]

Aziz Sancar elmə və tədqiqata o qədər könül vermiş adamdır ki, Nobel mükafatını aldıqdan sonra da həyatında maddi olaraq elə bir dəyişiklik baş vermir, mükafatdan gələn gəlirləri xeyriyyə işlərinə ötürür, mənəvi qazancları isə özünə saxlayır. Bu barədə ona verilən sualı belə cavablandırır: “Maddi olaraq heç nə dəyişmədi. Maaşım eyni qaldı. Mənəvi olaraq isə məmləkətimdə böyük bir sevinc oldu. Gənclər məni tanıdı, mənim işimlə, etdiklərimlə maraqlanmağa başladı. Mənim üçün mənəvi qazanc budur və hər şeydən dəyərlidir. İşçi adamam mən. Mənim ən çox dəyər verdiyim şey çalışmaqdır.[19]

“Milliyyətçilik dəbdə deyil, amma mən milliyyətçiyəm”

Aziz Sancardan danışarkən onun milliyyətçi tərəfinə toxunmamaq mümkün olmaz. Türkiyədəki tələbəlik illərində ülkücülər sırasına da qoşulmuş Sancar, vətəninin və millətinin yüksəlişinə böyük önəm verən, milli qürur və ləyaqəti daim öndə tutan həqiqi bir vətənsevərdir. Nobel alması xəbərini ilk növbədə vətəni Türkiyə ilə bölüşən (jurnalist Orhan Bursalı ilə) Sancar, milliyyətçiliyi bir növ özünəhörmət kimi qəbul edir: “Hörmət görmək istəyirsinizsə, öncə özünüzə hörmət etməlisiniz. Biz hamıdan üstün deyilik, ancaq heç kimdən də aşağı deyilik. Özümüzlə fəxr edək ki, başqası da bizə hörmət göstərsin. Mən belə birisiyəm.[20]

Sancar bu yanaşmasını Nobel üçün yazdığı bioqrafiyasında belə açıq şəkildə ortaya qoyur. Qeyd olunan bioqrafiyanın əvvəlində Sancar Qərbin türk millətinə bir növ yuxarıdan aşağı baxışına işarə etdikdən sonra yazır: “Bu iki məsələ, elm və Türk milləti (Osmanlı İmperiyası və Türkiyə Respublikası), sıralamadan asılı olmayaraq, özümü tanıdığımdan bu tərəfə ağlıma hökm edir. Bir türk vətənsevəri kimi böyüdüm və hələ də eləyəm, eyni zamanda təxminən 10 yaşından bu yana elm adamı olmağı hədəfləyən və sonra da bunu reallaşdıran biriyəm.”[21]

Aziz Sancarın milliyyətçiliyi hər hansı marjinal milliyyəçilik anlayışı ilə açılana bilməz. Onun milliyyətçilik anlayışı birləşdirici, bütövləşdirici və dərin köklərə əsaslanan milliyyətçilik anlayışdır. Müsahibələrinin birində Anadolu türk mədəniyyətinə baxışını belə ifadə edir:“Osmanlı nəvəsi olmaqdan da qürur duyuram. Qalustukumda Osmanlı möhürü, pencəyimdə həmişə Türk bayrağı nişanı olur. Hər zaman deyirəm. Bizim burada, Anadoluda min illik tariximiz var. Səlcuqlu, Osmanlı, Türkiyə Respublikası ortaq mədəniyyətə malikdir. ABŞ-a getdiyim zaman heç kəs Atatürkü, Türkiyəni bilmirdi. Türkiyə ilə bağlı bildikləri yeganə şey “Midnight Exspress” rəzaləti ilə bağlı idi. Bunların doğru olmadığını, türklərə haqsızlıq edildiyini anlatdıqca ətrafımdakılar anladı.”[22]

Sancar bir türk olsa da, bu gün bir ABŞ professorudur və Nobel mükafatını da ABŞ North Carolina Universitetinin professoru kimi alır. Ancaq Sancar vətəninə, milli kimliyinə o qədər bağlı insandır ki, Nobel mükafatını aldıqdan sonra dünyada daha çox elm üzrə Nobel mükafatı alan ilk türk kimi tanınmağa başlayır. Nobel mükafatını təqdimetmə mərasiminə üzərində Osmanlı möhrlü naxışları olan qalustuku ilə gələn Sancar, burada da bir türk kimi qarşılanır. Belə ki, mükafatın təqdim edilməsi mərasimində İsveş Kralı XVI. Gustaf ona türk mədəniyyətində xüsusi yeri olan lalə gülləri təqdim edir, çalınan musiqi isə Mozartın “Türk marşı” olur. Təbii ki, Sancar da bu mükafatı bir türk kimi qəbul edir: “Mükafatı alarkən məmləkətim adına qürür düydüm. Milliyyətçilik dəbdə deyil, amma mən milliyyətçiyəm. Bu günə qədər mənim adım kimya sahəsindəki dərsliklərdə vardı, kimyaçılar adımı tanıyırdı. Ancaq nə Türkiyədə, nə də dünyada kimsə məni tanımırdı. İndi bir türk mükafat aldı deyə Hindistandan İngiltərəyə qədər hamı tanıyır. “10 min dollar verək gəlib çıxış edin” deyə saysız-hesabsız məktublar alıram. Bundan məmləkətim adına qürur duyuram.”[23]

Nobel mükafatlarının təqdimetmə mərasimində mühüm məqamlardan bir də mükafatı qazananların verdiyi “Nobel Dərsi”dir. Sancar bu dərsi də bir növ milli məsuliyyət hissi altında verir. Orhan Bursalıya yazdığı məktubların birində bu barədə yazır: “Salam Orhan, Nobeldə ən xoşbəxt olduğum an Nobel Dərsini verdiyim andı, çünkü həm araşdırmalarımın haqqını verdiyimi və həm də sən də daxil olmaqla salondakı bütün türkləri, ailəmi və məmləkətimi yaxşı təmsil etdiyimi hiss etdim.”[24]

Sancar, Nobel mükafatı almasına baxmayaraq, bir alim kimi onun üçün ən böyük mükafatı belə açıqlayır: “Mənim üçün ən böyük mükafat, Türk tədqiqatçıların biologiya, genetika və ya molekulyar biologiya kitablarında mənim kəşflərimə rast gəlmələri, bunları bir türk kəşf etdi demələridir.”[25]Bu fikirlərdən açıq şəkildə görünür ki, Sancarın uzunmüddətli və gərgin tədqiqatlarında əsas motivasiya mənbələrindən biri də məhz türk millətinin adını dünya elm xəzinəsinə yazdırma və bu millətin gələcək nəsillərini bu xəzinəni zənginləşdirmə yolunda cəsarətləndirmə istəyidir.

Sancar quru milliyyətçi deyil, eyni zamanda da bu yolda malını-mülkünü sərf edən insandır. 2007-ci ildə Vehbi Koç Vəqfi Sancarı 100 min dollarlıq Vehbi Koç mükafatına layiq görür. Mükafatın təqdimat mərasimindəki çıxışında Sancar bu fikirləri səsləndirir: “Öləndən sonra sərvətimin, türk tələbələrin gəlib qalacaqları bir Türk Evi qurulması üçün xərclənməsini vəsiyyət etmişdim. Mənə verdiyiniz bu 100 min dollara mən də 100 min dollar əlavə edəcəm və Türk Evinin qısa zamanda qurulmasını təmin edəcəm…”[26] Çox keçmir, Sancar bu xəyalını reallaşdırır və “Türk Evi”ni qurur. O, Nobeldən əldə etdiyi 325 min dollarlıq pul mükafatının da xərcləri çıxdıqdan sonra 315 min dollarını məhz bu evə bağılayır. “Türk Evi”nin qurulma səbəbini isə belə açıqlayır: “Mən Amerikaya gəldikdə çox çətinlik gördüm. Mənim olduğum yerdə türk yox idi. Amerikaya gələn gənclər də bu çətinliyi çəkməsin istədim. Bir də Amerikalıların 90 faizi Türkiyəni tanımır. Türk Evi üçün dövlətdən heç dəstək almadım, öz imkanlarım və millətin dəstəyi ilə 8 ildir bu ev fəaliyyət göstərir.”[27] Bu gün Şimali Karolinada uğurla fəaliyyət göstərən “Türk Evi” türk tələbələrin qalması üçün istifadə edilir və Türkiyənin tanıtımına xidmət edir.

Sancar “Türk Evi”ni yaratmaqla yanaşı, xanımı ilə birlikdə ABŞ-da oxuyan türk tələbələrə yardım etmək və Türk-Amerikan əlaqələrini inkişaf etdirmək məqsədilə “Aziz and Gwen Sancar Vəqfi”ni də qurur və hazırda bu Vəqf vasitəsilə bir çox xeyriyyə layihələrini həyata keçirir.

Sancarın vətəni üçün ən böyük arzu və istəyi, məmləkətinə tezliklə barışın gəlməsidir. Ən böyük üzüntü mənbəyinin ölkəsindəki savaş olduğunu qeyd edən Sancar, bu savaşın dayanması və Türkiyənin barışa qovuşması üçün əlindən gələni etməyə hazır olduğunu bildirir: “Həyatımda Nobel daxil olmaqla, bütün elmi nailiyyətlərimi, hər şeyimi Türkiyədəki barış üçün verməyə hazıram. Barışı təmin etmənin bir yolu varsa, onu edərəm, ona nail olmaq üçün Nobel mükafatından da imtina edə bilərəm. Nobel mükafatını geri qaytarmağa hazıram, yetər ki, ölkəmə barış gəlsin. Beynimi yoran, məni üzən həmişə bu olmuşdur.”[28]

İslam dünyası və Türkiyədə elm necə inkişaf edə bilər?

Hər bir müsəlman və türk aydını kimi Aziz Sancar da İslam dünyasında, eləcə də vətəni Türkiyədə elmin nə üçün inkişaf etmiş Qərbdən bu qədər geri qaldığı üzərində düşünür və bu barədə fikirlərini dilə gətirir. Müsahibələrindən birində bu haqda deyir: “Təkcə Türkiyədə deyil, bütövlükdə İslam dünyasında son 500 ildə elmə elə bir ciddi xidmət yoxdur. Elmlə məşğul olmaq, elm mədəniyyətini inkişaf etdirmək bir növ ənənə olmalıdır. Bunu Türkiyədə inkişaf etdirmək lazımdır. Yahudi qardaşlarımız dünya əhalisinin 2%-i təşkil edir, ancaq Nobel mükafatlarının 20%-i qazanıblar. Onlar digər insanlardan daha üstün zəkaya sahibdirlərmi? Xeyr. Onların mədəniyyətində elmə, təhsilə əhəmiyyət verilir.”[29] Yenə də klassik sual ortaya çıxır: Bəs nə etməli? Sancara görə övladlarımıza uşaq vaxtından elm sevgisi və mədəniyyəti aşılamağa başlamaq lazımdır: “Uşaqlarımıza elmi sevdirmək lazımdır. Uşaqlarımızı fizika, kimya, biologiya və texnologiya sahələrinə təşviq etmək lazımdır. Çox gənc yaşlarında onlarda təcrübə etmə vərdişi yaratmalıyıq. Təcrübə etməyə alışan insan düşünər və bu vərdiş halını alar. Bunu bir ənənə halına gətirməliyik. Hər şeyi də dövlətdən gözləməməliyik. Bunun məsuliyyəti mühüm dərəcədə də valideynlərin üzərinə düşür.[30]

Övladlarımıza elm sevgisi və mədəniyyətini aşılayacaq olanlar bir tərəfdən valideyinlərdirsə, digər tərəfdən də müəllimlərdir. Müəllimlərin cəmiyyətdəki statusu və maaşları mühüm dərəcədə yüksəldilməli, onlara elmli və bilikli nəsil yetişdirmək üçün hər cür şərait yaradılmalıdır. Sancara görə təəssüf ki, bu gün dünyada heç bir ölkədə müəllimlərə yetərincə dəyər verilmir: “Müəllimlər dünyanın hər tərəfində az təqdir edilir. Amerikada da, Avropada da, burda da belədir. Təəssüf ki, dünyanın hər tərəfində müəllimlər təqdir edilmir. Bu bizə məxsus bir cəhət deyil. Onlar uşaqlarımızı, sabahın insanlarını yetişdirən şəxslərdir. Onlara daha çox dəyər vermək lazımdır. Dünyaya təkrar gəlsəm, müəllim olmaq istərdim. Çünkü gələcəyi onlar qurur, onlar yaradır. Məncə müəllimlərin həkimlər qədər maaş almaq haqqı var.”[31]

İslam dünyası üçün zəruri olan digər bir sual da “hansı elmə daha çox üstünlük verilməlidir?” sualıdır. Aziz Sancarın bu suala birmənalı olaraq cavabı belədir: fundamental elmlərə. Həqiqətən də bu gün İslam dünyasına nəzər yetirdikdə fundamental elm sahələrində daha çox geridə qaldıqlarını, inkişafın isə daha çox bu elmlərə bağlı olduğu qənaətinə varmaq çətin deyildir. Fikrimizcə, bu barədə Sancarın İstanbul Aydın Universiteti elm və texnologiya mərkəzinin açılışında ifadə etdiyi bu fikirlərə diqqət yetirmək faydalıdır: “Hər universiteti ziyarət edərkən deyirəm. Türkiyənin inkişafı, Avropa və Amerika ilə eyni səviyyədə olması üçün fundamental elmə əhəmiyyət verməli, fundamental elmdə insan yetişdirməliyik. Texnologiya təbii ki, çox vacibdir, texnologiyanın təməlində fundamental elm dayanır. Burada bir sıra müasir cihaz gördüm, bunların üzərində xarici ölkələrin markası var. İnşallah bu məhsulları biz istehsal edərik. Fundamental elmdən ən son dərmanları istehsal etməyə, avtomobillər istehsal etməyə, təyyarələr yaratmağa qədər bütün mərhələdə öz məhsulumuz olar. Bunu bacardığımız vaxt özümüzü Avropa və Amerika səviyyəsində hesab edə bilərik.Yoxsa biz xaricdən material, maşın idxal edib burada Avropa və Amerika ilə yarışa bilmərik. Bunu təkrar edirəm, biz mütləq bunları istehsal etməliyik. Yoxsa xaricdən asılı vəziyyətdə qalırıq. Bu bizim sürətimizi yavaşladır. 2023 düşüncəmiz var. Respublikanın 100-cü ilində bizim Atatürkə, atalarımıza borcumuz var. Biz Avropa və Amerika səviyyəsində olmalıyıq, bu bizim namus borcumuzdur, vəfa borcumuzdur.”[32]

Aziz Sancardan gələcəyin elm adamlarına 15 tövsiyə

Aziz Sancar haqqında bu silsilə yazımda daha çox onun fikirlərinə, mesajlarına yer verərək, onu öz dilindən tanıtmağa və vermək istədiyi mesajları da məhz öz dilindən sizlərə çatdırmağa çalışdım. Nə qədər nail olduğumu hər halda sizlər daha doğru qiymətləndirəcəksiniz, ancaq mən yenə də üslubumu sona qədər qoruyur və yazımı bu böyük insanın gələcəyin elm adamları üçün faydalı olacağını düşündüyüm aşağıdakı tövsiyələri ilə tamamlayıram:

  1. Oxumaqla yanaşı, düşünmək üçün də özünüzə vaxt ayırın.
  2. Çox vaxt və əziyyət tələb etsə də analitik və kreativ düşünmə bacarığı əldə edin.
  3. Elm adamı kimi yaxşı kariyera əldə etmək üçün uzun illər tələb olunduğunu və bu istiqamətdə çalışmanın davamlı proses olduğunu bilin.
  4. Elm adamı kimi yetişmə prosesində hər addımda sizin inkişafınıza kömək edəcək yaxşı məsləhətçilər və müəllimlər tapın.
  5. Təhsil almaq və tədqiqat aparmaq üçün xaricə gedin, ancaq sonra mütləq ölkənizə qayıdın.
  6. Üzərində çalışacağınız bir mövzu müəyyən edin, mövcud ədəbiyyatı da araşdırın, tələb olunan qədər öyrənin.
  7. Uğurlu elm adamında üç təməl xüsusiyyət olmalıdır: biliyə əsaslanan yaradıcılıq, ciddi çalışmaq və uğursuzluq qarşısında dirənmək.
  8. Uğur, zəka ilə bağlı olduğu qədər də çalışmaqla əldə edilir. Bunun üçün səbat lazımdır, inad etmək lazımdır və çalışmaq lazımdır.
  9. Birincisi, çox çalışmaq, ikincisi ətrafınızda mövzunuzla əlaqəli hadisələri izləmək, üçüncüsü ən müasir texnologiyanı öyrənərək öz işinizə tətbiq etmək. Mənim uğurumun addımları bunlardır.
  10. Özünüzdən razı olmayın. Özündən razı olmaq Allaha yaraşır, insana yaraşmaz. Əlinizdən gəldiyi qədər təvazökar olun.
  11. Elm könül işidir, fədakarlıq işidir, maraq işidir, məmləkətinə-insanına xidmət işidir. Yəni elmə pul qazanmaq üçün gəlməyin.
  12. Elmdə heç vaxt ümüdsüzlüyə qapılmayın. Nobel aldıqdan sonra yaxşı bir jurnala göndərdiyim məqalə 4 resenzentdən 8 səhfə tənqid yazılaraq rədd edilmişdi. Yəni Nobel alanın belə məqaləsi rədd edilə bilər. Siz yaxşı tədqiqat aparsanız, əvvəl-axır mükafatınızı alacaqsınız.
  13. Gündəlik siyasətlə, dedi-qodularla məşğul olmayın, onunla məşğul olanlar var. Məmləkətə xidmət üçün elm lazımdır, Avropa və Amerika səviyyəsinə gəlmək üçün elm lazımdır.
  14. Vətən sevgisi olmasaydı bu səviyyələrə gələ bilməzdim. Çox çalışın, övladlarınıza da həm çox çalışmağı, həm də vətən sevgisini öyrədin. Məmləkətinə faydalı olan bütün dünyaya faydalı olar.
  15. Nobel mükafatı qazanmaqdan daha önəmli şeylər var: insanın ailəsi, insanlıq və ölkəsinə xidmət etməsi.

Mənbə: https://elsenbagirzade.com/tag/aziz-sancar/

[1]Aziz Sancar – Biographical“. Nobelprize.org. Nobel Media AB 2014. Web. 5 Mar 2017. http://www.nobelprize.org/nobel_prizes/chemistry/laureates/2015/sancar-bio.html

[2]Aziz Sancar – Biographical“. Nobelprize.org. Nobel Media AB 2014. Web. 5 Mar 2017. http://www.nobelprize.org/nobel_prizes/chemistry/laureates/2015/sancar-bio.html

[3]Aziz Sancar – Biographical“. Nobelprize.org. Nobel Media AB 2014. Web. 5 Mar 2017. http://www.nobelprize.org/nobel_prizes/chemistry/laureates/2015/sancar-bio.html

[4] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.66

[5] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.67

[6] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.73

[7] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.77

[8] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.126

[9] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.151

[10] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.151

[11] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.151

[12] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.176.

[13] Sancar A. (2016). “Nobel Ödüllü Aziz Sancar Habertürk’e konuştu”,  <http://www.haberturk.com/ekonomi/is-yasam/haber/1242987-nobel-odullu-aziz-sancar-haberturke-konustu>, Habertürk Gazetesi, 22.05.2016.

[14] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.15.

[15] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.14.

[16] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.8.

[17]Sancar A. (2016). “Nobel Ödüllü Aziz Sancar Habertürk’e konuştu”,  <http://www.haberturk.com/ekonomi/is-yasam/haber/1242987-nobel-odullu-aziz-sancar-haberturke-konustu>, Habertürk Gazetesi, 22.05.2016.

[18] Sancar A. (2016). “Nobel Ödüllü Aziz Sancar Habertürk’e konuştu”,  <http://www.haberturk.com/ekonomi/is-yasam/haber/1242987-nobel-odullu-aziz-sancar-haberturke-konustu>, Habertürk Gazetesi, 22.05.2016.

[19] Sancar A. (2016). “Nobel Ödüllü Aziz Sancar Habertürk’e konuştu”,  <http://www.haberturk.com/ekonomi/is-yasam/haber/1242987-nobel-odullu-aziz-sancar-haberturke-konustu>, Habertürk Gazetesi, 22.05.2016.

[20]Günlük politikayla değil, bilimle uğraşın”, http://www.gazetevatan.com/-gunluk-politikayla-degil-bilimle-ugrasin–929582-yasam>, Gazetevatan, 30.03.2016

[21]Aziz Sancar – Biographical“. Nobelprize.org. Nobel Media AB 2014. Web. 5 Mar 2017. http://www.nobelprize.org/nobel_prizes/chemistry/laureates/2015/sancar-bio.html

[22]Sancar A. (2015). “Milliyetçilik moda değil ama ben milliyetçiyim”, Sabah Gazetesi,  <http://www.sabah.com.tr/pazar/2015/12/20/milliyetcilik-moda-degil-ama-ben-milliyetciyim>, 20.12.2015.

[23] Sancar A. (2015). “Milliyetçilik moda değil ama ben milliyetçiyim”, Sabah Gazetesi,  <http://www.sabah.com.tr/pazar/2015/12/20/milliyetcilik-moda-degil-ama-ben-milliyetciyim>, 20.12.2015.

[24] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.39.

[25] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.30.

[26] Bursalı O. (2016). “Aziz Sancar ve Nobel’in öyküsü”. İstanbul: Kırmızı Kedi Yayınevi, Mayıs., s.29.

[27]Kristal Elma’ya Aziz Sancar damgası”, <http://www.hurriyet.com.tr/kristal-elmaya-aziz-sancar-damgasi-40242166> , Hürriyet gazetesi, 07.10.2016.

[28]Kristal Elma’ya Aziz Sancar damgası”, <http://www.hurriyet.com.tr/kristal-elmaya-aziz-sancar-damgasi-40242166> , Hürriyet gazetesi, 07.10.2016.

[29] Sancar A. (2016). “Prof.Dr. Aziz Sancar: 500 yıldır İslam dünyasında bilime neden doğru dürüst katkı yok?”. <http://www.hurriyet.com.tr/prof-dr-aziz-sancar-500-yildir-islam-dunyasinda-bilime-neden-dogru-durust-katki-yok-40109103>, Hürriyet gazetesi, 26.05.2016.

[30] Sancar A. (2016). “Prof.Dr. Aziz Sancar: 500 yıldır İslam dünyasında bilime neden doğru dürüst katkı yok?”. <http://www.hurriyet.com.tr/prof-dr-aziz-sancar-500-yildir-islam-dunyasinda-bilime-neden-dogru-durust-katki-yok-40109103>, Hürriyet gazetesi, 26.05.2016.

[31] Sancar A. (2016). “Prof.Dr. Aziz Sancar: 500 yıldır İslam dünyasında bilime neden doğru dürüst katkı yok?”. <http://www.hurriyet.com.tr/prof-dr-aziz-sancar-500-yildir-islam-dunyasinda-bilime-neden-dogru-durust-katki-yok-40109103>, Hürriyet gazetesi, 26.05.2016.

[32]“Aziz Sancar, “Türkiye Artık Kendi Teknolojisini Üretmeli!”, <http://etkinlik.aydin.edu.tr/haber_detay.asp?haberID=3431>, 28.05.2016.

2401 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser