UNEC-in rektoru, professor Ədalət Muradov imtahanlarda tələbə biliyinin şəffaf və obyektiv qiymətləndirilməsini universitetin prinsipial mövqeyi kimi açıqlayaraq, bu mövqeyin dəyişməz olaraq qalacağını diqqətə çatdırıb. Rektor 2024/2025-ci tədris ilinin qış imtahan sessiyanın nəticələrinin qənaətbəxş olduğunu bildirib.
İclasda İmtahan Mərkəzinin direktoru Tahir Bədəlov 2024/2025-ci tədris ilinin qış imtahan sessiyasının yekunları barədə məruzə ilə çıxış edib. Bildirib ki, sessiyada 17 mindən çox tələbənin biliyi qiymətləndirilib. Bakalavriat pilləsi üzrə imtahanlarda ən yüksək müvəfəqqiyət göstərisici 93%-lə Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) qeydə alınıb. T.Bədəlov ötən illə müqayisədə sessiya nəticələri üzrə müvəffəqiyyət göstəricisi 74%-dən 78%-ə, keyfiyyət göstəricisi isə 39%-dən 42%-ə yüksəldiyini diqqətə çatdırıb. Həmçinin o imtahanların nəticələrindən edilmiş apelyasiya müraciətlərinin sayının, eləcə də imtahanlarda intizam qaydalarının pozulması hallarının ötən illərlə müqayisədə kəskin şəkildə azaldığını bildirib.
Elmi Şurada təcrübənin təşkili şobəsinin müdiri Leyla Nəzirzadə “UNEC-də bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin təşkili və keçirilməsi” barədə yeni Qaydaları şura üzvlərinin diqqətinə çatdırıb. Qaydalar şura üzvləri tərəfindən qəbul edilib.
Sonra UNEC-in elmi katibi dos. Ərəbiyyə Mustafayeva isə 2024/2025-ci tədris ilinin II semestri üzrə Elmi Şura qərarlarının icra vəziyyəti haqqında məlumat verib. UNEC və Almaniya Federativ Respublikasının Anhalt Tətbiqi Elmlər Universiteti ilə imzalanmış Əməkdaşlıq Memoranduma əsasən “Enerji üzrə Azərbaycan-Alman Elm, Təhsil və Tədqiqat Mərkəzi”nin yaradılması haqqında qərar qəbul olunub.
Şura cari məsələlərin müzakirəsi ilə davam edib.