Fevralın 17-də “Thomson Reuters” şirkətinin nümayəndəsi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) seminar keçib.
Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən seminarda “Thomson Reuters” şirkətinin Beynəlxalq informasiya agentliyinin Elmi tədqiqatlar və əqli mülkiyyət departamentinin Tədris şöbəsinin müdiri Valeriy Boqorov “Web of Science” platformasından səmərəli istifadə barədə məlumat verib. Platformanın xüsusiyyətləri, elmi resursların axtarışı, istifadə şəkli, istinadlar və digər spesifik mövzular barədə görüş iştirakçılarına informasiya verilib.
Tədbirdə bildirilib ki, UNEC-də elmi fəaliyyətlərin stimullaşdırılması və universitetin iqtisadi tədqiqatların mərkəzinə çevrilməsi istiqamətində bir sıra addımlar atılmaqdadır. Qeyd olunub ki, “Thomson Reuters”in “WEB of Science” elmi platformasına daxil olan elmi jurnallarda məqalələr çap etdirən UNEC əməkdaşları üçün birdəfəlik pul mükafatı təsis edilib. Mükafatın təsis edildiyi qısa müddət ərzində artıq bir neçə UNEC əməkdaşının həmin elmi jurnallarda məqalələri nəşr olunub.
Yeddi nəhəng elektron elmi bazanı özündə birləşdirən “Web of Science” elmi platformasına sahib “Thomson Reuters” şirkəti Təhsil Nazirliyinin sifarişi əsasında Azərbaycanın 40 ali təhsil müəssisəsinə müvafiq platformalara tam çıxış imkanı yaradıb.
Qeyd edək ki, UNEC-də “Thomson Reuters” də daxil olmaqla, dünyanın elmi platformalarına elektron qaydada çıxış imkanlarına malik müasir kitabxana yaradılır.
Qeyd: Təhsil Nazirliyinin birbaşa dəstəyi ilə universitetlərdə aparılan elmi tədqiqatları müasir standartlar səviyyəsinə yüksəltmək və nəticələrini iqtisadiyyata tətbiq etmək, həmçinin də beynəlxalq elmi əlaqələri dərinləşdirmək istiqamətlərində bir sıra mühüm addımlar atılıb. Bu istiqamətdə ən vacib hadisələrdən biri 22 dekabr 2015-ci il tarixində Təhsil Nazirliyi ilə dünyanın aparıcı transmilli kütləvi media və informasiya şirkəti olan “Thomson Reuters Corporation”nın “İntellektual mülkiyyət və elm” bölməsi arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması olub.