Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq münasibətlər kafedrasının müəllimi, “Gənc Alimlər Şurası”nın sədri Vüqar Məmmədzadə “Mövlanə mübadilə proqramı” çərçivəsində Türkiyənin Samsun şəhərindəki Ondoqquz Mayıs Universitetində mühazirə oxuyub.
Bu müddət ərzində Türkiyə-Azərbaycan münasibətləri, Rusiyanın xarici siyasətində avrasiyaçılıq və qərbçilik meyilləri, Rusiya-Türkiyə böhranı, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının prinsipləri haqqında türkiyəli tələbələrə geniş məlumat verilib. Mühazirələrdə türkiyəli tələbə və müəllim heyətini ən çox maraqlandıran məsələlər arasında xüsusən də, təmas xəttində baş verən son hadisələr olub. V.Məmmədzadə mövzu ilə əlaqədar hazırladığı slayd vasitələrindən də istifadə edərək münaqişənin tarixi, mahiyyəti, perspektivləri haqqında məlumat verib, Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünün sadəcə bu ölkə üçün deyil, eyni zamanda region ölkələri üçün də böyük təhlükə yaratdığını tələbələrin və müəllim heyyətinin diqqətinə çatdırıb.
V.Məmmədzadə Azərbaycan-Türkiyə arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında tələbə və müəllim heyəti ilə fikir mübadiləsi aparıb, onların mövzu ilə bağlı suallarını cavablandırıb.
Mühazirələrdə tələbələrlə yanaşı professor-müəllim heyətinin də geniş iştirakı diqqət çəkib.