Yaşar Nəsibov 1995-ci il mayın 23-də Şəki şəhərində anadan olub. 2012-ci ildə Şəki şəhər Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbi qızıl medalla bitirərək, 679 balla ali məktəbə qəbul olub. Prezident təqaüdçüsü olub. Bakı Mühəndislik Universitetinin dünya iqtisadiyyatı ixtisasını qırmızı diplomla bitirib. UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr təhsili alır. Asudə vaxtlarında biliklərini artırmaq üçün müxtəlif mənbələrdən iqtisadi məqalələr oxumağı sevir.
– Magistratura imtahanında ən yüksək nəticəni göstərərək, mümkün 100 baldan 99 bal toplamısınız. Bu göstəricilər sizə ölkənin istənilən ali təhsil müəssisəsində magistr təhsili almaq imkanı yaradırdı. Sizi UNEC-ə gətirən səbəbi oxucularımızla paylaşmağınızı xahiş edirik.
– Əvvəlcə onu demək istəyirəm ki, respublika birincisi olmağı qarşıma məqsəd qoymuşdum. Uğur qazanmaq üçün ailəmin, yaxınlarımın və müəllimlərimin dəstəyi çox böyük oldu. Əgər qarşına məqsəd qoyursansa, onun üçün çalışmaq lazımdır və o zaman nəticəni mütləq görmək olur. Düşünürəm ki, UNEC-i seçmək bir addım öndə olmaq anlamına gəlir. Belə ki, UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi təhsil sahəsində əsaslı dəyişiklər edib və Avropanın nüfuzlu universitetlərindən professorlar dəvət edərək təhsildə keyfiyyət prinsipini əsas tutur. Daha çox ixtisasyönlü dərslərə üstünlük verilməsi və diplom işi üçün bir il vaxt ayrılması dəyişikliklərin uğurlu olmasının təminatıdır. Magistra belə şərait yaradan bir təhsil ocağının imkanlarından mütləq yararlanmaq lazımdır.
– Karyeranızla bağlı planlarınız nədən ibarətdir?
– UNEC-də oxuduğum müddətdə ixtisasım üzrə müxtəlif şirkətlərdə iş təcrübəsi toplayaraq statistik, analitik biliklərimi artırmaq. Eyni zamanda RStudio, Python, Stata, Eviews proqram biliklərimi genişləndirərək ixtisaslı kadr olmaq. Gələcəkdə isə iqtisadi və ya data analitik kimi dünyanın qabaqcıl şirkətlərindən birində çalışmaq istəyirəm.