Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Fransanın Montpelliye Universiteti (Université de Montpellier) arasında sıx əməkdaşlıq əlaqələri genişləndirilir. UNEC ERASMUS+ proqramı çərçivəsində Montpelliye Universitetinin rəhbərlik etdiyi “NİZAMİ” layihəsində də tərəfdaş universitet timsalında iştirak edəcək.
Montpelliye Universitetinin prorektoru Fransua Henn may ayında UNEC-in rektoru professor Ədalət Muradovla görüşündə tələbə mübadiləsi və ikili diplom proqramların reallaşdırılması haqqında təklifi irəli sürmüşdür.
Bu layihələrin həyata keçirilməsi ilə əlaqədar Montpelliye Universitetinin Menecment Məktəbinin (Université de Montpellier Scol Universitaire de Managment İAE) direktor müavini professor Emmanuel House UNEC-in qonağı olub. Görüş zamanı qonaq universitetlə yaxından tanış olub. Nəzərdə tutulan layihələr müzakirə edilib, ikili diplom və tələbə mübadiləsi proqramlarının detalları ətrafında fikir mübadiləsi aparılıb.
Emmanuel House və Fransa Respublikasının Azərbaycandaki səfirliyinin nümayəndəsi ilə birgə UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin və “SABAH” qrupaların tələbələri ilə görüşlər keçirib. Növbəti semestrdə Fransanın Montpelliye Universitetinə tələbələrimizin bir semestrlik mübadiləsi həyata keçiriləcək. Həmçinin 2016-2017-ci tədris ilində Beynəlxalq Menecment və Biznes ixtisası üzrə bakalavr səviyyəsində ikili diplom proqramının reallaşmasına başlanılacaq. Qeyd edək ki, bu proqramların həyata keçirilməsi ilə bağlı universitetlər arasında anlaşma memorandumu və tələbə mübadiləsi müqaviləsi imzalanıb. Bu ilin dekabr ayında isə ikili diplom razılaşması üzrə müqavilənin imzalanması gözlənilir.