Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra filialın direktor əvəzi Təranə Abasova 20 Yanvarın xalqımızın istiqlal tarixinin qanlı hərflərlə yazılan şanlı səhifəsi olduğunu bildirib.
Filialın İqtisadiyyat fakültəsinin dekanı, dosent Mahir Mehtiyev və “Ümumi iqtisadiyyat” kafedrasının müdiri, professor Verdi Mütəllimov çıxış edərək bildiriblər ki, istiqlal tariximizin ən qanlı səhifəsi olan 20 Yanvar faciəsindən bir gün sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımızın kədərini bölüşüb, SSRİ rəhbərliyinin ölkəmizdə həyata keçirdiyi qanlı cinayəti bütün dünyaya bəyan edib. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.
Qeyd edilib ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib.
UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının professoru Elnur Sadiqov bildirib ki, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət sayəsində ölkəmizin müstəqilliyi möhkəmlənib, beynəlxalq nüfuzu daha da artıb. Bu gün Azərbaycan keçmiş sovet respublikaları arasında siyasi, iqtisadi və müdafiə sahələrində müstəqil siyasət yürüdən yeganə ölkədir.