UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri, gənc siyasi alim Nərgiz Hacıyeva ABŞ-ın Miçiqan Universitetinin “Weiser” post-doktoral (WPD) təqaüd proqramını uğurla başa vuraraq, “Weiser Alimi” adına layiq görülüb.
Miçiqan Universitetində tədqiqat üçün ilk azərbaycanlı alim olaraq, seçilmiş Nərgiz Hacıyeva 3 ay davam edən proqram çərçivəsində Qarabağ nümunəsində post-konflikt ərazilərdə elm və təhsilin rolunu araşdıran elmi layihə üzərində çalışıb. O, bu layihəni Miçiqan Universitetinin tanınmış professoru Con Brançla birgə həyata keçirib.
Bununla yanaşı, Nərgiz Hacıyeva Miçiqan Universitetinin Qadın və Gender Araşdırmaları İnstitutunun tədqiqatçısı kimi seçilərək, bu sahədə üzrə də önəmli uğur əldə edib. Gənc alim Qarabağa dair tədqiqatının nəticələri əsasında hazırlanan monoqrafiya üzərində redaksiya işlərini də uğurla başa çatdırıb.
Proqram dövründə Nərgiz Hacıyeva Miçiqan Universitetinin Siyasi Elmlər Məktəbində “Enerji Siyasəti” mövzusunda dərs deyərək, həm tədris, həm də tədqiqat fəaliyyətində yüksək peşəkarlıq nümayiş etdirib. O, bu uğurla UNEC-in qlobal elm və təhsil məkanında daha da tanınmasına töhfə verib.
ABŞ-da tədqiqat apardığı dövründə Nərgiz Hacıyevanın növbəti səmərəli fəaliyyəti rəhbəri olduğu UNEC Xanım Tədqiqatçılar Şurası ilə bağlı olub. Belə ki, onun birbaşa təşəbbüsü ilə UNEC Xanım Tədqiqatçılar Şurası və Miçiqan Universiteti arasında birgə təşkilatçılığı ilə beynəlxalq forum keçirilib.
Forumda 25 fərqli ölkəni təmsil edən 40-dan çox qadın professorun iştirakı ilə elm, təhsil və sosial-iqtisadi inkişaf sahələrində qadın tədqiqatçıların rolu, onların qarşılaşdığı çətinliklər və yeni imkanlar mövzularında geniş müzakirələr aparılıb. Forum, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və qadın alimlərin elmi nailiyyətlərinin təşviq edilməsi baxımından əhəmiyyətli platforma rolunu oynayıb.
UNEC-in gənc əməkdaşı ABŞ-ın Miçiqan Universitetində “Weiser Alimi” adına qazanıb