Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və ABİD-in birgə təşkilatçılığı ilə baş tutan toplantıya dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rektorları da qatılıblar.
Tədbirdə çıxış edənlər müxtəlif ölkələrdə yaşayan alimlərimizin dərnəyə qoşulmasının ABİD-in gələcək fəaliyyətinə verə biləcəyi töhfələrdən danışıblar. ABİD-in yaradılmasının elm, təhsil, eləcə də milli birliyimizə xidmət edən mühüm təşəbbüs olduğunu vurğulayıblar.
İki gün davam edən toplantıda Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, universitetlərin gələcək dayanıqlılığının artırılması istiqamətində birgə fəaliyyətin aparılması, ortaq seminarların, layihələrin təşkili məsələləri müzakirə olunub.
Qeyd edək ki, ABİD-in yaradılmasının əsas məqsədi Qarabağ zəfərindən sonra Azərbaycandakı inkişaf proseslərinə, xüsusilə ölkəmizin elm və təhsil sahəsinə töhfə vermək, o cümlədən dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclərin magistr və ya doktorantura proqramlarına dəstək olacaq bilik bankını yaratmaq, gənclərimizin dünyada yaşayan elm adamlarımızı daha yaxından tanımalarına, onlarla ünsiyyət qurub bu insanların biliklərindən faydalanmalarına şərait yaratmaqdır.