Oktyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbələri ilə görüşüb.
Rektor tələbələrə universitetdəki yeniliklər, tədris prosesi haqqında ətraflı məlumat verib. Beynəlxalq İqtisadiyyat Məktəbinin üstünlüklərindən söz açıb. Rektor bildirib ki, burada tədris prosesi tamamilə qərb universitetlərinin proqramlarına uygunlaşdırılıb. Tədrisin ingilis dilində olması isə tələbələrimizin əmək bazarında gərəkli kadrlara çevirməsinə kömək edir. Beynəlxalq İqtisadiyyat Məktəbində beş ixtisas üzrə bakalavr, iki ixtisas üzrə isə magistr hazırlandığını bildirən rektor gələcəkdə bu ixtisasların artırılacağını qeyd edib.
“Məqsədimiz UNEC-də elitar təhsil qurmaqdır”- deyən rektor vurğulayıb ki, universitet nüfuzunun yüksəldilməsində tələbə və müəllim heyətinin əhəmiyyəti böyükdür.
Tələbələrə özünü realizə etməyin üsullarından danışan rektor, İnnovativ Biznes İnkubatoru haqqında da məlumat verib. Eyni zamanda onları universitetin ictimai həyatında fəal olmağa, asudə vaxtlarının səmərəli keçirililməsi məqsədi ilə universitetin online radiosu olan Radio UNEC-in imkanlarından istifadə etməyə çağırıb.
Qeyd: 2015/2016-cı tədris ilində Beynəlxalq İqtisadiyyat Məktəbinə 175 tələbə qəbul olunub. UNEC-ə 600-dən yuxarı balla daxil olan 104 tələbənin 51-i Beynəlxalq İqtisadiyyat Məktəbini seçib. Daxil olan tələbələrin orta bali 538-dir. Maliyyə ixtisası üzrə orta bal 613, Muhasibat Uçotu ixtisası üzrə isə orta bal 590-dır.