Mənbə: trend.az
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun Trend-ə müsahibəsi
– Sovet dövründə Azərbaycanın ən nüfuzlu ali məktəblərindən olan İqtisad Universiteti hazırda ölkənin çoxsaylı ali məktəbləri sırasında özünü nüfuzlu məktəb sayırmı?
– Bizim universitet şübhəsiz ki, nüfuzlu ali məktəbdir. Nüfuz nə ilə ölçülür? Tələbələrin sayına görə. Bu universitet təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda iqtisad yönümlü ən böyük universitetdir. Bizim universitetimiz yeganə ali məktəbdir ki, 4 dildə – ingilis, rus, türk və Azərbaycan dillərində tədris həyata keçirir. Bizim universitetimiz yeganə ali məktəbdir ki, xarici ölkədə – Rusiyada filialı var. Universitetimiz yeganə dövlət universitetidir ki, onun İSO beynəlxalq keyfiyyət standartı var. Universitetimiz “Webometrics” Beynəlxalq Reytinq Agentliyinin 31 iyul, 2015-ci il tarixində açıqladığı sıralamaya görə, Azərbaycanda birincidir. Bunlar universitetimizin nüfuzundan xəbər verir. Amma təbii ki, bu, bizi qane etmir. Universitetimizin beynəlxalq miqyasda daha çox nüfuz qazanmaq istiqamətində hədəfləri var və bu istiqamətdə işləyirik. Bütövlükdə, hesab edirəm ki, İqtisad Universitetinin qarşısına qoyduğu vəzifələrə nail olması baxımından bütün potensialları var.
– Universitet tədrisin keyfiyyətinin yüksəldilməsi üçün hansı yeni layihələrin icrasına başlayıb?
– Biz 2015/2016-cı tədris ilinin Elmi Şuramızın 29 iyun tarixli qərarı ilə “Keyfiyyət ili” elan etmişik. Tədrisin keyfiyyətinə təsir edən amillər hansılardır? Düşünürük ki, birinci müəllim amilidir. İkinci tələbə, üçüncü isə müəllimin biliyinin tələbəyə ötürülməsinə imkan verən texnologiyalardır. Müəllim nə qədər savadlıdırsa, müasir biliklərə sahibdirsə, tələbəsini sevərsə və biliyini tələbəyə ötürməkdə maraqlıdırsa, şübhəsiz ki, onda keyfiyyət yaxşı olacaq. İkincisi, tələbələr müəllimin onlara ötürmək istədiyi biliyi qavramaq iqtidarındadırlarsa, onları anlaya bilirlərsə, şübhəsiz, bu, keyfiyyətə müsbət təsir edir. Üçüncüsü, tədrisdə ən müasir metodlardan istifadə edilməlidir. Yeni texnologiyalar tətbiqi etmədən müasir metodları həyata keçirmək mümkün deyil. Bu baxımdan biz universitetin əsas korpusunu bütövlükdə elektronlaşdırmışıq. Korpusdakı 53 auditoriyanın hamısında projektor və elektron tribuna quraşdırılıb. Bunun mahiyyəti nədir? Elektron tribunada kompüter yerləşdirilib. Müəllim kompüteri işə salan zaman avtomatik projektor işə düşür. Müəllim özünün bütün materialını tələbəyə projektor vasitəsilə ötürə bilir. Bütün 53 tribunanın internetə çıxışı təmin edilib.
Müəllimlərin istifadə etdiyi jurnal da artıq elektron jurnaldır. Müəllim artıq tələbənin davamiyyətini ancaq elektron jurnalda həyata keçirir. Müəllim seminar balını elektron jurnalda qeyd edir. Dərsə davamiyyət üzrə 25 faizlik limiti aşan tələbə imtahan buraxılmır. Bu proqram təminatı özü avtomatik xəbər verir ki, hansısa tələbə 25 faiz limiti keçib, imtahana buraxılmır. İmtahana qədərki seminarlar üzrə orta balları da proqram təminatı özü hesablayır. Ən vacibi, həmin o tribunada müəllimin, eləcə də tələbənin özünün işçi kabineti var. Müəllimin işçi kabinetində onun bütün dərs materialları yerləşdirilib. Müəllim auditoriyada ancaq öz işçi kabinetinə daxil olur, mövzu üzrə təqdimatını götürür və tələbəsinə təqdim edir.
Tələbə də müəllimin işçi kabinetinə giriş imkanına malikdir. Tələbə müəllimin dərs materiallarından istifadə etmək hüququna malikdir. Tələbə bu və ya digər səbəblərdən dərsdə iştirak etmədikdə əlavə olaraq, oxumaq istəyən tələbə müəllimin dərs materiallarından istifadə edir. Müəllimlərin fəaliyyətinin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün bir il əvvəl “Gənc professor” layihəsinə başlamışıq. Bu layihəyə 6 nəfər cəlb olunub. Bunlar yaşı 40-dək olan iqtisadiyyat üzrə fəlsəfə doktorlarıdır. Onları elmlər doktoru üzrə doktoranturaya qəbul etmişik. Burada özəllik ondadır ki, onların hər birinin iki məsləhətçisi var – bir məsləhətçi Azərbaycan, digəri Türkiyə tərəfindən. Həmin layihələrin 6 iştirakçısının hamısı bu il 1 ay müddətində Türkiyənin müxtəlif universitetlərdə tədqiqatlar aparıb. Yay aylarında biz “Gənc müəllimlər” layihəsini də həyata keçirdik. Layihəyə 411 nəfər müraciət etdi. İlkin mərhələdə biz onların arasından 117 nəfəri seçmişik. Onlardan 20 nəfəri artıq universitetdə müəllim, laborant və digər vəzifələrə cəlb edilib. Düşünürük ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almış gənclərimizin universitetə cəlb edilməsi ilə biz tədrisin keyfiyyətini və eləcə də ən müasir bilikləri tələbələrimizə çatdırmağa şərait yaradacayıq.
Bundan əlavə, biz Beynəlxalq İqtisadiyyat Məktəbi yaratmışıq. Burada ixtisas üzrə tədris ingilis dilində həyata keçirilir. Universitetimizdə təhsil naziri Mikayıl Cabbarovun təşəbbüsü ilə yaradılan “Sabah” qrupu tələbələrinin 30 faizi təhsil alır. Təxminən 3 ay əvvəl Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaratmışıq. Burada da məqsədimiz magistr və doktorantlarımıza ikili diplomların verilməsini təmin etməkdir. Biz Türkiyənin ən nüfuzlu 5 universiteti ilə müqavilə imzaladıq və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində ikili diplom üzrə proqramlara başlayacağıq. Keyfiyyətin artırılması üçün London Universitetinin beynəlxalq proqramlarına qoşulmuşuq. Tələbələrimiz London Universitetinin London İqtisad Məktəbində oxumaqla həm universitetimizin, həm də həmin məktəbin diplomunu alacaqlar. Fransanın çox qədim universiteti olan Montpellier ilə ilkin razılığa gəlmişik. Onlarla imzalanan müqaviləyə əsasən, bizim tələbələrə ikili diplom verəcəklər. Tələbələrimiz ancaq 4-cü kursu Fransada Man Pele Universtetində oxumaqla bu təhsil ocağının da diplomunu əldə edəcəklər. Rusiyanın iqtisad yönümlü ən nüfuzlu ali məktəbi olan Ali İqtisad Məktəbi ilə apreldə Moskvada müqavilə imzaladıq. İyun ayında bu universitetin rektoru bizim universitetə qonaq gəldi. Bu universitetlə də ikili diplom proqramlarının həyata keçirilməsinə başlayırıq.
– Azərbaycan gənclərinin elmə marağının azalması tendensiyası müşahidə edilir. İqtisad Universitetini bitirən gənclərin elmi tədqiqatla məşğul olmağa marağı varmı?
– Ölkənin gənclərinə xas olan problemlər bizim məzunlara da xasdır. Deyə bilmərik ki, biz burada istisnayıq. Biz gənc müəllimlərə şərait yaratmaqla, onları doktoranturaya təhsil almağa motivasiya etmiş oluruq. Xaricdə magistratura təhsili alıb qayıdan gənci müəllim kimi işə götürməyimizin birinci amili odur ki, onun gələcək həyatını müəllimlik peşəsi ilə bağlamağa nə qədər hazır olduğunu müəyyən edək. Əgər bu peşəyə bağlıdırsa, şübhəsiz ki, onun növbəti elmi dərəcələr almasına zərurət var və biz onları doktoranturaya təhsil almağa motivasiya edirik. Biz müəllimlərimizi gəncləşdirməklə onların elmə gəlməsini təşviq edirik. Düşünürəm ki, İqtisad Universitetinin doktoranturasına qəbulla bağlı problem olmayacaq. Əminəm ki, bu il payız ayında keçiriləcək doktoranturaya qəbulda tələb təklifi dəfələrlə üstələyəcək.
– Universtitetin 4 korpusu Bakının müxtəlif ərazilərində yerləşir. Universitet kampus yaratmağı nəzərdə tuturmu?
– Bu barədə düşünürük. Universitetin 4 binasının Bakının müxtəlif yerlərində olması idarəetmə baxımından problemlər yaradır. Bu, keyfiyyətə də müsbət təsir göstərməyən amildir. İqtisad Universitetinin özünün kampusu olsa, bu, tədrisin təşkili baxımından çox böyük bir üstünlük olar. Ən azı, tələbələr bir məkanda cəmləşər, onların yataqxanası, tədrisi də orada olar. Tələbələrlə daha sistemli iş aparmaq olar. Bu baxımdan, biz bunu çox istəyirik, bu barədə çox ciddi düşünürük.
– İqtisad Universitetinin Dərbənd filialına tələbə qəbulu nə zaman bərpa ediləcək?
– Orada qanunsuz qəbullar həyata keçirildi. Ona görə də Dərbənd filialımıza tələbə qəbulunu ötən il dayandırdıq. Bu il də ora qəbul həyata keçirmədik. İki ildir ki, bu filiala bilərəkdən tələbə qəbulu həyata keçirmirik. Şəffaf bir sistem qurulduqdan sonra Dərbənd filialına tələbə qəbulu şübhəsiz ki, həyata keçiriləcək.
Müsahibəni apardı: müxbir İlhamə İsabalayeva