Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Mühasibat uçotu fakultəsinin 1-ci kurs tələbələri ilə görüş keçirib. Rektor universitetin nüfuzunun yüksəlməsi üçün həyata keçirilən tədbirlərdən danışıb.
Rektor çıxışında ikili diplom proqramları, Beynəlxalq İqtisadiyyat Məktəbi və “Elektron universitet” layihələri haqda məlimat verib. Bildirib ki, uğurların davamlı olması üçün UNEC müəllimləri dünya universitetlərinin müəllimləri ilə rəqabət apara bilməli, bununla yanaşı, tələbələrin bilikləri daha yüksək səviyyədə olmalıdır. Keyfiyyətli kadrların hazırlanması üçün universitetə gənc, təcrübəli və xaricdə təhsil alan müəllimlərin cəlb olunduğunu qeyd edən rektor bildirib ki, xarici universitetləri bitirərək UNEC-də dərs deyən 121 müəllimin 68-i Avropa, Amerika, Kanadada təhsil alıb. Gənc və təcrübəli kadrların universitetə cəlb olunması prosesi daha da sürətləndiriləcək.
Rektor universitetdə müəllim-tələbə münasibətinin şəffaf olmasını xüsusi vurğulayıb. Bildirib ki, tələbə universitetin “güzgüsüdür”. Biz universitetdə bilikli, savadlı tələbə ilə yanaşı, şəxsiyyət yetişdiririk. Müəllim və tələləbər qarşılıqlı hörmət prinsiplərinə əməl etməlidir.
Bilikli tələbələrin stimullaşdırılmasından danışan Ə.Muradov qeyd edib ki, universitetə 600-dən yuxarı bal toplayaraq qəbul olan tələbələrə hər ay 100 manat təqaüd verilir və imtahanlarda yüksək nəticələr əldə edən tələbələrin stimullaşdırılması prosesi davam edəcək. Rektor bu yeniliklərdən yararlanmaq üçün tələbələrin dərslərinə ciddi yanaşmalarını tövsiyə edib.
Tələbələrə asudə vaxtlarını daha səmərəli keçirmələri üçün UNEC-də yaradılan “Yaradıcılıq Mərkəzi”nin, Radio UNEC-in, idman zallarının imkanlarından yararlanmaq məsləhət görülüb.
Sonda 1-ci kurs tələbələrini narahat edən suallar cavablandırılıb, təklifləri dinlənilib.