UNEC-in şəhid məzunu Mürsəl Kazımlının xatirəsi yad edilib

17 SENTYABR 2021 | VIEWS:
25

UNEC kollektivi şəhid Mürsəl Kazımlının məzarını və ailəsini ziyarət edib.

Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, dekan müavini Azər Qarayev, UNEC THİK sədri Rüfət Süleymanlı və QƏTM THİK sədri Günay Ağazadə Suraxanı rayonu, Günəşli qəsəbəsindəki Şəhidlər xiyabanında şəhidin məzarı önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra şəhidin ailəsi ziyarət edilib. Şəhidin atası Kamil Kazımov və anası Lalə Əliyeva övladları haqqında xatirələrini bölüşüblər. Fakültə dekanı Hafis  Hacıyev Mürsəlin tələbəlik illərindən danışıb, onun savadlı, bacarıqlı, dərslərinə məsuliyyətlə yanaşan bir tələbə olduğunu deyib.

Sonra şəhidin ailəsinə UNEC-in Fəxri Fərmanı, şəhidə özəl olaraq  hazırlanmış xatirə hədiyyəsi təqdim edilib.

Mürsəl Kazımlı haqqında

Mürsəl Kazımlı 23 iyul 1992-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 2010-cu ildə  613 balla UNEC-in Mühasibat uçotu və audit fakültəsinə daxil olub. 2014-ci ildə universiteti zərbəçi kimi bitirib. Məzun olduqdan sonra həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 2016-cı ildə 2 saylı Tibb kollecində mühasib kimi başlayıb.

2020-ci il sentyabrın 28-də qismən səfərbərliklə hərbi komissarlığa çağırılıb, sonra isə döyüş bölgəsinə göndərilib. Füzuli, Cəbrayıl və Zəngilan istiqamətlərində döyüşüb. Oktyabrın 23-də Füzuli rayonunun Kürdlər kəndində qəhrəmancasına şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

*

https://news.unec.edu.az/xeber/105-telebe/7800-bold-unec-in-shehid-mezunu-mursel-kazimlinin-xatiresi-yad-edilib-bold

26 1