1983-cü il avqust ayının 12-də Bakı şəhərində anadan olmuşdur.
2000-ci ildə Bakı şəhəri 129 saylı orta məktəbi fərqlənmə attestatı ilə bitirdikdən sonra həmin ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinə daxil olmuş, 2004-cü ildə bakalavr, 2006-cı ildə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2008-2012-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının doktorantı (qiyabi) olmuş, 2017-ci ildə isə M.Füzuli adına Əlyazmalar İnstitutunda 3356.01-“Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisasında yaradılmış Birdəfəlik Dissertasiya Şurasında “Cəmiyyətdə informasiya mədəniyyətinin formalaşmasında kitabxanaların iştirakı” adlı dissertasiya işini müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 17 noyabr 2017-ci il tarixli (protokol №29-K) qərarına əsasən tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Təhsilini davam etdirməklə bərabər 2006-cı ildən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında kitabxanaçı, böyük kitabxanaçı, bölmə müdiri kimi vəzifələrdə, 2011-2019-cu illərdə Kitabxanaların metodik təminatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
*
2019-cu ilin mayından etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzinin direktoru vəzifəsini icra edir.
2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə və səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmana layiq görülmüşdür.