N.Nərimanov rayonu Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbində aprel şəhidinin 24 yaşının tamam olması münasibətilə tədbir keçirilib. Tədbirdə M.Mirzəyevin təhsil aldığı UNEC-in İqtisadiyyat fakültəsinin rəhbərliyi də iştirak edib. Öncə UNEC kollektivi, şəhidin ailə üzvləri, tələbə yoldaşları və yaxınları şəhidin məzarını ziyarət ediblər.
Tədbirdə UNEC-in dekan müavini Rahim Mürsəlov M.Mirzəyevin universitetdə təhsil aldığı dövrdən danışıb. Bildirib ki, Mahir öz çalışqanlığı, dərsə məsuliyyətlə yanaşmağı ilə yanaşı, həm də vətənpərvərliyi ilə müəllim və tələbə yoldaşlarının sevimlisinə çevrilmişdi. Mahirin universitetin ictimai həyatında da fəal rol oynadığına diqqət çəkən dekan müavini onun vətənpərvərliyə aid bütün tədbirlərdə fəal iştirakından danışıb. O, Mahirin əziz xatirəsinin daim universitetdə əziz tutulduğunu bildirərək, bütün UNEC ailəsinin onunla qürur duyduğunu bildirib.
M.Mirzəyevin atası Sabir Mirzəyev aprel döyüşlərində şəhid olan əsgərlərin milləti, torpağı öz canlarından yüksəkdə tutduqlarını bildirib. Oğlu Mahirlə qürur duyduğunu bildirən şəhid atası, topraqlarımızın tezliklə işğaldan azad olunacağına əminliyini ifadə edərək, Ali Baş komandanın əmrinə hər zaman hazır olduğunu qeyd edib.
Tədbirdə aprel şəhidinin bacısı, UNEC-in tələbəsi Ayğun Mirzəyevə, Mahirin tələbə yoldaşları, yaxınları onunla bağlı xatirələrini bölüşüblər.
Sonda Mahir Mirzəyevin qısa ömür yolu haqda film nümayiş olunub.