UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov Azərbaycan Texnologiya Universitetinin (ATU) professor-müəllim heyəti ilə görüşüb.
UNEC-lə ATU arasında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində keçirilən görüşdə Z.Məmmədov “Elm və təhsilin sintezi: dünya təcrübəsi və aktual meyillər” mövzusunda çıxış edib. UNEC professoru klassik və çağdaş ali təhsil müəssisələrinin elm və təhsilə yanaşmasında ortaya çıxan əsas prinsip fərqlərindən danışıb. Ali təhsil müəssisələrinin elmi tədqiqat istiqamətinə geniş yer verməli olduğunu diqqətə çatdırıb. Azərbaycanlı tədqiqatçı alimlərin məqalələrinin beynəlxalq elmi nəşrlərdə dərc edilməsinin əhəmiyyəti haqqında da danışan Zahid Məmmədov bu sahə üzrə ən nüfuzlu mənbələrlə iş qurmağın yolu və faydaları barədə fikirlərini bölüşüb.
Professor Zahid Məmmədov daha sonra UNEC-də professor-müəllim heyətinin əməyinin qiymətləndirilməsində tətbiqinə başlanan differensial əmək haqqı sistemi barədə məlumat verib, yeni üsulun effektivliyini və digər universitetlərdə də tətbiqinin faydalı olacağını diqqətə çatdırıb.
UNEC professorunun səsləndirdiyi mülahizələr ətrafında geniş fikir mübadiləsi aparılıb.