Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq magistratura və doktorantura mərkəzi ilə Türkiyənin nüfuzlu universitetləri arasında ikili diplom proqramların həyata keçirilməsinə dair razılıq əldə olunub.
UNEC-in Türk dünyası işlətmə fakültəsinin dekanı Ferruh Tuzcuoğlu və İqtisadiyyat və işlətmə kafedrasının müdiri Fariz Əhmədov Beynəlxalq magistratura və doktorantura mərkəzinin işinin təkmilləşdirilməsi məqsədilə Türkiyədə işgüzar səfərdə olublar. Görüşlərdə UNEC Beynəlxalq magistratura və doktorantura mərkəzində bir sıra ixtisaslarda ikili diplom proqramlarının təşkili məsələləri müzakirə olunub.
UNEC nümayəndələri səfər ərzində Türkiyə Yüksək Təhsil Qurumunun (YÖK) Nəzarət departamentinin sədri, professor Ömer Anayurt, Qazi Universitetinin rektoru, professor Süleyman Büyükberber, Sakarya Universitetinin rektoru, professor Muzaffer Elmas və İstanbul Universitetinin rektoru, professor Mahmut Ak ilə görüşlər keçirib.
Görüşlərin nəticəsi olaraq, Türkiyənin nüfuzlu universitetlər ilə əldə edilən razılığa əsasən, magistratura səviyyəsində Qazi universiteti ilə “Biznesin idarə edilməsi”, Sakarya Universiteti ilə “Turizm və Otelçilik”, İstanbul Universiteti ilə “Beynəlxalq münasibətlər” ixtisasları üzrə birgə ikili diplom proqramların həyata keçirilməsi barədə razılıq əldə olunub. Türkiyə universitetlərinin rektorlarının müvafiq əmri ilə bu istiqamətdə işin daha sürətli təşkili üçün Komissiyalar yaradılıb.
Görüşlərdə Türkiyə universitetlərinin rektorlarına UNEC adından 85 illk yubileyə həsr edilən plaket təqdim edilib.
Qeyd edək ki, cari ilin sentyabr ayında Azərbaycan Dövlət İqtisad Universiteti ilə ODTÜ, Qazi, Hacettepe, Bilkənd, TOBB universitetləri arasında ikili diploma dair memorandum imzalanıb.