UNEC Biznes Məktəbinin MBA proqramına qəbul olduqları üçün magistrləri təbrik edən rektor, UNEC-i seçdikləri üçün onlara təşəkkürünü bildirib, təhsillərində və karyeralarında uğurlar arzulayıb.
MBA proqramının beynəlxalq akkreditasiyalarından bəhs edən Ə.Muradov ölkədə ilk dəfə olaraq UNEC Biznes Məktəbinin Avropada biznes təhsili üzrə ən nüfuzlu assosiasiya olan EFMD təşkilatına tam hüquqlu üzv qəbul edildiyini bildirib. O, EFDM təşkilatının MBA proqramı məzunlarına Avropa Birliyi ölkələri və digər qlobal regionların əmək bazarına birbaşa çıxış imkanı yaratdığını qeyd edib. Ə.Muradov UNEC Biznes Məktəbinin Beynəlxalq Mühasiblər Assosiasiyasının üzvü olan ACCA tərəfindən akkreditasiya edilməsini böyük uğur adlandırıb. Mühasibat uçotu üzrə təhsil alan magistrlərin F1-F9 üzrə imtahanlardan azad edildiyini diqqətə çatdıran rektor UNEC-in MDB məkanında MBA proqramı ACCA təşkilatına bu şərtlərlə üzv olan yeganə universitet olduğunu bildirib. O, dünyanın ən nüfuzlu universitetlərində azadedilmələrin F1-F7 səviyyəsində tətbiq edildiyini qeyd edərək, bu amil UNEC Biznes Məktəbi məzunlarını əmək bazarında daima bir addım öndə edir.
Görüşdə magistrlərə UNEC-in İnnovativ Biznes İnkubatoru haqqında məlumat verilib, uğurlu startap layihələrindən bəhs edilib. UNEC-in öz biznes ideyasını reallaşdırmaq istəyən magistrlərə tam dəstək nümayiş etdirəcəyi bildirilib. Magistrlərin axşam növbəsində təhsil aldıqlarına diqqət çəkilərək, bu tədris ilindən etibarən kitabxanada iş saatının 22:00-dək uzadıldığı deyilib. Keyfiyyətli təhsilin təməlində zəngin kitabxananın dayandığı vurğulanaraq, ilin sonuna qədər UNEC-də 7 gün 24 saat fəaliyyət göstərəcək müasir standartlara cavab verən kitabxananın istifadəyə veriləcəyi bildirilib.
Sonda magistrləri maraqlandıran suallar cavablandırılıb.