Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 13-cü Beynəlxalq Türk Dünyası İctimai Elmlər Konqresi keçiriləcək. İctimai elmlər sahəsində özünəməxsus yeri olan ənənəvi tədbirdə 236 elmi işin məruzəsi və müzakirəsi həyata keçiriləcək. Tədbirə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, müxtəlif ölkələrdən 250-ə yaxın elm adamının və 10-na yaxın xarici universitet rektorlarının qatılacağı gözlənilir.
Konqres UNEC başda olmaqla Türk Dövlətlərinin tanınmış ali məktəbləri olan İstanbul Universiteti (Türkiyə), Qazi Universiteti (Türkiyə), Sakarya Universiteti (Türkiyə), Uludağ Universiteti (Türkiyə), Cəlal Bayar Universiteti (Türkiyə), Bülent Ecevit Universiteti (Türkiyə), Giresun Universiteti (Türkiyə), Nevşehir Hacı Bektaş Veli Universiteti (Türkiyə), Qızıl Orda Korkut Ata Dövlət Universiteti (Qazaxıstan), Miras Universiteti (Qazaxıstan), İqtisadiyyat və Biznes Universiteti (Qırğızıstan), Beynəlxalq Vizyon Universiteti (Makedoniya) və Tbilisi Dövlət Universitetinin (Gürcüstan) tərəfindən təşkil olunur.
13-cü Türk Dünyası İctimai Elmlər Konqresi 28-30 oktyabr tarixlərində keçiriləcək. Açılış 28 oktyabr saat 10:00-da UNEC-in əsas binasının böyük akt zalında keçiriləcək. Konqresdə elmi işlərin məruzəsi və müzakirəsi 28-29 oktyabr tarixlərində UNEC-in IV korpusunda təşkil olunacaq.
Qeyd: Türk Dünyası İctimai Elmlər Konqresi indiyədək Türkiyə, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Ukrayna kimi müxtəlif ölkələrdə təşkil olunmuş və türk dünyasının aparıcı universitetləri arasında səmərəli və dayanıqlı elmi əməkdaşlıq və araşdırma platforması olub. Hər il bu tədbirdə ictimai elmlərin bütün sahələri üzrə yüzlərlə elm adamları, gənc tədqiqatçılar iştirak edir və ictimai elmlərin bir çox aktual məsələləri barədə məzmunlu və faydalı elmi araşdırmalar aparılır və konqresin yekun kitabında dərc edilir. Bu günə keçirilmiş bütün konqreslər iki mindən artıq elm adamını özündə birləşdirən bir şəbəkə formalaşdırıb.