SDU-nun 55 illik yubileyinə həsr olunan elmi konfransda UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov və “Beynəlxalq iqtisadiyyat” kafedrasının müdiri, professor İrşad Kərimli iştirak edib. Professorlar konfransın plenar iclasında məruzə ilə çıxış ediblər.
Z.Məmmədov “Universitetlərdə elm və təhsil vəhdətinin yeni dizaynı: qlobal çağırışlar və aktual meyllər” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, UNEC məhz bu kontekstdə dünya təhsil xidmətləri bazarında rəqabətqabiliyyətli brend universitet yaratmaqla yüksəkixtisaslı iqtisadçı və menecerlərin hazırlanması, fundamental və tətbiqi elmi tədqiqatların aparılması, “bilik iqtisadiyyatı”nın inkişafına və ölkəmizin sosial-iqtisadi tərəqqisinə töhfələr verməyi hədəfləyib. Dünya təcrübəsi də təsdiqləyir ki, bu məqsədə çatmağın əsas şərtlərindən biri “elm-təhsil-innovasiya” zəncirini təşkil etməkdir.
İ.Kərimli isə “Qlobal iqtisadi çağırışlar şəraitində iqtisadiyyatın raqəbətqabiliyyətliliyinin artırılmasının strateji əhəmiyyəti”ndən danışıb. Qeyd edib ki, Strateji yol xəritəsinin istiqamətlərinə uyğun olaraq prioritetlər, tədbirlər və indikatorlar müəyyənləşdirilib. Davamlı iqtisadi islahatlar çərçivəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilib, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması təmin edilib.
Konfransda UNEC professorları mövzu ilə bağlı sualları cavablandırıb.