Varşavada Azərbaycan Respublikasının Polşadakı səfirliyi və Varşava Unuversiteti tərəfindən birgə təşkil edilən IV Azərbaycan-Polşa Beynəlxalq Elmi Konfransı keçirilib. Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) tədbirdə professor Fərhad Rəhmanov təmsil edib.
Prof. F.Rəhmanovun “Azərbaycanda təhsil və elm” mövzusunda məruzəsində ölkədə aparılan təhsil və elm siyasətinin ən yeni meylləri səciyyələndirilməklə yanaşı, gənc menecer və sahibkarların hazırlanması, universitetin biznes və elmlə qarşılıqlı şəbəkədaxili fəaliyyəti, innovasiyalar “inkubatoru”nun təsis edilməsi, gənclərin təhsil layihələrinə dəstək sahələrində UNEC-in nailiyyətləri xüsusilə qeyd edilib.
Prof. F.Rəhmanov çıxışı zamanı həmçinin, elmi forumda məruzəçilərin yüksək peşəkarlıq səviyyəsini, Polşalı həmkarlarının öz tədqiqatlarında orta əsr və müasir Azərbaycanın ədəbiyyat və incəsənət, dilçilik problemlərinə dərindən nüfuz etmələrini qeyd edib.
IV Azərbaycan-Polşa Beynəlxalq Elmi Konfransı elm, mədəniyyət, ədəbiyyat, dilçilik, iqtisadiyyat və müasir siyasi münasibətlər problemlərinə həsr edilib. Üç sessiya ərzində Azərbaycanı təmsil edən yeddi alimin, o cümlədən, akademik Z.Bünyadov adına Şərqşünasliq İnstitutunun direktoru G.Baxşəliyevanın, AMEA Nizami adına Ədəbiyyat İnstitutunu təmsil edən professor Bədirxan Əhmədovun, Müşfiq Çobanovun, həmçinin, Polşa Respublikasının müxtəlif universitetlərinin təmsil edən polşalı alimlərin məruzələri dinlənilib.