Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunan beynəlxalq konfrans bu gün panel və seksiyalarda öz fəaliyyətini davam etdirib. UNEC professorları konfransla bağlı təəssüratlarını bildiriblər:
Maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru Əvəz Ələkbərov:
-Sevindirici haldır ki, konfrans dövlət müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunub. Azərbaycan bu illər ərzində çox böyük uğurlar qazanıb, dövlətçiliyin təməlləri möhkəmlənib, ölkənin beynəlxalq aləmdə imici artıb. Bütün bunlar iqtisadi artım və dinamikliklə özünü təcəssüm etdirir. Son illər Azərbaycan regionun iqtisadi cəhətdən ən güclü dövlətinə çevrilib. Əlbəttə, bu işlər özünü həm də təhsil sahəsində göstərir.
Bu gün UNEC-də tətbiq olunan yeniliklər universitetimizi dünyanın aparıcı ali təhsil müəssisələri ilə rəqabət apara bilən bir təhsil ocağına çevirib. Türkiyənin Süleyman Dəmirəl Universiteti ilə birlikdə təşkil olunan konfransa UNEC-in ev sahibliyi etməsi bu istiqamətdə atılan addımlardan biridir. Dünyanın müxtəlif ölkələrdən gələn alimlərlə, iqtisadçılarla fikir mübadiləsi etmək, münasibətləri dərinləşdirmək konfransın əhəmiyyətini daha da artırır. UNEC-də gedən proseslərin başqa ölkələrin nüfuzlu alimləri, iqtisadçıları tərəfindən yüksək qiymətləndirilməsi bizim üçün çox önəmlidir.
UNEC-də yenilənmə, dünya təhsilinə və iqtisadi sistemə inteqrasiya sürətlə gedir. Sevindirici haldır ki, universitetdə gedən proseslərə gənclər böyük dəstək verirlər. Konfrans çərçivəsində Uludağ Universiteti ilə UNEC-in maliyyə ixtisası üzrə təhsil alan tələbələrinin mübadiləsi ilə bağlı müzakirələr aparılıb.
Konfrans yüksək səviyyədə davam edir. Bu gün mənim rəhbərlik etdiyim seksiyada professorların 5 müxtəlif mövzü üzrə məruzələri oldu. Əməkdaşlığımız bundan sonra da davam etdiriləcək.
UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov:
-Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə müstəqilliyinin 25 ilini qeyd etdiyimiz Azərbaycan bu az müddətdə çox böyük uğurlara imza atıb. Müstəqilliyin bərpasından sonra digər sahələr kimi, elm və təhsilin inkişafı da daim diqqət mərkəzində olub. Təhsil sistemi müasirləşdirilərək, yeni ictimai-iqtisadi şəraitin tələblərinə uyğun şəkildə formalaşdırılıb.
Bu gün İqtisad Universiteti “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun, davamlı olaraq, yeni layihələrlə çıxış edir. UNEC artıq regionun elmi müzakirə mərkəzinə çevrilib. Eyni zamanda UNEC dünyanın nüfuzlu universitetlərinin nümayəndələrini, elm adamlarını, iqtisadçılarını bir araya toplayan, beynəlxalq konfranslara ev sahibliyi edə bilən universitet statusuna malikdir. Universitetimiz Avropanın aparıcı universitetləri ilə ikili diplom, mübadilə proqramları həyata keçirir. QS, Webometrics kimi beynəlxalq reytinqlərdə ön sıralarda yer alır. UNEC-in professorlarının elmi nəşrləri “Thomson Reuters” kimi nüfuzlu beynəlxalq informasiya agentliklərində dərc olunur. UNEC elmi tədqiqat yönümlü universitetə çevrilmək istiqamətində uğurlu addımlar atır. Universitetdə fundamental meqafakültələr fəaliyyət göstərir. Gələcəkdə bu fakültələrin öz elmi jurnallarının hazırlanması istiqamətində işlər aparılır. Bunlar hələ son deyil, layihələrimiz, planlarımız çoxdur. Əminəm ki, UNEC gələcəkdə də nüfuzlu beynəlxalq konfranslara ev sahibliyi edəcək.
Elm və innovasiyalar mərkəzinin direktoru, professor Sakit Yaqubov:
-UNEC və Süleyman Dəmirəl Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunub. Məlum olduğu kimi, Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini əldə etmişdir. Dövlət müstəqilliyi elan olunandan az sonra SSRİ bir dövlət olaraq dağıldı. Müstəqilliyin ilk illərindən ölkədə gedən siyasi proseslər, hərc-mərclik, xaos demək olar ki, iqtisadiyyatın dağılmasına gətirib çıxardı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə, tarixi baxımdan qısa bir zaman kəsiyində, ölkəmizdə sabitlik yaradıldı və iqtisadiyyat qurulmağa başladı. 1995-ci ildə əsas iqtisadi göstəricilər, demək olar ki, 90-cı ilin səviyyəsinə çatdırıldı. 1996-cı ildən iqtisadi göstəricilər artmağa və iqtisadiyyat inkişaf etməyə başladı.
2003-cü ildə cənab İlham Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə aparılan islahatlar sürətləndirildi və sonrakı 13 ildə ÜDM və digər makroiqtisadi göstəricilərin səviyyəsi dəfələrlə artdı, baxmayaraq ki, bu göstəricilərin inkişaf tempi iqtisadiyyatı yüksək səviyyədə qurulmuş və oturuşmuş ölkələrdə orta hesabla ildə 4-5 faizi ötmür.
Ona görə də UNEC-də təşkil olunan bu konfransın əhəmiyyəti müstəqillik dövründə Azərbaycanın keçdiyi sosial-iqtisadi inkişaf yolunun öyrənilməsi və digər ölkələrin təcrübəsinin mənimsənilməsi baxımından çox böyükdür. Konfrans tədbirə qatılan universitetlərin əməkdaşları ilə gələcəkdə birgə elmi-tədqiqatların aparılması, kitabların, dərsliklərin, dərs vəsaitlərinin hazırlanması və çap olunması baxımından da böyük əhəmiyyət kəsb edir.
Konfransda müxtəlif bölmələrdə 200-dən çox məruzə dinləniləcək, Azərbaycanın iqtisadi və sosial inkişafı ilə bağlı mövzular, hazırda dünya iqtisadiyyatında gedən proseslər, onların həlli yolları haqqında düşüncələr, bu proseslərin Azərbaycan iqtisadiyyatına təsiri və s. məsələlər müzakirə olunacaq.
Türkiyə, Rumınya, İngiltərə, Hindistan, ABŞ, Qırğızstan və s. ölkələrdən gəlmiş mütəxəssislər UNEC-in iqtisadçıları ilə birlikdə maliyyə,vergi, bank sektoru, turizmin inkişafı, işsizlik və yeni iş yerlərinin yaradılması, sığorta məsələləri və digər sosial məsələlər barədə müzakirələr aparacaqlar.
Konfransda Türkiyə-Azərbaycan enerji əməkdaşlığı və onun perspektivləri, eyni zamanda, hər iki ölkə arasında arasında ticarət əlaqələri, universitetlərarası əməkdaşlıq, hətta terrorizmə qarşı mübarizəyə həsr olunmuş məruzələr də dinləniləcək və fikir mübadiləsi aparılacaqdır.