Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Kommersiya və Texnologiya və Dizayn fakultələrinin 1-ci kurs tələbələri ilə görüş keçirib. Rektor universitet sıralarına yeni daxil olan gənclərə ali məktəb haqda məlumat verib. Qeyd edib ki, UNEC-də təhsil 4 dildə aparılır. Universitet eyni zamanda ölkəmizin beynəlxalq keyfiyyət sertifikatına malik olan və xarici ölkədə filialı olan yeganə ali təhsil müəssisəsidir.
Rektor çıxışında universitetin beynəlxalq əlaqələrinə xüsisi yer ayıraraq, xarici universitetlərlə əməkdaşlığın UNEC-də tədrisin keyfiyyətinə təsirindən danışıb. Bildirib ki, dörd illik təhsil müddətində UNEC tələbələri iki ixtisasa sahib ola biləcəklər.
Ə.Muradov dəyişikliklərin bir məqsədə xidmət etdiyini qeyd edib: “UNEC-də əmək bazarının tələblərinə uyğun kadrların hazırlaması”. Rektor universitet məzunlarının 80 faizinin universiteti bitirdiyi ildən işlə təmin edilməsinə əmin olduğunu qeyd edib. Bunun üçün Ə.Muradov tələbələrə yaxşı oxumağı və dərsə davamiyyətlərini artırmağı tövsiyyə edib.
Tələbələr UNEC-də fəaliyyət göstərən İnnovativ Biznes İnkubatoru, ikili diplom proqramları, karyera imkanları barədə suallarını verərək, təkliflərini bildiriblər.