Martın 7-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilən tədbir keçirilib.
Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi tədbirdə fakültə dekanı Mənsur Bərxudarov bildirib ki, Azərbaycan qadını tarixin bütün dövrlərində yüksək mənəvi-əxlaqi xüsusiyyətləri öz xarakterində birləşdirib. Qədim köklərə söykənən milli ailə dəyərlərinin daşıyıcısı olan Azərbaycan qadını həm də cəmiyyətin gələcəyi üçün sağlam nəsil yetişdirən bir ana olaraq həmişə dərin hörmət və ehtirama layiq olub.
“British Council”in nümayəndəsi Maykl Grouill Azərbaycanın ictimai-siyasi həyatında, ölkənin tərəqqisi proseslərində qadınların fəal iştirak etdiyini bildirib.
Tələbələr dünyanın tanınmış iqtisadçı qadınlarının nailiyyətlərindən Azərbaycan, ingilis, fransız, alman, ispan və rus dillərində söz açıblar.