“Times Higher Education”in (THE) universitetlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə fəaliyyətini qiymətləndirən “THE Impact 2024” reytinqi açıqlanıb.
Dünyanın ən nüfuzlu THE reytinqi universitetlərin təhsilə, sosial bərabərliyə və ətraf mühitin qorunmasına təsirini əks etdirir.
THE Impact Ranking 4 əsas sahə (Araşdırma, İdarəçilik, Əməkdaşlıq və Tədris) üzrə dünya universitetlərinin göstəricilərini dəyərləndirir və onların fəaliyyətini BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədləri üzrə ölçür.
UNEC reytinqdə Sərfəli və təmiz enerji göstəricisi üzrə 987 universitet arasında ən yaxşı 101-200 universitetdir.
Eləcə də 924 universitet arasında İqlim fəaliyyəti üzrə 201-300 aralığında yer alaraq, yüksək nəticə göstərib. 1681 universitetin yer aldığı Keyfiyyətli təhsil üzrə UNEC dünyada 601-800, Bərabərsizliyin azaldılması üzrə isə 1108 universitet arasında isə dünyada 301-400-cüdür.
UNEC-in yaşıl göstəricilər üzrə yüksək nəticələr əldə etməsi, xüsusilə də “Sərfəli və təmiz enerji”, “İqlim fəaliyyəti” üzrə ən yüksək yerləri tutması, “Yaşıl UNEC”in ətraf mühitin qorunmasına dair fəallığının, dayanıqlı inkişaf məqsədlərinə uyğun fəaliyyətlərinin və ekoloji məsuliyyətliliyinin parlaq göstəricisidir.