2016-cı ildə dünya universitetlərinin nüfuzlu reytinqi olan QS tərəfindən İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə 4-cü ən yaxşı iqtisadyönümlü universitet seçildikdən sonra bu il UNEC dünya universitetlərinin reytinqində daha bir uğura imza atıb. Belə ki, dünya universitetlərinin veb populyarlığını müəyyən edən uniRank reytinqinin 2017-ci ilin son nəticələrinə görə UNEC birinci olub. Reytinq qiymətləndirilməsinə əsasən, universitet internet resursları üzrə ölkənin ən yaxşı və ən populyar ali məktəbi seçilib.
uniRank reytinqində UNEC-in tarixi, tələbə və müəllim sayı, təqdim olunan təhsil, kitabxana, idman, mübadilə imkanları, həmçinin qəbul olunma faizi və s. barədə məlumat da əks olunub. Qiymətləndirmədə əsas meyarlardan biri veb-saytın zənginliyi və daha çox istifadəçiyə çatdırılmasıdır.
Qeyd edək ki, UNEC dünya üzrə reytinqə cəlb olunan 12,358 universitet və kollec arasında 3318-ci olub. Siyahıya Massaçusets Texnologiya İnstitutu liderlik edir.
Reytinqlə bağlı ətraflı məlumatla www.4icu.org/reviews/180.htm keçidindən tanış olmaq olar.
uniRank haqqında: 2005-ci ilin may ayından etibarən ildə iki dəfə nəşr olunan uniRank dünya üzrə akkreditasiya olunan ali təhsil müəssisələrinin veb populyarlığı üzrə təhlilini ehtiva edən beynəlxalq ali təhsil direktoriyası və axtarış sistemidir. Reytinq dünya üzrə 12,358 universitet və kolleci əhatə edir. uniRank reytinqinin hədəfi dünya universitetləri və kolleclərinin veb-səhifələrinin populyarlığını əks etdirməkdir. Bu, əcnəbi tələbələrə və akademik heyətə hər hansı ölkə daxilində universitet və kollecin nə dərəcədə populyar olması barədə məlumat əldə etməyə imkan verir.
Reytinq 4 veb mənbədən alınan 5 müstəqil veb ölçmələrə əsaslanan alqoritm üzrə aparılır. uniRank-in komponentləri olaraq Moz Domain Authority, Alexa Global Rank, SimilarWeb Global Rank, Majestic Reffering Domains, Majestic Trust Flow götürülür və ümumilkdə universitetin saytının əhəmiyyəti, onun baxılma genişliyi, daxilolmaların və istinadların sayı, eləcə də fərdi kompüter və mobil vasitələrdən olan “unikal” daxilolmaları ölçür. SimilarWeb Global Rank 2017-ci ildən daxil edilib və məhz belə “unikal” daxilolmaların sayını əhatə edir.