Universitetin «Vergi və vergiqoyma» kafedrası Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında 19 noyabr 2001-ci ildə bağlanmış əməkdaşlıq haqqında müqavilə əsasında yaradılmışdır. İlk vaxtlar (2001-2007-ci illər) kafedraya AMEA müxbir üzvü, i.e.d.,prof. A.F.Musayev rəhbərlik etmişdir. Hazırda kafedraya iqtisad elmləri doktoru Yaşar Atakişi oğlu Kəlbiyev başçılıq edir.
Təhsilin bakalavr pilləsində oxuyanlar üçün kafedranın professor-müəllim heyəti tərəfindən «Vergi sistemi», «Vergitutmanın nəzəri və metodoloji əsasları», «Azərbaycan Respublikasının vergi xidməti: islahatlar və nəticələr», «Vergi mədəniyyəti», «Vergi siyasətinin iqtisadi problemləri», «Vergilər və vergitutma: sxem və cədvəllərdə», «Vergi nəzarəti», «Налоги и налогооблоcение в Азербайджане», «Vergilər və vergitutma», «Büdcə sistemi», «Beynəlxalq vergitutmada offşor mexanizmlərin tətbiqi», «Vergi menecmenti», «İqtisadi tərəqqi və vergi siyasəti», «Yerli özünüidarəetmə (bələdiyyə) orqanlarının vergi sistemi» adlı dərslik və dərs vəsaitləri, «Vergilər və iqtisadiyyatın vergi tənzimlənməsi» adlı dərs vəsaiti tərcümə edilərək çap edilmiş, Vergilər Nazirliyinin Tədris Mərkəzinin köməkliyi ilə mövzuların interaktiv üsullarla tədrisi məqsədilə proqramlar hazırlanmışdır. «Vergi inzibatçılığı», «Vergilərin planlaşdırılması və proqnozlaşdırılması» və «Xarici ölkələrin vergi sistemləri» adlı dərslikləri də çapa təqdim edilmişdir.
Nəzəriyyə ilə təcrübəni biri-birinə yaxınlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparıcı mütəxəssisləri tədris prosesinə cəlb edilirlər. Vergilər Nazirliyinin əməkdaşları kafedranın tədris prosesində iştirak edir, metodiki köməklik göstərir, tələbələrin istehsalat təcrübəsini təşkil edirlər.
Vergi işinin təşkili və idarə edilməsi ixtisasında bakalavr və magistr təhsili alan tələbələr Vergilər Nazirliyinin Bakı Şəhər Vergilər Departamentinin müvafiq idarələrində, Vergi Auditi Departamentində, Xüsusi Recimli Vergi Xidməti Departamentində istehsalat və diplomqabağı təcrübə keçirlər.
Vergilər Nazirliyi tərəfindən nəşr olunan «Vergilər» qəzetində və «Azərbaycanın vergi xəbərləri» jurnalında və digər nəşrlərdə kafedranın əməkdaşlarının elmi məqalələri müntəzəm olaraq çap edilir.
Fəaliyyət göstərdiyi dövr ərzində kafedranın əməkdaşları tərəfindən 11 dərslik, 5 dərs vəsaiti, 8 tədris-metodiki vəsait, 3 monoqrafiya, fənn proqramları və çoxlu sayda elmi məqalələr nəşr edilmişdir.
«Vergi və vergiqoyma» kafedrası yarandığı gündən fəal olaraq elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə qoşulmuşdur. Fəaliyyət göstərdiyi dövr ərzində kafedranın elmi fəaliyyətinin əsas istiqaməti müəyyən edilmiş, vergi siyasətinin əsasını təşkil edən vergi yükünün müəyyən edilməsinin nəzəri-metodoloji və metodiki məsələləri öyrənilməyə başlanmışdır. Bunun müasir mərhələdə Azərbaycan Respublikasında vergi siyasətinin müəyyənləşdirilməsində vergi yükünün rolu araşdırılmış, vergi ağırlığını formalaşdıran amillərin büdcə gəlirlərinə təsiri tədqiq edilmiş və qiymətləndirilmiş, dövlətin vergi siyasətinin əsas istiqamətləri müəyyən edilmiş, vergi yükü ilə iqtisadi artım parametrlərinin qarşılıqlı əlaqəsini əks etdirən model qurulmuşdur. Burada, həmçinin, Azərbaycan Respublikasında sahələr üzrə vergi yükü göstəriciləri və vergi tənzimlənməsindən istifadə etməklə sahələrin inkişafının stimullaşdırılması yolları araşdırılmış, müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin və dövlətin fiskal siyasətinin əsas kriteriləri verilmiş, maddi istehsalın digər sahələrində vergi yükünün təhlili aparılmış, vergi yükünün təsirini nəzərə almaqla büdcə gəlirlərinin proqnozlaşdırılması həyata keçirilmişdir.
*
Kafedranın əsas elmi fəaliyyət istiqaməti olan vergi siyasətinin və vergi sisteminin aktual problemləri hazırda ölkəmizdə həyata keçirilən iqtisadi islahatların ən mürəkkəbidir. Problemlərin nəzəri və ümumi məsələləri ölkəmizin iqtisadçı alimləri tərəfindən daim öyrənilir, tədqiq olunur, bu gün də öz aktuallığını saxlamaqdadır. Bu baxımdan bu sahədə demək olar ki, elmi məktəb formalaşmış, vergilərin və vergitutmanın müxtəlif sahələrini əhatə edən dissertasiyalar müdafiə edilmiş, alimlər yetişmişdir.
Ölkənin maliyyə potensialının artırılmasında fiskal siyasətin rolu böyükdür və onun tətbiqi məsələləri aktual olaraq qalmaqdadır. Bu problemin həlli məqsədilə «Azərbaycan Respublikasinin vergi siyasəti və müasir şəraitdə onun təkmilləşdirilməsi istiqamətləri» mövzusunda elmi-tədqiqat işi yerinə yetirilmişdir. Burada vergi siyasətinin nəzəri-metodoloji əsaslari araşdırılmış, Azərbaycan Respublikasının müasir vergi siyasəti təhlil edilmiş və ölkənin sosial-iqtisadi inkişafinda onun rolu müəyyənləşdirilmiş, maliyyə böhranına qarşı tətbiq olunan vergi siyasətinin istiqamətləri göstərilmiş və müasir şəraitdə vergi siyasətinin təkmilləşdirilməsi istiqamətləri qeyd olunmuşdur.
«Maliyyə-kredit sistemi təşkilatlarının və lizinq əməliyyatlatının vergiyə cəlb edilməsi xüsusiyyətləri», «Ticarət və xidmət sahələrinin vergiyə cəlb edilməsi xüsusiyyətləri» və «Tikinti təşkilatlarının vergiyə cəlb edilməsi xüsusiyyətləri» mövzularında elmi-tədqiqat işlərinin yerinə yetirilməsi istiqamətində işlər həyata keçirilir.
*
İxtisas:
Vergi işinin təşkili və idarəedilməsi
*
Kafedranın e-k/xanası:
Y.Kəlbiyev. “Vergi siyasətinin konseptual əsasları və praktiki aspektləri”
Vergi hüququ. Dərslik
L.Xodov. Vergilər və iqtisadiyyatın vergi tənzimlənməsi. L.Xodov