Vidadi Zalov Nizami oğlu 1985-ci il iyulun 17-də Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. 1992–2003-cü ildə Abşeron rayon Saray qəsəbə Azim Müzəffərov adına 2 saylı məktəbdə tam orta təhsil alıb. Həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə qəbul olub.
Ali təhsili başa vurduqdan sonra hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin “Müddətdən artıq həqiqi hərbi xidmət” kurslarına yazılan V.Zalov kursu bitirdikdən sonra ordu sıralarına qayıdıb. 4 ilə yaxın Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Hərbi xidmət zamanı fərqləndiyinə görə dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılıb. 26 iyun 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində göstərdiyi şücaətinə görə “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
11 aprel 2023-cü il döyüş tapşırığını yerinə yetirərək, erməni təxribatının qarşısını alan zaman şəhid olub.
Vidadi Zalov 12 aprel 2023-cü ildə doğulduğu Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunub.
Ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
Ailəli idi, iki övladı yadigar qalıb.