Noyabrın 18-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Dünya Bankının birgə “Sosial Müdafiənin İnkişafı Layihəsi” çərçivəsində fəaliyyətə başlayan Virtual müəssisənin açılışı olub.
Açılışda təhsil naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, UNEC-in rektoru, professor Ədalət Muradov, Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşenko, universitetin müəllim və tələbə heyəti, eləcə də digər qonaqlar iştirak ediblər.
UNEC-in rektoru, professor Ədalət Muradov universitetdə Virtual müəssisənin yaradılmasında göstərdiyi köməyə görə ƏƏSMN-nə və Dünya Bankına təşəkkür edib. Bildirib ki, Virtual müəssisənin məqsədi interaktiv tədrisi yaxşılaşdırmaq və işgüzar bacarıqlar əldə edərək onları inkişaf etdirməkdir. Eyni zamanda, təcrübə şirkəti/virtual müəssisə anlayışı çərçivəsində UNEC-in tələbə və magistrantlarına gündəlik işgüzar həyatı və əmək bazarının reallıqlarını nümayiş etdirməkdir. Rektor bildirib ki, Virtual müəssisə iştirakçıların praktiki bacarıq və vərdişlərin əldə edilməsində, nəzəri biliklərin təcrübədə möhkəmləndirilməsində, onların əmək fəaliyyətinə hazırlanmasında, müəssisələrin korporativ dəyərləri ilə tanış olmasında mühüm rol oynayacaq. Ə.Muradov yaxın zamanlarda universitetin bütün tədris binalarında Virtual müəssisə yaradılacağını vurğulayıb.
Təhsil naziri Mikayıl Cabbarov ölkədə insan kapitalının inkişafı yönündə aparılan siyasətdə peşə və ixtisas təhsilinin mövcud əmək bazarının şərtlərinə uyğun qurulmasının, tələbə və məzunların ixtisas bilikləri ilə bərabər, praktik və formalaşmış iş bacarıqlarına da malik olmalarının vacibliyini vurğulayıb. M.Cabbarov UNEC-in tələbə və magistrantlarının ixtisas bacarıqlarını reallaşdırmaları və təkmilləşdirmələri üçün Virtual müəssisənin əhəmiyyətindən danışıb. Virtual müəssisənin UNEC tələbələrinin karyera taleyində mühüm rol oynayacağını diqqətə çatdırıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirliyin həyata keçirdiyi aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqamətinin gənclərə yönəldiyini bildirib. Gənclərin məşğulluğunun təmin olunması, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması sahəsində görülən işləri diqqətə çatdıran nazir həmçinin tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin davam etdirildiyini diqqətə çatdırıb. Virtual müəssisənin bir təcrübə müəssisəsi olmaqla, UNEC-in tələbə və məzunları burada real iş yerində olduğu kimi fəaliyyət göstərəcək, öz ixtisasları ilə bağlı əmək bazarında əmək şəraiti tələbləri çərçivəsində praktik bacarıq və vərdişlərə yiyələnəcəklər. Nəticədə isə onlar gələcəkdə çox asan şəkildə əmək bazarında özlərinə yer tuta biləcəklər.
Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşenko ölkəmizdə tətbiq olunan bu yeni təcrübənin uğurlu nəticələr verəcəyinə əminliyini ifadə edib. Yeni yaradılan Virtual müəssisənin fəaliyyətinə uğurlar arzulayıb.
Sonra Virtual müəssisənin fəaliyyətinə baxış keçirilib. Təcrübə müəssisəsi haqqında ümumi məlumat verilərək bildirilib ki, Virtual müəssisədə gün ərzində 40 tələbənin qəbul edilməsi mümkün olacaq. Bu isə öz növbəsində həftədə 200 tələbənin layihədən faydalanması deməkdir. Təcrübə hər komanda üçün 3 ay müddətinə keçiriləcək. Təcrübə zamanı tələbələrə iqtisadi qanunvericilik, kommersiya hüququ, bank işi, mühasibat uçotunun beynəlxalq standartları və müxtəlif mövzularda təlimlər keçirilməklə, əmək bazarının tələblərinə uyğun olaraq hazırlanacaqlar. İştirakçıları müəssisələrin maliyyə-mühasibatlıq bölmələrində istifadə olunan müasir proqram təminatlarına yiyələnmələrinə və istifadə etmələrinə şərait yaradılacaq. Təcrübə zamanı virtual müəssisənin standartlarına uyğun olaraq onlar müxtəlif maliyyə, mühasibat, vergi, bank əməliyyatlarını həyata keçirəcək və marketinq tədqiqatları aparacaqlar. Əlavə olaraq, müxtəlif ölkələrdəki virtual müəssisələrlə əməkdaşlıq və biznes əlaqələri quracaq və şirkətin xidmətlərini təklif edəcəklər. Bu isə onların beynəlxalq biznes mühitini bilən kreativ menecerlər olaraq yetişməsinə yardım edəcək.
Sonda nümunə kimi Avropanın virtual müəssisələrindən biri ilə onlayn rejimdə biznes əməkdaşlığına dair ticarət sövdələşməsi aparılıb.