Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əlaqələr departamenti rəhbərinin müavini Anar Kazımov ilə müsahibə:
*
– Anar müəllim, öncə Webometrics haqqında qısa məlumat vermənizi xahiş edirik.
– Bildiyiniz kimi, dünya üzrə ali təhsil müəssisələrinin reytinqini müəyyən edən bir neçə nüfuzlu reytinqlər mövcuddur. Bunlardan universitetlərin veb-resurslarının keyfiyyəti və təsirini ölçən, başqa sözlə desək, universitetlərin internetdə görünməsini qiymətləndirən ən geniş və nüfuzlu reytinq The Ranking Web və ya Webometrics reytinqidir. 2014-cü ildən etibarən hər 6 aydan bir Cybermetrics Lab (İspaniya Milli Tədqiqat Şurası) tərəfindən aparılır. Adətən 20 000-dən çox universitet tədqiqata cəlb olunur.
– Bu reytinqin ölçmə meyarları nələrdən ibarətdir?
– Təbii ki, Webometrics-in özünə məxsus ölçü meyarları var. Bu meyarları görünmə və fəaliyyət olaraq iki başlıqda birləşdirmək olar. Bu meyarların hər biri 50% çəkiyə malikdir.
Əvvəlcə qeyd edək ki, saytın görünməsi resursa olan unikal kənar istinadların sayının (Backlinks) kvadrat kökü və istinad edən domenlərin (Reffering domains) sayına hasilidir. Bu məlumatlar iki mühüm məlumat daşıyıcısı tərəfindən yığılır. Bu zaman kənar istinadların sayının Google vasitəsilə yoxlanması köməkçi xarakter daşıyır. Görünmə meyarı 1 çəki əmsalına malikdir və reytinqdə bu Təsir (Impact) adı altında verilir.
Fəaliyyət meyarına yüksək keyfiyyət/(Excellence), iştirak (Presence) və açıqlıq (Opennes) göstəriciləri daxildir. Bunların hər birinin bərabər çəkisi var, yəni 1/3-dür.
Yüksək keyfiyyət/(Excellence) – ümumi çəkinin 1/3 hissəsini təşkil edir. Bu meyar vasitəsilə elmi məhsuldarlığın qiymətləndirilməsini aparan elmi-tədqiqat qrupu Scimagonun (SIR) reytinq verilənlərini nəzərə alır. Nüfuzlu beynəlxalq jurnallarda nəşrlərin hamısı deyil, yalnız uyğun elm sahələri üzrə çox sitat gətirilənlərin 10%-i götürülür.
İştirak (Presence) 1/3. Burada universitetin əsas domeninin bütün səhifələrinin sayı nəzərə alınır. Bu zaman Google axtarış sistemində indeksləşmiş altdomen və direktoriyalara baxılır.
Açıqlıq (Opennes) 1/3. Son illərdə Google Scholar tərəfindən indeksləşmiş çap materiallarının sayı əsas götürülür. Bu zaman pdf, doc, docx, ppt fayl genişlənmələri nəzərə alınır.
Webometrics reytinqin qiymətləndirmə meyarlarına göründüyü kimi ali təhsil müəssisəsinin ictimaiyyətə açıq olan elmi fəallığının keyfiyyəti, həm də universitet saytının görünməsini göstərən sitat gətirilən məzmunun nüfuzluluğu daxildir.
– Bu ilin yanvar ayında Webometrics öz nəticələrini açıqlayıb. Sevindirici haldır ki, UNEC Azərbaycan ali təhsil müəssisələri arasında birinici yeri tutmaqla liderliyini daha da möhkəmləndirib. Yuxarıdakı meyarların UNEC üzrə qiymətləndirilməsi necədir?
– Təbii ki, Azərbaycan ali təhsil ailəsinin üzvü olaraq UNEC bütün tərəfdaşlarımızın belə bir mötəbər reytinqdə lider mövqe tutmasını arzu edir. Qeyd etdiyiniz kimi, UNEC bu ilki reytinqdə də ötən ilki 4469-cı pillədən 4137 pilləyə yüksələrək birinici yerdə qərar tutub. Reytinqdə UNEC-in inkişaf dinamikası hər dövr üçün təhlil olunur. Son siyahıda UNEC-in meyarlar üzrə qiymətləndirilməsini təhlil etmişik. Təsir (Impact) meyarı üzrə UNEC ölkə sıralamasında 1-ci yerdədir. Açıqlıq (Opennes) meyarı üzrə iki dəfə irəliləyiş var. Belə ki, ötən dövr ərzində UNEC əhəmiyyətli dərəcədə 18942-ci mövqedən 9160-cı mövqeyə yüksəlib. Baxılan meyar Google Scholarda çap olunan indeksləşmiş materialların sayına əsaslanır. Yüksək keyfiyyət (Excellence) meyarı üzrə isə elmi məhsuldarlığın qiymətləndirilməsini aparan elmi-tədqiqat qrupu Scimagonun (SIR) reytinq verilənləri əsas götürərək, elmi məqalələrin, konfranslarda edilən məruzə və tezislərin sayı nəzərdən keçirilir. Təqdirə layiq haldır ki, bu meyar üzrə UNEC 5490-cı mövqedən 5439-cu mövqeyə qalxıb.
İştirak (Presence) meyarı üzrə saytın həcminin Google sorğusu vasitəsilə hesablanması aparılır. Bura təsir edə biləcək faktorlar universitetin saytlarının sayının artması, ayrı-ayrı istiqamətlər, layihələr və alt bölmələrin sayının artması ola bilər. Digər tərəfdən saytda yeni materialların çap olunması, avtomatik olaraq çap materiallarının səhifələrinin formalaşması, tədris-metodiki materialların, müəllimlərin fərdi səhifələri, təlim proqramlarının və fənlərin təsvirinin yerləşdirilməsi də mühüm rol oynayır.
Yuxarıdakı təhlillər göstərir ki, UNEC ən böyük çəki əmsalına malik olan təsir (Impact) meyarı üzrə liderliyi qorumaqla bərabər açıqlıq (Opennes) sahəsində iki dəfədən çox irəliləyib, yüksək keyfiyyət (Excellence) meyarı üzrə isə 51 pillə qalxıb.
– Webometrics dünya üzrə müxtəlif regionları əhatə edən reytinqlər hazırlayır. UNEC-in bu regionlar üzrə mövqeləri necədir?
– Azərbaycan ali təhsil müəssisələri digər regionlar üzrə də reytinqdə iştirak edir. Mərkəzi və Şərqi Avropa regionu, Avropa qitəsi üzrə, Avrasiya qitəsi üzrə UNEC-in nəticələri sevindiricidir. Belə ki, Mərkəzi və Şərqi Avropa regionu üzrə UNEC 3117 ali təhsil müəssisəsi arasında 340-cı yerdədir. Umumiyyətlə siyahıya Karlova Universiteti (Çexiya) başçılıq edir. Avropa qitəsi üzrə UNEC 6055 ali təhsil müəssisəsi arasında 1244-cü yerdədir. Bu siyahıya Oksford Universiteti başçılıq edir. Avrasiya qitəsi üzrə UNEC 14994 ali təhsil müəssisəsi arasında 2643-cı yerdədir. Uyğun olaraq siyahıya Oksford Universiteti başçılıq edir. Beləliklə, Azərbaycan ali təhsil müəssisələri arasında istər dünya üzrə istərsə də hər üç region üzrə UNEC lider universitetdir.
– Ümumiyyətlə Webometrics kimi nüfuzlu reytinqin faydaları haqqında məlumat verərdiniz və universitetlərin reytinqdə mövqeyinin yaxşılaşdırılması üçün bu istiqamətdə hansı təkliflər var?
– Təbii ki, Webometrics ali təhsil müəssisələrinin yuxarıda qeyd etdiyimiz meyarlar üzrə fəaliyyətinin universitetin tədqiqat prioritetlərinə nə dərəcədə uyğunluğunu göstərir?
Reytinq vasitəsilə universitet saytı önə çəkilməklə, elmi tədqiqatın effektliyinin dünya ictimaiyyətinə çatdırılması, bu yolla da tərəfdaşların, ekspetlərin, tələbə potensialının diqqətini cəlb etməyə kömək edir. Buna uyğun olaraq universitetlər reytinqin nəticələrinə əsaslanıb, hər 4 meyar üzrə üstün və zəif cəhətlərini müəyyənləşdirə bilər.
Məsələn, yüksək keyfiyyət meyarı üzrə əsas etibarı ilə ən çox istinad olunan məqalələrin ölçülməsi, açıqlıq meyarı üzrə isə jurnallar və tədqiqat nəşrlərinin sərbəstliyi və əlyetərliliyi qiymətləndirilir. Bu meyarlar üzrə geriləmə olduğu təqdirdə universitetlər inetrnetdə bu məlumatlara çıxışların daha da artırılması, elmi-tədqiqatların daha da işıqlandırılmasına diqqət yetirməlidirlər.
Digər tərəfdən materialların ingilis dilində yerləşdirilməsinə xüsusi diqqət yetirmək lazımdır. Belə ki, universitet reytinqlərinin Berlin prinsiplərinə əsasən reytinqə cəlb olunan hər bir universitet saytının kontentinin ən azı 30%-i ingilis dilində olmalıdır. Digər təkliflər sırasına universitet rəhbərliyinin tədqiqat fəaliyyətinin inkişafı üçün tək bir strategiyanın inkişaf etdirilməsi, universitet saytının təkmilləşdirilməsi daxildir. Bu zaman elmi nailiyyətlərin global şəbəkədə daha çox əks olunmasına önəm verilməlidir. Tədqiqat işlərinin, məqalə xülasələrinin və tezislərin ingilis dilində internet resurslarda təsviri də çox vacibdr. Onlayn mühitdə müxtəlif mövzular üzrə debatların, konfransların və seminarların təşkili də çox əhəmiyyətlidir. Məsələn, UNEC-in Diskurs.az virtual platforması buna misal ola bilər. Universitet müəllimlərinin, ayrı-ayrı qurumların rəhbərlərinin və tələbələrinin şəxsi bloqları bu mənada köməkçi vasitə kimi götürülməlidir.