Yaxşı müəllim öz peşəsini, işini sevməlidir, çox sevməlidir! Əgər müəllim öz peşəsini sevmirsə, nifrət edirsə, hər dəqiqə giley edib, bu peşəni necə, haradan seçdiyini deyirsə, ondan yaxşı müəllim ola bilməz! Yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər. Buna görə də, hər bir müəllim sözlərinə və hərəkətlərinə məsuliyyətlə yanaşmalı, MÜƏLLİM nüfuzunun keşiyində durmalıdır!
Yaxşı müəllim öz tələbəsini sevməlidir! Müəllim öz tələbəsini sevmirsə, onu bir şəxsiyyət kimi qəbul edib, hörmət etmirsə, əsas məqsədi kimi tələbənin layiqli formalaşmasını, təhsillənməsini görmürsə, hər bir tələbəyə öz övladı kimi qayğı göstərməyə çalışmırsa, öyrətmək üçün öz potensialını gizlədir, xərcləmirsə o, yaxşı müəllim ola bilməz.
Yaxşı müəllim öz işlədiyi müəssisəni sevməlidir, təəssübkeşi olmalıdır, onun adını uca tutmağa çalışmalıdır, bütün dünyada belədir. Müəllim harda gəldi, yerli-yersiz öz müəssisəsini pisləyər, hərəkətləri ilə müəssisənin adına ləkə salarsa, o, yaxşı müəllim ola bilməz. Çünki o müəssisə ilə onun adı ucalır.
Yaxşı müəllim tədris etdiyi fənni belə sevməlidir. Çünki o, sevmədiyi fənni tələbəyə də sevdirə bilməz. Fənnini sevən müəllim mümkün deyil ki, həmin fənni tələbəyə sevdirə bilməsin. Çünki həmin müəllim o sevgini əldə etmənin yollarını bilir və bunu da ötürmək impulsuna malikdir. Tələbə isə həssasdır, qəbul etməyə hazırdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və Sənaye fakültəsinin dekan müavini