Kommersiya ixtisası haqqında məlumat 

“Kommersiya” ixtisası müəssisələrin həm daxili bazarda, həmçinin beynəlxalq məkanda kommersiya fəaliyyətinin öyrənilməsi, təsərrüfat əlaqələrinin yaradılması, alış prosesinin və satış sektorunun, həmçinin müxtəlif cür xidmətlərin təşkil olunması, reklam işinin  təşkili və idarəedilməsi, distribusiya prosesinin və rəqabət strategiyasının praktiki tətbiqi mexanizmlərinin yaradılması, logistik metodlardan istifadə etməklə səmərəli mal yeridilişinin təşkil olunması, merçendayzinqin idarə olunması (mövqeləşdirmə və spase-management) üzrə ixtisaslı kadrların formalaşması üçün nəzərdə tutulmuşdur. Bu cür kadrların fəaliyyət dairəsinə və öyrətmə sferasına  beynəlxalq kommersiya fəaliyyəti üzrə biliklərin aşılanması, kommersiya ixtisası bakalavrlarına təşkilatçılıq və idarəetmə  funksiyaları və əlaqələri barədə müasir məlumatların və təcrübənin verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, ixtisas, kommersiya fəaliyyəti sahəsində yeni innovatik fəaliyyət istiqaməti olan informasiya texnologiyalarından istifadə olunması ilə yeni işləmələrin həyata keçirilməsini, internetin perspektiv potensialından istifadə etməklə e-commerce (e-trade) üzrə  bakalavrlarda praktiki, idarəetmə və yeni kommunikasiya vasitələri sistemində qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsini əsas tutur.

*

*
Bununla yanaşı, qarşıya qoyulan əsas məqsədlərdən biri də,  qloballaşma və beynəlmiləlləşdirmə şəraitində təkcə yerli çərçivədə deyil, həm də beynəlxalq kommersiya fəaliyyəti üzrə ixtisaslı kadrlarda  rəqabət mühitinə uyğunlaşa bilmə bacarığının formalaşması üzrə müasir tələblərə cavab verən təhsilin verilməsidir. İxtisası bitirən məzunlar ixtisas üzrə aldıqları bilikləri birinci növbədə özəl, və həmçinin dövlət sektorlarında tətbiq etmə imkanını əldə edirlər. Eyni zamanda, ixtisası bitirən məzunlar  işlədikləri sahələrdə kommersiya fəaliyyətini yaratmaq, biznesi təşkil etmək, riskləri qəbul etmək və onları idarə etmək, yaradıcı düşünmək kimi bacarıqları da əldə edirlər.