UNEC-də imtahanlar davam edir

10 YANVAR 2017 | OXUNUB:
563

525.az

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016-17-ci tədris ilinin qış imtahan sessiyası davam edir.

Yanvarın 10-da Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) tələbələri imtahan veriblər. Yazılı şəkildə təşkil olunan imtahanda əsasən 1 və 4-cü kurs tələbələri iştirak edib.  İmtahanın gedişini hər qrup üzrə 2 nəzarətçi izləyib. Tələbələr onlara təqdim edilən 6 sualdan 5-ni seçə bilər. Sualları cavablandırmaq üçün tələbələrə 100 dəqiqə vaxt verilib.

Qeyd edek ki, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) 2015-ci ildə yaradılıb.  Məktəbdə beş ixtisas – Dünya İqtisadiyyatı, Maliyyə, Mühasibat Uçotu, İqtisadiyyat və Biznes İnzibatçılığı üzrə bakalavr pilləsində, iki ixtisas – Dünya İqtisadiyyatı və Maliyyə üzrə magistr pilləsində tədris aparılır.

Beynəlxalq İqtisadiyyat Məktəbinin direktor müavini İnara Rzayeva deyir ki, Beynəlxalq İqtisadiyyat Məktəbi UNEC-in intensiv beynəlmiləşmə və eyni zamanda tədrisin keyfiyyətinin artırılması məqsədilə UNEC rektoru, professor  Ədalət  Muradov tərəfindən yaradılıb.  Məktəbdə interaktiv metodlarla təşkil olunan tədris bütövlükdə ingilis dilindədir. Yalnız Azərbaycan dili, Mülki Müdafiə və nitq mədəniyyəti fənləri Azərbaycan dilində tədris olunur.  İSE-də ingilis dili tədrisinin unikal metodikası yaradılıb və bu da tələbələrə hazırlıq ili oxumadan 4 ilə universiteti bitirmək imkanı yaradır. Məktəbə qəbul Dövlət İmtahan Mərkəzin tərəfindən aparılır. Ümumilikdə 510 tələbənin təhsil aldığı məktəbdə  ABŞ, İngiltərə, Almaniya, Fransa, İsveç və başqa ölkələrin aparıcı universitetlərinin məzunları olmuş və eyni zamanda geniş praktiki biliklərə malik müəllimlər dərs deyirlər.

Onun sözlərinə görə,  2016-17-ci tədris ilinin nəticələrinə əsasən, İSE-də orta keçid balı maksimum həddə çataraq, 635 olub. Bu göstərici 2014-cü ildə 560, 2015-ci ildə isə 539 bal idi. Qəbil imtahanlarında 600-dən yuxarı nəticə göstərənlər Beynəlxalq İqtisadiyyat Məktəbini seçir: “Məktəbdə dərslər fərqli formada keçirilir. Mühazirələr diskusiyaya açıq olur. Məktəb ingilis dilinin tədrisində yeni interaktiv metodun tətbiqinə başlayıb. Tələbələr tədris edilən mövzuların həyatla əlaqəsini  təcrübədən keçirərək, xarici dilin mənimsənilməsinin əsas çətinliklərindən olan “dil baryeri” problemini qısa müddət ərzində həll edə bilirlər. Biz çalışırıq ki, tələbələrimiz ingilis dilini peşəkar səviyyədə bilsinlər. Məktəbində bütün fənn proqramları qərb universitetlərinin proqramlarına uygunlaşdırılıb. Məktəbdə dərs deyən müəllimlər qərb universitetlərinin məzunlarıdır və onlar fənn proqramlarının hazırlanmasında yaxından iştirak ediblər. Müəllimlərin tədris etdikləri fənlər məzun olduğu universitetdə oxuduğu və ən yüksək bal göstərdiyi fənlərdir. Məqsədimiz yüksək ixtisaslı kadr hazırlamaqdır”.

İ.Rzayeva qeyd edib ki, İSE-nin tələbələri yalnız yazılı şəkildə imtahan verirlər: “Biz test üsulundan imtina etmişik. Fikrimizcə, test tələbənin öz fikrini geniş şəkildə izah etməsinə mane olur. Tədris inglis dinlində olduğu üçün imtahanlar da bu dildə keçirilir. İmtahandan öncə müəllimlər tərəfindən suallar hazırlanır və bu suallar əsasında da biletlər tərtib olunur. İmtahan zamanı tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün şərait yaradılır. İmtahan sualları öncədən tələbələrə təqdim edilir. Ancaq gələcəkdə biz sualları öncədən tələbəyə təqdim etməyəcəyik. Biz hesab edirik ki, dərslərdə iştirak edən, mühazirələri dinləyən, bir sözlə il ərzində oxuyan tələbəyə sualları öncədən təqdim etməyə ehtiyac yoxdur”.

İ.Rzayeva bildirib ki, Məktəbdə dərs deyən müəllimlərin böyük əksəriyyəti dünyanın nüfuzlu universitetlərində təhsil almış yüksək ixtisaslı kadrlardır. Onların hər biri dövlət idarələri və şirkətlərində, özəl sektorda bir çox hallarda yüksək vəzifə tutan peşəkarlardır. Onların arasında Mərkəzi Bank, BP, Ernst&Young, Deloitte və sair kimi nüfuzlu şirkət və qurumların əməkdaşları var. Tələbələr müəllimlərin vasitəsi ilə əmək bazarına çıxış əldə edirlər. Eyni zamanda tələbələrin istehsalat təcrübəsini daha səmərəli təşkil etmək üçün sözügedən müəllimlər tərəfindən tanınmış şirkətlərlə danışıqlar aparırır və müsbət nəticə əldə edilir.

İSE-nin tələbələri arasında keçirdiyimiz sorğu zamanı onlar imtahanın təşkili, keçirilməsi zamanı tətbiq olunan yazılı üsulundan razı qaldıqlarını bildirdilər.

Məktəbin 3-cü kurs tələbəsi Baba Abbasov deyir ki, yüksək səviyyədə təşkil olunan imtahanlarda tələbələrə biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün bütün imkanlar yaradılıb. İmtahanların yazılı formada keçirilməsi isə tələbələri tam qane edir: “Yazılı üsul mənim çox ürəyimcədir. Təqdim edilən suallar il ərzində keçdiklərimizi tam əhatə edir. İmtahanların yazılı olması fikirlərimizi geniş ifadə etməyə şərait yaradır”.

3-cü kurs tələbəsi Əsli Vəliyeva isə bildirib ki, yazılı üsulun tətbiq edildiyi müddən ərzində tələbələr heç bir çətinliklə üzləşilməyib. İstər tələbənin biliyinin qiymətləndirilməsi, istərsə də obyektivlik baxımından: “Yaxşı ki, biz test üsulu ilə deyil, yazılı şəkildə imtahan veririk. Mən düşünürəm ki, test üsulu insanları robotlaşdırır və heç nə öyrətmir”.

S.QARAYEVA

564 2