UNEC-də qış imtahan sessiyası

05 YANVAR 2018 | VIEWS:

UNEC-də 2017/2018-ci tədris ilinin qış imtahan sessiyası başlayıb.

Qış imtahan sessiyasında ümumilikdə 12064 bakalavr və magistr iştirak edəcək. Bu il ilk dəfə olaraq Maliyyə və mühasibat, İqtisadiyyat, Biznes və menecment, Texnologiya və dizayn, Əmtəəşünaslıq fakültələri və Rus İqtisad məktəbində iqtisada giriş fənni üzrə imtahan yazılı olacaq.

Tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə UNEC-də imtahan prosesi ictimaiyyət nümayəndələrinə açıq keçirilir. Bu il də ötən illərdə olduğu kimi, qış imtahan sessiyasına nəzarət UNEC İctimai Nəzarət Şurasına həvalə edilib. Şura üzvləri sessiya dövründə UNEC-in rəhbərliyinin iştirakı olmadan “Açıq qapı” günü keçirəcək, tələbə və valideynlərin müraciətlərini dinləyəcək, sessiyanın yekunlarına dair müzakirələr aparacaqlar. Eyni zamanda, təhsil sahəsi üzrə fəaliyyət göstərən QHT-nin tələbələr arasında yazılı imtahanlar ilə bağlı anonim sorğu aparmasını da təşkil edəcəklər.

Sessiya dövründə tələbələrin sorğuları operativ olaraq “UNEC imtahan” Facebook səhifəsi ilə cavablandırılacaq. 146-1-3 “Qaynar xətt” xidməti ilə yanaşı, bütün tədris binalarında imtahan qərargahları da fəaliyyətə başlayıb. “Qaynar xətt” xidmətinə daxil olan müraciət və şikayətlərə, eyni zamanda onların araşdırılmasına da QHT, KİV və ictimaiyyət nümayəndələri nəzarət edəcək.

Tələbələrin imtahanlara daha rahat hazırlaşması üçün hər tədris binasında internet ilə təchiz edilən xüsusi auditoriyalar ayrılıb, kitabxana və oxu zallarının iş saatı uzadılıb.

Magistr və tələbələrimizə imtahanlarda uğurlar arzulayırıq!