Tədbirdə elm və innovasiya məsələləri üzrə prorektor professor Rövnəq Rzayev çıxış edərək, universitetdə hazırda iqtisadiyyat, mühəndislik, komputer elmləri, dizayn, gender tədqiqatları, təhsil tədqiqatları və digər interdisiplinar istiqamətləri əhatə edən 11 fərqli elmi jurnalın nəşr olunduğunu diqqətə çatdırıb.
R.Rzayev bildirib ki, bu jurnallardan ikisi artıq nüfuzlu “Scopus” bazasında indekslənib. Qeyd olunub ki, “Journal of Economic Sciences: Theory and Practice” jurnalı iqtisadiyyat sahəsində Azərbaycanın “Scopus”da indekslənən ilk və yeganə elmi nəşridir. “Scopus”da yer alan digər nəşr – “UNEC Journal of Engineering and Applied Sciences” (UNEC JEAS) isə mühəndislik və texniki sahələri əhatə edir. Həmçinin, tələbələrin elmi potensialını üzə çıxarmaq və onların tədqiqat fəaliyyətini dəstəkləmək məqsədilə Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən “UNEC Tələbə tədqiqatları” jurnalının da mütəmadi nəşr olunduğu vurğulanıb.
Müxtəlif istiqamətlər üzrə işıq üzü görən 11 jurnaldan 8-i artıq “Open Journal Systems” (OJS) platformasında yerləşdirilib. Bu jurnallar universitetin vahid elektron platforması olan “UNEC Journals Portal” üzərindən fəaliyyət göstərir. Beynəlxalq standartlara uyğun qurulmuş bu platforma şəffaf, etik və akademik nəşr prinsiplərinə əsaslanır. Portaldakı bütün jurnallar “Open Access” (açıq giriş) prinsipi ilə işləyir ki, bu da istifadəçilərin məqalələrə sərbəst çıxışını təmin edir. Dərc olunan materiallar “Creative Commons 4.0” lisenziyası ilə qorunur və hər bir məqaləyə beynəlxalq identifikasiya üçün DOI (Digital Object Identifier) təyin edilir.
Jurnalların yüksək elmi keyfiyyətini təmin etmək məqsədilə “double-blind peer review” (iki tərəfli anonim rəy sistemi) tətbiq olunur. İqtisadiyyat, idarəetmə, kompüter elmləri və gender tədqiqatları kimi müxtəlif sahələri əhatə edən bu nəşrlər beynəlxalq elmi kommunikasiya platforması rolunu oynayır. “UNEC Journals Portal” universitetin rəsmi elmi nəşr platforması kimi tədqiqatçıların işlərini yaymaq, əməkdaşlığı gücləndirmək və Azərbaycan elminin beynəlxalq görünürlüğünü artırmaq missiyasını daşıyır.
Təqdimatın sonunda prorektor professor Rövnəq Rzayev 2021-2025-ci illər ərzində çap edilmiş məqalələrin sayı və onlara edilən istinadların artım dinamikası barədə geniş statistik məlumatları iştirakçıların diqqətinə çatdırıb.