Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının 10 illiyinə həsr olunmuş “Rəqəmsallaşma dövründə regional universitet modeli” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin xatirəsi yad edilib. Sonra UNEC-in Zaqatala filialının inkişaf tarixi haqqında videoçarx nümayiş olunub.
UNEC-in rektoru, professor Ədalət Muradov konfransdakı çıxışında rəhbərlik etdiyi ali təhsil ocağının keçdiyi şərəfli yoldan, nailiyyətlərdən və qarşıda duran məqsədlərdən danışıb. Rektor Zaqatala filialının ötən 10 ildə fəaliyyətinə toxunaraq bildirib ki, bu ali təhsil ocağı ən müasir inzibatı bina ilə, eləcə də tədris otaqları və laboratoriyalarla təchiz olunub. Burada təhsil alanların sayı hər il artmaqdadır. Şimal-qərb bölgəsi ilə yanaşı, ölkəmizin ən müxtəlif rayonlarından, eləcə də paytaxt Bakıdan bu təhsil ocağını seçənlərin sayı ildən ilə artır. Çıxışının sonunda Prezident İlham Əliyevin “Azərbaycanın gələcəyi gənclərin əlindədir” ifadəsini xatırladan Ədalət Muradov bu sözləri gənclərə göstərilən etimad və bəslənilən böyük ümid kimi dəyərləndirib. O, filial əməkdaşları və məzunlarına inandığını ifadə edib və onları UNEC-in adını daim uca tutmağa çağırıb.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov rəqəmsallaşma dövründə atılan addımların dövlətin hərtərəfli inkişafına verilən xüsusi diqqətin göstəricisi olduğunu vurğulayıb. Nazir müavini bildirib ki, hər bir dövlətin sosial, iqtisadi və mənəvi tərəqqisində rəqəmsallaşmanın əhəmiyyəti getdikcə artır, bu baxımdan regional universitetlərdə bu istiqamətdə layihələrin icrası təqdirəlayiqdir. F.Qurbanov UNEC-in Zaqatala filialının qabaqcıl texnologiyalara və rəqəmsal bacarıqlara əsaslanaraq, qarşıda duran vəzifələrin öhdəsindən uğurla gələcəyinə inamını ifadə edib.
UNEC-in Zaqatala filialının direktoru Raqif Qasımov rəhbərlik etdiyi təhsil ocağının inkişaf tarixi və perspektiv layihələri barədə təqdimatla çıxış edib.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, deputatlar Asif Əsgərov və Ceyhun Məmmədov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) sədri Məsud Əfəndiyev, şəhid Hüseyn Allahyarovun anası Səlminaz Allahyarova çıxış edərək 10 il əvvəl fəaliyyətə başlayan filialın rayonun və bölgənin, eləcə də ölkəmizin təhsil həyatındakı rolundan danışıb, kollektivə gələcək işlərində uğur diləyiblər.
Sonra xatirə hədiyyələri təqdim olunub.
Beynəlxalq elmi-praktiki konfrans rəsmi hissə başa çatdıqdan sonra “Regional universitetlərin regionların sosial-iqtisadi inkişafına təsiri” mövzusunda dəyirmi masa və “Regional universitetlərin inkişafında universitet-dövlət biznes tərəfdaşlığı” panel müzakirələri ilə davam edib.









UNEC-in Zaqatala filialının 10 ili: Uğurlar və rəqəmsal hədəflər