Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi: “Bütün nüfuzlu müsabiqələrin birincilik diplomunu universitetimizə gətirməyə iddialıyam”

02 DEKABR 2015 | OXUNUB:
1431

FXBeynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Faiq Xasayevin müsahibəsi:

- Beynəlxalq İqtisadiyyat Məktəbinə seçməkdə məqsədiniz nə oldu?

– 2014-cü ildə UNEC-in Uçot-İqtisad fakültəsinə qəbul olunmuşdum. Tədrisin səviyyəsindən razı idim, amma bəzi dərslər çox formal şəraitdə və bir qədər sıxıcı keçirdi. Bizə Beynəlxalq İqtisadiyyat Məktəbindəingilis dilində təhsil almaq şansımızın olduğu elan olunanda, çox sevindim. Əmin idim ki, Beynəlxalq İqtisadiyyat Məktəbi öz innovativ dərs metodları, gənc və eyni zamanda çox peşəkar müəllim heyəti ilə bizə ixtisasımızın sirlərinə daha dərindən yiyələnməkdə yardım edəcək. Hazırda isə qərarımın nə dərəcədə doğru olduğundan hər keçən gün daha da əmin oluram. İndi Beynəlxalq İqtisadiyyat Məktəbinin II kursunda oxuyuram, ixtisasım mühasibat uçotu və auditdir.

- Beynəlxalq İqtisadiyyat Məktəbinin üstünlüklərini saya bilərsiniz? Bu məktəb sizə hansı fərqli imkanları yaradır?

– Əsas üstünlüklər kimi, ingilis dilində təhsil, xarici dərs vəsaitlərindən istifadə, interaktiv dərs prosesini göstərmək olar. Belə ki, dərslərin Avropa standartlarına uyğunlaşdırılması, təhsilimizin növbəti pillələrini xarici ölkələrdə davam etdirməyimizə çox yardımçı olur. Dərs müddətində biz özümüzü son dərəcə rahat hiss edir, sərbəst şəkildə mövzular ətrafında müəllim və tələbə yoldaşlarımızla müzakirələr apara bilirik. İngilis dilində təhsil və interaktiv dərslər isə öz növbəsində bizə böyük beynəlmiləl şirkətlərə qəbul zamanı yardım edir. Çünkiqabaqcıl şirkətlərdə çalışmaq üçün yalnız nəzəri biliklər deyil, eyni zamanda onları real vəziyyətlərə tətbiq etmə bacarığı xüsusi önəm kəsb edir.

- Beynəlxalq İqtisadiyyat Məktəbində əsasən xaricdə təhsil müəllimlər dərs deyir. Bu fərqi necə hiss edirsiniz?

– Bu müəllimlər xaricdə təhsil almaqlarıilə yanaşı, eyni zamanda kifayət qədər də gəncdirlər. Belə olanda biz tələbələr də dərs zamanı sıxılmırıq. Əksinə öz fikrimizi söyləməyə həvəsli oluruq, nəticədə dərslərimiz maraqlı diskusiya şəklində qurulur. Müəllimlərimiz əsasən Qərbin prestijli universitetlərini bitirdiklərindən, son dərəcə biliklidirlər. Ən əsası isə kifayət qədər mürəkkəb məlumatları mümkün olduğu qədər sadə dillə auditoriyaya çatdırırlar. Üstəlik nəzərə alın ki, bu fikri ingilis dilində izah edirlər. Əgər həmin məlumatı Azərbaycan dilində təhsil alarkən qavramaqda çətinlik çəkmişdiksə, indi ingilis dilində heç bir problemlə qarşılaşmırıq. Müəllimlərimiz bizi dərs prosesində iş zamanı qarşılaşa biləcəyimiz real vəziyyətlərlə tanış edir və nəzəri biliklərimizi həmin vəziyyətlərə tətbiq etmək üçün şərait yaradırlar. Təqdirəlayiq hallardan biri kimigələcək fəaliyyətimizdə faydalı olacaq kompüter proqramlarının iş prinsipi ilə də tanış edilməyimizi vurğulamaq istəyərdim. Həmçinin, müəllimlər xaricdə təhsil barəsində dünyagörüşümüzü artırır, çox dəyərli tövsiyyələr verirlər.

- Xaricdə təhsil alan gənc müəllimlərin bəzi mürəkkəb informasiyanı ingiliscə sadə dildə sizə rahat izah etdiklərindən danışdınız. Ümumilikdə vəziyyət necədir, mövzu bir az çətinləşəndə ingilis dili ilə bağlı problem yaşamırsınız?

– Biz Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olunarkənmüsahibədən keçdik və aramızdan ən layiqli namizədlər qəbul edildi. Dərslərimiz ingiliscə olsa da, müəllimlərimiz öncə vurğuladığım kimi, son dərəcə sadə dildə danışırlar. Tədris prosesi zamanı isə biz öz dil biliklərimizi və terminoloji lüğət ehtiyatlarımızı artırmış olurur. Əksəriyyətimiz özümüzdə müsbət dəyişikliklərin olduğunu hiss edirik. Düzdür, bəzən müəyyən çətinliklərlə qarşılaşırıq, lakin UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinəlayiq tələbə olduğumuzu nümayiş etdirmək üçün daima öz üzərimizdə çalışırıq.

- Çox fəal tələbələrdən birisiniz. Ümumiyyətlə, Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri universitetin ictimai həyatında çox fəal iştirak edirlər…

– Bəli, Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri bəlkə də, UNEC-in ən fəal tələbələri sırasındadırlar. Mən Sumqayıt Özəl Türk Liseyində də, Təbət Elmləri Təmayüllü Gimnaziyada da oxuyanda məktəbin ictimai həyatında rol oynamağa çalışmışam. Müxtəlif olimpiadalarda iştirak etmişəm. Türk Liseyləri arasında keçirilən “English knowledge quiz 2010” olimpiadasında I yerə layiq görülmüşəm. “Ekoerudit 2013” müsabiqəsində isə III yeri qazanmışam. Özümü inkişaf etdirməyi sevirəm. Həmişə əlavə məşğuliyyətlərim olub. Məsələn, dərsdən əlavə kitablar oxumaq, musiqi dinləmək, rok janrı haqqında maraqlı məlumat toplamaq, iqtisadiyyat tarixini öyrənmək, əcnəbi dil biliklərimi təkmilləşdirmək və s.

- Yeri gəlmişkən, bu günlərdəTəhsil Nazirliyi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin dəstəyi ilə təşkil olunan “Dil – karyeraya gedən yol” 2-ci Ümumrespublika müsabiqəsinin qalibi oldunuz. Sizi təbrik edirəm və bir az bu haqda danışmağınızı istəyirəm.

– Müsabiqəyə qatılmazdan əvvəl düşünürdüm ki, qaliblər sırasında olmaq şansım böyükdür. Baxmayaraq ki, yarışmaya 12 dövlət ali məktəbinin tələbələri qatılmışdı, rəqabət güclü idi. Amma mən də Qafqazın ən böyük iqtisad yönümlü universitetinin tələbəsiyəm, ingilis dilində təhsil alıram. Bundan da başqa, dil biliklərimi inkişaf etdirməyi sevirəm. Altı dil – ingilis, rus, alman, ispan, çex və türk dillərini bilirəm. Əksəriyyətini də fərdi qaydada öyrənməşəm. Birinci yerə layiq görüldüyüm elan olunanda sevincimin həddi-hüdudu yox idi. Mənə olan gözləntiləridoğrultmuş, güclü rəqabət şəraitində öz bacarıqlarımı sübut etməyi bacarmışdım. Hələ ikinci kursda oxuyuram, bundan sonra da təşkil edilən bütün nüfuzlu müsabiqələrin birincilik diplomunu universitetimizə gətirməyə iddialıyam.

Bunu da qeyd etmək istəyirəm ki, Beynəlxalq İqtisadiyyat Məktəbində demək olar ki, tələbə yoldaşlarımın hamısı müxtəlif əlamətdar günlərlə bağlı tədbirlərdə fəal iştirak edən, tez-tez çox yaradıcı ideya sahibləri olun uşaqlardır. Təkcə, bir neçə həftə öncə “Hellouin” ilə bağlı fakültəmizdə keçirilən tədbiri yada salmaq kifayətdir ki, tələbələrimizin yaradıcılıq qabliyyətini görmək mümkün olsun. Biz, eyni zamanda müxtəlif elmi və intellektual yarışlarda da yüksək nəticələrə nail olur, bir daha öz bacarıqlarımızı nümayiş etdirməkdən qürur duyuruq. Biz bir çox təşkilatlara qoşulur, aktiv könüllülük fəaliyyəti ilə də məşğul oluruq. Mən özüm İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım İB-nin Beynəlxalq Əlaqələr üzrə Katibiyəm və intellektual çempionat, ingilis dilində danışıq klubu və bir neçə digər layihələrin təşəbbüskarıyam. Bir sözlə, Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri hər sahədə olduğu kimi, UNEC-in ictimai həyatında da yalnızbirincilik uğrunda mübarizə aparır.

1432 1