Dünyadan ən çox aparan və dünyaya ən çox bəxş edən müəllimlərdən biri

16 DEKABR 2015 | VIEWS:
2162

unec_bahruz852Hərdən mənə elə gəlir ki, bu dünyadan köçəndə özü ilə ən çox aparan müəllimlər olur.Çünki əgər ruhun apara biləcəyi yeganə xatirələrdisə, müəllimlərin ruhları bu sahədə birincidirlər. Bəhruz Abdullayev də belə müəllimlərdən idi…

Bəhruz müəllim heç vaxt maddiyət arxasınca qaçmamışdı. O, heç buna can da atmırdı. Dostluğu, yoldaşlığı, xoş münasibətləri maddi nemətlərdən üstün tuturdu.Bunun nəticəsidir ki, onlilliklər ərzində harada, kiminlə işləməyindən asılı olmayaraq, hörmətini, izzətini, son nəticədə ağsaqqallığını qoruyub saxlaya bilmişdi.Hansı quruma, ölkəmizin hansı güşəsinə getməsindən asılı olmayaraq, daim ehtiramla qarşılanırdı, xahişınin gücü bir çoxunun əmrlərindən üstün idi. İmkan düşəndə soruşurdum “Sizi Bəhruz müəllimlə bağlayan nədir?”. Cavablar adətən bu cür olurdu: “Hamının nəsə ummaqla etdiyini təmənnasız edib”, “Bilavasitə işinə aid olmasa da, qapısını döydüyüm üçün əlindən gələni etdi” və s. Bəzən tələbələrin valideynləri kafedraya gələndə, onların haqlı olub-olmamalarından asılı olmayaraq, çox mədəni, səbrlə və anlayışla hərəkət edir, mümkün olduqda yardım göstərirdi. “Valideyn gəlibsə, deməli, doğrudan da problem var, kömək etmək lazımdır. Bir ata və baba kimi mən onu əliboş geri qaytara bilmərəm” –  deyə bildirirdi.

Təbii, hirsli, qəzəbli vaxtları da olurdu. Bu zaman könlünü almaq üçün şirin bir söz, hadisəyə uyğun bir rəvayət danışmaq yetirdi ki, incə səni problem yaratdığına görə tənbeh edən Bəhruz müəllim səninlə birgə məsələni necə həll etməyin yolları haqqında düşünsün və ağıllı məsləhət versin.

Cavan olduğum üçün hərdən onun səbrini, dözümlüyünü qəbul etmir, etiraz edirdim.Lakin bir müddət sonra Bəhruz müəllimin nə qədər haqlı və uzaqgörən olduğuna əmin olurdum.Müasir avadanlıqlar, idarəetmə modellərini anlamır, anlamağa belə çalışmır, insanları tanımagı, görməyi, eşitməyi üstün tuturdu.Qarşındakının təməlini, sütununu görür, ona onun daşıya biləcək qədər yük verirdi.

Bəhruz müəllimin insan zərgərliyindən universitetdə, qohum-əqrəbada ailə qurarkən faydalananlar da çox olub.Həmxasiyyət, bir yerdə gördüyü insanların səadətinə yardım etməyi də özünə borc bilirdi.Adlar çəkməsəm də, bu məsələlərdə də Bəhruz müəllimin məsləhətinə qulaq asıb uduzanları görməmişəm.Əksinə, onun fikrini qəbul etməyib indi də bunun peşmanlığını çəkənlərə rast gəlməkdəyəm.

Məsələni birbaşa həmsöhbətin üzünə vurmazdı.Daima ehtiyatında fikrini eyhamla, arifanə açıqlayacağı bir önsöz olardı. Müxtəlif vəzifələr tutan, xasiyyət və dünyaya baxışları bir-birindən tam fərqli olan insanlardan “Bəhruz müəllim filan insanla bağlı fikrində nə dərəcədə haqlı idi.”, “Kaş onun dediyini nəzərə alardım” kimi eşitdiyim etiraflar Bəhruz müəllimin müdrikliyini dəfələrlə sübut etmişdilər.

Şərəflə yaşamış, yalnız dərslərdə deyil, gündəlik həyatında da çoxları üçün müəllim, örnək olmuş, tərifdə yaltaqlar yarışmasından qaçan, uzaq olan, tənqiddə qarşı tərəfin hissiyatını nəzərə alan, qapını kobudluqla heç kimin üzünə çırpmayan və barışıq üçün həmişə yer qoyan, yeri daima görünəcəyi, məsləhətləri, sözləri, təbəssümlü üz cizgiləri həp göz önümdə canlanacaq – getdiyi yeri də öz gəlişi ilə zənginləşdirdiyinə əmin olduğum Bəhruz müəllim.

Hərdən mənə elə gəlir ki, bizlərlə əbədi vidalaşarkən bu dünyada özündən sonra ən çox iz qoyan müəllimlər olur. Çünki əsl insandan sonra yerdə onunla bağlı yalnız xoş sözlər, xiffətli kəlamlar və anmalar qalırsa, müəllimlər bu sahədə öndədirlər.Yaxşı müəllim haqqında müsbət fikir, vaxtaşırı söylənilən rəhmət arzusu məkana və zamana sığmır. Bəhruz Abdullayev belə müəllimlərdən idi…

 

“Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Anar Eyyubov 

2163 1