UDİD UNEC tələbələrinə nələr vəd edir – bütün sualların cavabı

21 İYUL 2017 | VIEWS:
10011

UNEC-də UDİD proqramının icrasına başlanılır. İlk olaraq Beynəlxalq İqtisadiyyat Məktəbində açılacaq proqrama 2017/18-ci tədris ilindən start veriləcək. Tələbələrin UDİD proqramına olan marağını nəzərə alaraq, onların ən çox verdiyi sualların cavabını təqdim edirik:

UDİD nədir?

Universitet Daxili İki Diplom (UDİD) proqramı təhsil aldığı müddətdə bakalavrlara unikal imkan yaradan üstünlükdür. Tələbə dörd il ərzində iki ayrı ixtisas üzrə diploma sahib olmaqla, gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı verəcək.

UDİD-in məqsədi

Proqramın məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələbləri icra etmək, qəbul olunduğu ixtisaslarda müvəffəqiyyətlə təhsil alan tələbələrin ikinci ixtisas üzrə də əlavə təhsil almaqla, rəqabətədavamlı mütəxəssis kimi hazırlanmasıdır.

UDİD proqramının açılması

Hər hansı iki ixtisas üzrə UDİD proqramının açılması üçün həmin ixtisasların təhsil proqramlarında nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olmalıdır. UDİD proqramının tətbiq olunduğu ixtisasların siyahısı UNEC-in Elmi Şurasının qərarı ilə təsdiq edilir.

UDİD proqramına qəbul

UDİD proqramı açılan fakultələrdə ixtisaslar üzrə qəbul planı, proqramın işçi tədris planı və qeydiyyat tarixləri hər tədris ilinin başlanğıcına bir ay qalmış tələbələrə elan edilir. Proqrama qəbul planı hər bir ixtisas üzrə universitetə həmin ildə bu ixtisasa tələbə qəbulunun 20%-dən çox ola bilməz. Tələbə UDİD proqramına qəbul üçün əsas ixtisas proqramının ən tez üçüncü, ən gec isə beşinci semestrinin əvvəlində müraciət edə bilər.

UDİD proqramında kimlər iştirak edə bilər?

UDİD proqramında təhsil müddətində birinci ixtisas üzrə nəzərdə tutulan fənlər üzrə kreditləri qazanan və ayrı-ayrı fənlərdən müvəffəqiyyət göstəricisi 81-100 bal arasında olan I kursu bitirmiş tələbələr iştirak edə bilər. Onlar semestrin başlanğıcına üç həftə qalanadək rektorun adına yazılı formada ərizə ilə müraciət edə bilərlər. Semestrin başlanğıcına iki həftə qalanadək isə müraciətlər qəbul komissiyası tərəfindən qəbul prosesinin təşkili qaydalarına uyğun dəyərləndirilir və proqrama qəbul edilən tələbələrin siyahısı elan edilir.

UDİD proqramı necə tətbiq edilir?

UDİD proqramına qəbul edilən tələbələr üçün əlaqədar ixtisasların təhsil standartları, tədris planları, ixtisas üzrə məzunlarının əldə etməli olduğu bilik, bacarıq və vərdişlər, tədrisi nəzərdə tutulan fənlərin sillabusları dəyərləndirərək, xüsusi tədris qrafikləri hazırlanır. Bu qrafiklər əsasında hər bir tələbə üçün akademik məsləhətçilərin köməyi ilə semestr başlamazdan əvvəl fərdi tədris planları tərtib olunur ki, burada tələbənin həm birinci, həm də ikinci ixtisasda dinləməsi tələb olunan bütün fənlər qeyd olunur.

UDİD proqramı ödənişlidir?

UDİD proqraminda iştirak ödənişlidir. Tələbələrin ikinci ixtisas üzrə dinlədiyi fənlər üzrə təhsil haqqının məbləği fənlərin kredit sayına uyğun olaraq həmin ixtisas üzrə bir kredit üçün müəyyənləşdirilir.

İkinci ixtisas fənnlərinin kreditlərini başqa universitetdə toplamaq olar?

UDİD proqramında iştirak edən tələbələr ikinci ixtisas fənnlərinin kreditlərini yalnız UNEC-də toplamalıdır. Tələbə UDİD Proqramı üzrə müvəffəqiyyətsiz olduğu fənni bu fənnin açılacağı ilk semestrdə təkrarlayır. Tələbə müvəffəqiyyətsiz olduğu seçmə fənnin yerinə akademik məsləhətçinin köməyi ilə yeni fənn seçə bilər. UDİD proqramı tələbəsi yay semestrində də iştirak edə bilər.

UDİD proqramında iştirak edən tələbə mübadilə proqramında iştirak edə bilər?

UDİD proqramında iştirak edən tələbələr göstəriciləri uyğun gəldiyi halda UNEC tələbələri üçün təklif olunan bütün mübadilə proqramlarına qatıla bilərlər. Əsas ixtisas proqramı üzrə akademik məzuniyyət verilən tələbə isə UDİD proqramı üzrə də akademik məzuniyyətdə hesab edilir.

UDİD proqramında təqaüd

UDİD proqramı üzrə təhsil alan tələbə ikinci ixtisas üzrə təqaüd müsabiqəsində iştirak edə bilməz.

UDİD proqramında istehsalat təcrübəsi

UDİD proqramıninda iki ixtisas üzrə təcrübələr ekvivalent qəbul olunduğu hallarda hər iki ixtisas üzrə birgə təcrübə təşkil edilir.

UDİD proqramından məzun olmaq

Tələbənin I ixtisas proqramı ilə II ixtisas proqramı ayrılıqda dəyərləndirilir. UDİD proqramı üzrə nəticələr tələbənin I ixtisasdan məzun olmasına təsir etmir. I ixtisasdan məzun olan tələbəyə I ixtisas üzrə bakalavr diplomu verilir. Əsas ixtisas proqramı üzrə məzun olan və UDİD proqramını üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 və daha çox bal ilə tamamlayan tələbəyə UDİD proqramı üzrə bakalavr diplomu verilir. Əsas ixtisas proqramı üzrə məzun ola bilməyən tələbə UDİD proqramı üzrə məzun ola bilməz. Əsas ixtisas proqramından məzun olan, lakin UDİD proqramını başa vura bilməyən tələbələrə, proqramı bitirmək üçün iki semestrədək əlavə müddət verilir.

UDİD Proqramınin iştirakçısının həm I, həm də II ixtisas üzrə Yekun Dövlət Attestasiyasından keçməsi məcburidir. UDİD Proqramı üzrə nəzərdə tutulan fənnlərin kreditlərini müvəffəqiyyətlə toplayan tələbələr II ixtisasın yekun dövlət attestasiyasına yalnız I ixtisasın yekun dövlət attestasiyasını müvəffəqiyyətlə keçdikdən sonra buraxılır. UDİD proqramının məzunlarına I və II ixtisas proqramları üçün ayrı-ayrılıqda akademik transkript verilir.

UDİD proqramından çıxmaq olar?

Tələbə, öz istəyi ilə UDİD proqramından çıxa bilər. Təhsil müddətində tələbənin əsas ixtisas proqramı üzrə ümumi orta müvəffəqiyyət göstəricisinin yalnız bir dəfə 65 bala qədər azalmasına icazə verilir. Əsas ixtisas proqramı üzrə ümumi orta müvəffəqiyyət göstəricisi ikinci dəfə 65 baldan aşağı düşən tələbə UDİD proqramından çıxarılır. Ardıcıl iki semestr üzürsüz səbəbdən UDİD proqramı üzrə qeydiyyatdan keçməyən tələbə proqramdan çıxarılır. Əsas ixtisas proqramından məzun olduqdan sonra əlavə verilən iki semestrlik müddətin sonunda UDİD proqramını tamamlaya bilməyən tələbə proqramdan çıxarılır. UDİD proqramından çıxarılan tələbə bu proqrama təkrar qəbul edilə bilməz.

10012 3