UNEC tələbəsinin startapı ölkə üzrə qalib olub

30 İYUL 2020 | VIEWS:
489

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Birləşmiş Krallığın dəstəyilə “British Council” tərəfindən keçirilən “Creative Spark” müsabiqəsində ölkə çempionu olub.

Onlayn keçirilən yarışda UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin “Biznesin idarəolunması” ixtisası üzrə 3-cü kurs tələbəsi Məhəmməd Kekalovun “Kekalove adaptive fashion” biznes ideyası həm ölkə (Country champion), həm də “Sosial təsir” kateqoriyası üzrə qalib olub.

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Gürcüstan, Ermənistan və Ukraynanın təmisl olunduğu biznes yarışının məqsədi Birləşmiş Krallıq da daxil olmaqla, 7 ölkədə sahibkarlıq təhsilini dəstəkləyəcək tərəfdaşlıqların qurulması, biznes mərkəzlərinin yaradılması, o cümlədən gənclər üçün ingilis dili və sahibkarlıq mövzusuna aid təlimlərin keçirilməsidir.

Layihənin tərkib hissəsi olan “Big idea” video yarışında iştirak edən 7 ölkənin ali təhsil müəssisələri tərəfindən 3 kateqoriya üzrə “Rəqəmsal texnologiya” (Digital technology), “Sosial təsir (Social impact) və “Yaradıcı” (Creative) videolar təqdim olunub.

UNEC tələbəsinin “Kekalove adaptive fashion” biznes startapı müsabiqədə “Sosial təsir” kateqoriyasında iştirak edib. Biznes startap əngəlli şəxslərin fiziki məhdudiyyətlərini nəzərə alan xüsusi geyimlər dizayn və istehsal edir. Layihəyə əsasən, əngəlli şəxslərin geyim seçimləri ilə bağlı öncədən sorğu təşkil olunur. Sonra isə onların əngəllərinə uyğunlaşdırılmış adaptiv geyimlər hazırlayır. Dünyada 1 milyarddan çox əngəlli şəxs var ki, onların 190 milyona yaxını gündəlik həyatda geyimlə bağlı ciddi çətinliklərlə üzləşir. UNEC tələbəsinin startapı da məhz bu problemin həllinə yönəlib.

Yarışın növbəti mərhələsində M.Kekalov Azərbaycanı beynəlxalq arenada təmsil edəcək.

Məhəmməd Kekalov biznes ideyasının inkişaf etdirilməsində ISE Start-up Klubunun keçirdiyi təlimlərin çox böyük rol oynadığını və ideyanın reallaşdırılmasında müəllimlərinin ona dəstək göstərdiyini bildirib.

http://news.unec.edu.az/xeber/105-telebe/6700-unec-telebesinin-startapi-olke-uzre-galib-olub

490 1