Yalçın Topçu: Türkiyə ali təhsil müəssisələri ilə UNEC-in birgə əməkdaşlığı yeni inkişaf trendi yaradacaq

22 NOYABR 2016 | VIEWS:
2024

Noyabrın 22-də Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. Bakıya səfəri çərçivəsində türkdilli təhsil müəssisələrini ziyarət edən Y.Topçu UNEC-in Türk Dünyası İşlətmə Fakültəsində (TUDİFAK) təhsil alan tələbələrlə görüşüb. Türkiyədə fəaliyyət göstərən “Yerli Düşüncə” dərnəyinin Azərbaycan təmsilçisi Cavid Mövsümlü də görüş zamanı Y.Torçunu müşayiət edib.

Görüşdən öncə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Fakültə dekanı Ferrux Tuzcuoğlu bildirib ki, Yalçın Topçu Türkiyədə ən çox tanınan siyasi simalardan biridir. Azərbaycanın hər zaman Yalçın bəyin siyasi fəaliyyətində prioritet yer tutmasını diqqətə çatdıran dekan, onun 2016-cı ilin fevral ayında keçirilən Xocalı soyqırımı konfransında Türkiyə millət vəkillərini soyqırımın tanınmasına çağırışını, aprel döyüşləri sonrası cəbhə xəttini ziyarət etməsini xüsusi vurğulayıb.

Sonra Cavid Mövsümlü “Yerli Düşüncə” dərnəyinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, dərnəkdə çoxlu sayda Türkiyədə təhsil alan azərbaycanlı tələbələr var. Dərnək onların bütün tədbirlərinin təşkilində, eləcə də problemlərinin həllinə yaxından dəstək olur.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Türkiyə-Azərbaycan münasibətlərindən danışıb. Qeyd edib ki, bütün türk dünyası bir ailədir, amma Türkiyə və Azərbaycan əkiz qardaşdır. Y.Topçu Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına BMT və digər beynəxalq təşkilatların münasibətini də diqqətə çatdırıb: “Xocalı soyqırımına, 1 milyondan çox qaçqın və məcburi köçkünə baxmayaraq, onlar susurlar. Çünki bilirlər ki, Azərbaycan torpaqları işğaldan azad olsa, ölkənin inkişafının qarşısında dayanmaq olmayacaq. Buna görə də Azərbaycanı Dağlıq Qarabağ məsələsi ilə məşğul edirlər”. Y.Topçu Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanla bərabər, bütün türk-islam dünyasına faydası olacağını da qeyd edib.

UNEC-də təhsilin həm də türk dilində aparılmasını yüksək qiymətləndirən Y.Topçu bildirib ki, Türkiyə ali təhsil müəssisələri ilə UNEC-in  birlikdə əməkdaşlığı yeni inkişaf trendi yaradacaq. O, bu istiqamətdə Türkiyə dövləti tərəfindən hər zaman diqqət və qayğının göstəriləcəyini də vurğulayıb.

Sonda Yalçın Topçu tələbələri maraqlandıran sualları cavablandırıb.

2025 3