Rəqəmsal UNEC-də yeni modulların istifadəyə verilməsi və İnformasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi və onun fasiləsiz işinin təmin edilməsi zərurəti UNEC Rəqəmsal Texnologiyalar Departamentinin iş yükünü əhəmiyyətli dərəcədə artırmışdır. İş proseslərinin optimallaşdırılması, səmərəliliyinin artırılması və yeni təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi və bunun üçün cari məsələlərlə bağlı operativ qərar verilməsi həmin sahələrin müstəqil struktur bölmələr kimi fəaliyyət göstərməsini zəruri edir. Bu dəyişikliyin daha səmərəli fəaliyyət imkanı yaradacağı, texniki və digər riskləri azaldacağı, idarəetmənin səmərəliliyini artıracağı gözlənilir. Qeyd olunanları nəzərə alaraq UNEC Rəqəmsal texnologiyalar departamentinin UNEC Extern mərkəzi 15.09.2025-ci il tarixdən mövcud ştatları ilə həmin departamentin tərkibindən çıxarılaraq fəaliyyəti müstəqil struktur bölmə kimi müəyyən edilmişdir. UNEC Extern mərkəzinin adı 15.09.2025-ci il tarixindən dəyişdirilərək “Rəqəmsal təhsil mərkəzi (“UNEC Extern”)” adlandırılıb.

UNEC Extern tədris mərkəzi UNEC rektorunun 12 noyabr 2019-cu il tarixli 994/3/2019 nömrəli əmri ilə yaradılmışdır. Dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan mərkəzdə 6 tədris studiyası (auditoriya), 12 inzibati və 1 müzakirə otağı var. Tərtibatı və təchizatı ən müasir tələblərə cavab verən bu studiyaların hər birindən eyni anda 1000 tələbəyə yüksək ixtisaslı müəllimlər tərəfindən təhsil vermək imkanı mövcuddur. Hazırkı infrastruktur bu göstəricini artırmağa, 3 və ya 4 növbəli təhsil vermək imkanlarına malikdir.

Mərkəzin dizaynı distant təhsil fəlsəfəsinə uyğun qurulub. Onlayn tədrisin aparılacağı studiyalarda elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kamera və səs avadanlıqları quraşdırılıb. İstifadə olunan proqram təminatında da tələbə və müəllimlərin rahatlığı tam nəzərə alınıb. Tələbələrin qeydiyyatının, davamiyyətinin, qiymətlən­dirilməsinin və attestasiyasının elektron universitet modeli olan “EDUMAN” proqramı tərəfindən aparılır. Distant təhsilə həm ölkə ərazisindən, həm də xaricdən tələbələr qoşula bilərlər. Studiyalardakı bütün tədris prosesi xüsusi kameralar vasitəsilə çəkilir ki, bu da sonradan tələbələrə istədikləri dərsə yenidən baxmağa imkan verir. Tələbələr istənilən vaxt hər hansı bir dərsi yenidən dinləmək və ya izləmək imkanı qazanırlar. UNEC-in “Elektron universitet” sistemi və “UNEC Exten Tədris mərkəzində yaradılmış müasir standartlara uyğun infrastruktur, distant təhsilin tam əyanidəki kimi aparılmasına imkan verir.

UNEC Extern həm də bir sıra kənar təşkilatların müraciətləri əsasında orada çalışan əməkdaşlar üçün onlayn təlimlər, sertifikat proqramları həyata keçirir.

2020-ci ilin mart ayında elan olunan karantin rejimi dövründə ölkədə ilk dəfə olaraq, UNEC-də distant dərslərin tədrisinə başlanılmış və tədrisin fasiləsizliyi təmin olunmuşdur. UNEC-də dərslər nəzərdə tutulan akademik təqvim üzrə UNEC Extern Mərkəzinin texniki bazası əsasında, ölkədə ilk dəfə olaraq distant formada tələbələrin biliyinin qiymətləndirilməsi məqsədilə distant imtahanlar keçirilmişdir.

2021-ci ilin senytabrında Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin Elektron universitet şöbəsinin adı dəyişdirilərək Təhsil və təlim texnologiyaları şöbəsi adlandırılıb. 12.10.2021-ci il tarixdən Təhsil və təlim texnologiyaları şöbəsi Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin tərkibindən çıxarılaraq UNEC Extern tədris mərkəinin strukturuna daxil edilib.